Akkordeon ifaçısı Elşən Dadaşov uzun müddətdən sonra Azərbaycana qayıdıb. Bu barədə Lent.az-a musiqiçinin özü məlumat verib. "Necə unudum səni" klipi ilə daha da məşhurlaşan E.Dadaşov bildirib ki, yenidən doğma vətənində fəaliyyətinə start verib: “2012-ci ildən bəri Ukraynada Kiyev şəhərində çalışıram. Oranın dövlət konsertlərində çıxış edirdim. Bugünkü zövqlərə, musiqilərə görə sənətdən uzaqlaşmışdım. İndi başqa musiqilərə üstünlük verilir. Əvvəl deyirdilər ki, televiziyalar insanların zövqünü düzəldir. Amma indi görürəm ki, hər şey tam başqa cürdür. İndi zövqü ancaq dinləyici diktə edir. Bunu qəbul edə bilmədiyimə görə Azərbaycandan getmişdim. Kiyevdə öz musiqilərimi yazırdım, yenə də orada olan işlərim davam edir. Yenidən Azərbaycana qayıtdım, yeni musiqilər yazıram. Müğənni Təranə Vəlizadə üçün mahnı yazmışam. Artıq həmin mahnını studiyada oxuyub. İnşallah, 2018-ci ildə konsertlərimiz gözlənilir”.
E.Dadaşov onu da əlavə edib ki, bir çox telekanallardan ona dəvət gəlsə də, imtina edib: “Efirlərə dəvət olunuram. Amma efirdə məndən toy mahnıları istəyirlər. Mən də xahiş etdim ki, məni efirə çağımayın. Mən efir musiqisini toyda ifa edə bilərəm, amma toy musiqisini efirdə ifa etmərəm. Əgər ifa etsəm, mənim digərlərindən fərqim olmaz”.