Azərbaycandan İslam dünyasının müqəddəs sayılan yerlərinə (ziyarətgahlara) turlar təşkil edilir. Nəzərə alınmalıdır ki, müqəddəs ziyarətgahların yerləşdiyi ölkələrdə (Suriya, İraq) hazırda terror aktları törədilir. Hətta bir neçə ilə öncə İraqa ziyarətə gedən azərbaycanlı zəvvarların olduğu avtobus partladılmış, nəticədə zəvvarlardan biri vəfat etmişdi. Bəs hazırda vəziyyət necədir? Zəvvarlarımızın təhlükəsizliyi necə qorunur?
Lent.az turizm şirkətlərinin məsələ ilə bağlı mövqeyini öyrənib. “Sultaniyyə Turizm” şirkətindən bildirilib ki, adıçəkilən şirkət turların təşkilini dayandırıb: “Şirkətdaxili məsələlərə görə müqəddəs yerlərə turların təşkilini dayandırmışıq. Bunun zəvvarlarımızın təhlükəsizliyi ilə bağlılığı yoxdur”.
Qeyd edək ki, şirkətin saytında qeyd olunur ki, Azərbaycandan Məşhəd şəhərinə avtobusla (SKANİA-VİP), Məşhəd şəhərindən İraqa təyyarə ilə səfər təşkil olunur. 1-ci variantla avtobusla gediş zamanı 2 gecə Məşhəd,1 gecə Qum, 1 gecə Zəncan, 4 gecə Kərbəla, 2 gecə Nəcəf şəhərlərində yüksək səviyyəli otellərdə qalınır. İraqda yerləşən bütün ziyarətgahlara (Kazimeyn, Samirra və digər ziyarətgahlar) ziyarətlər təşkil olunur. Həmçinin İraq və İran ərazisində hoteldə hər gün qrup tərəfindən 3 dəfə yemək verilir.
“Hicab turizm” şirkətinin nümayəndəsi Seyid Nurəddin Lent.az-a bildirib ki, zəvvarların Suriyaya səfərləri dayandırılıb: “İraqda döyüş aparılan ərazilər ziyarətgahlardan (Kərbala) 400 km aralıdır. İraqa turizm səfəri ilə əlaqədar həmin ölkənin xarici və daxili işlər nazirliklərinə, eləcə də, Miqrasiya İdarəsinə faksla siyahı göndərilir. Həmin siyahı yoxlandıqdan sonra adlarıçəkilən qurumlar zəvvarlarımızın səfərinə razılıq verir. Bu presedurlardan sonra İraqın Bakıdakı səfirliyi tərəfindən viza verilir”.
Şirkət nümayəndəsi onu da vurğulayıb ki, İraqın təhlükəsizlik qurumları tərəfindən azərbaycanlı zəvvarların təhlükəsizliyi təmin olunur: “Bizim turlar zamanı hər hansı bir silahlı basqın, terror aktı ilə qarşılaşmamışıq. Ziyarətgahlara səfərlər yenə də təşkil ediləcək”.
Seyid Nürəddinin sözlərinə görə, müqəddəs ziyarətgahlara turların təşkili üçün Qafqaz Müsəlmanları İdarəsi və Milli Təhlükəsizlik Nazirliyindən icazə alınır.
Hər iki şirkət nümayəndəsi bildirib ki, İrana (Məşhəd ziyarəti) səfərlərlə bağlı təhlükəsizlik problemi yoxdur.