Rusiya SU-34 təyyarəsi Türkiyə hava məkanını pozub
30 yanvar 2016 20:13 (UTC +04:00)

Rusiya SU-34 təyyarəsi Türkiyə hava məkanını pozub

Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi  Türkiyə hava məkanını pozub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.  

 

“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz halların məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın iki ölkə arasındakı böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir”, - deyə XİN-nin bəyanatında bildirilir.  

 

Məlumatda qeyd olunur ki, insident dünən saat 11.46 radələrində qeydə alınıb. Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə  rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.  

 

Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulub. Ankara Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edir. Rusiya tərəfi isə Türkiyənin hava məkanını pozulması faktını inkar edir və insidenti təcavüz aktı kimi qiymətləndirib.

 

İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub.  

# 287
avatar

Oxşar yazılar