1128
writer1

Mais Əlizadə

Məqalə sayı

30
21:55 14 Dekabr 2012

Türkiyənin “Ergenekon” mərhələsi

“Ergenekon” adı verilən istintaq prosesi 12 iyun 2007-ci ildə İstanbulun Ümraniyyə səmtində yerləşən bir gecəqondu məhəlləsində polisin 27 əl bombası ələ keçirməsindən sonra istefada olan 3 kiçik rütbəli zabitin həbsiylə başladı.(Bunu xatırlatmaqda fayda olacaq ki,daha əvvəl polisə ifadə verən Tuncay Güney adlı şəxs “Ergenekon” adlı təşkilatın varlığından bəhs etmiş,ancaq Milli Kəşfiyyat Təşkilatı belə bir təşkilatın çatısı barədə onlarda heç bir məlumat olmadığını məhkəməyə bildirmişdi. Jurnalistika sahəsində də çalışmış Tuncay Güney hazırda Kanadanın Toronto şəhərindəki bir sinaqoqda vaiz işləyir, şübhəli şəxslərin çoxsaylı təkidlərinə baxmayaraq, məhkəmə Tuncay Güneyin ifadə vermək üçün  ölkəyə gətirilməsi barədə qərar qəbul etmədi).

Həbslərin ilk dalğası başlayan kimi o vaxtın xarici işlər naziri və prezidentliyə namizəd Abdullah Gül “Proses davam edəcək, işin altından nələrin çıxacağını görəcəksiniz”- açıqlamasını verdi.İstintaqın gedişində şübhəli şəxslər bombaların gerçək olmadığını və bəzək üçün ofisə qoyulduğunu bildirərək analiz tələb etsələr də, bombalara əl qoyan polislərin heç bir laboratoriya analizi aparmadan və  dəlil siyahısına daxil etmədən onları yox etdiyi məlum oldu. 2 2 iyul 2007-də keçirilən parlament seçkisində AKP 47% səs alaraq öz iqtidarını gücləndirdi, 27 iyulda Tayyip Erdoğan və Abdullah Güllə bağlı kitab yazan Ergün Poyraz həbs edildi. 28 avqustda prezident seçilən Abdullah Gül, 60-cı hökumətin tərkibini təsdiq etdi. AKP 21 oktyabrda referendum keçirərək Abdullah Gülün 7 illik  prezdentlik müddətinin başa çatmasından sonra yeni prezidentin xalq tərəfindən 5 illik müddətə 2 dəfə seçiləcəyinə dair maddəni xalqa təsdiq etdirdi. 2007-ci ilin noyabrı Türkiyə-ABŞ münasibətlərində son dərəcə böhranlı başladı; yaxşı xatırlayıram ki, noyabrın 1-də prezident Gül Çankaya iqamətgahında Bakıdan gələn jurnalistləri qəbul etdi; APA-nın Türkiyədəki təmsilçisi kimi o görüşdə hörmətli Gülə bu sualı vermişdim:”Türkiyə terror təşkilatının Şimali İraqdakı yuvalarını dağıtmaq üçün ABŞ-dan kömək istəyir, ancaq iddialara görə, ABŞ bu istiqamətdə heç bir dəstək vermir. Baş nazir Erdoğan 5 noyabrda Ağ evdə prezident Buşla görüşəcək.Əgər Washington terrorla mübarzədə Türkiyəyə lazımi dəstəyi verməzsə, nə edəcəksiniz? ABŞ ilə strateji münasibətlərə son verəcəksinizmi, NATO-dan  çıxmağı  da düşünərsinizmi?” Nə mənim sualım, nə də prezident Gülün “ABŞ İraqı işğal edib,o ölkədəki bütün proseslərin məsuliyyətini daşıyır,Bağdadda bir cür, Bəsrədə və ya Ərbildə başqa cür hərəkət etməyə haqqı yoxdur.Şimali İraqdakı terroristlər ordan ölkəmizə sızıb aksiyalar keçirirlər, bunun qarşısının alınması üçün ABŞ əlindən gələn hər şeyi etməlidir, həm bizimlə əməkdaşlığı gücləndirməli, həm də özü İraqın hər yerinə lazımi şəkildə nəzarət etməldir”- cavabı Bakıdan gəlmiş həmkarlarımı qətiyyən maraqlandırmasa da,Türkiyə prezidentinin cavabının qaneedici olmadığını görüşdən sonra mətbuat katibinə demişdim.Erdoğanın 5 noyabrda Ağ evdə Buşla görüşündən sonra  Türkiyə Baş qərargahı “ABŞ-ın anlıq kəşfiyyat məlumatlarını ən sürətli şəkildə Ankaraya verməyi qəbul etdiyini”- açıqlamış, ancaq iki ölkə arasında gerçəkdən gərgin həddə çatmış münasibətlərin bir anda hərarətlənməsi şübhələrimi daha da artırmışdı.Xüsusilə, baş nazir Erdoğan və onu qeydsiz-şərtsiz dəstəkləyən media Ağ evdəki görüşdən əldə edilən nəticələrin önəmli olduğunu deyirdi. Üstündən bir neçə il keçəndən sonra ilk növbədə prezident Gülün, ikinci növbədə isə baş nazir Erdoğanın xas adamlarından olan jurnalist-yazar Fehmi Koru “Ergenekon” prosesinin genişləndirilməsinin razılığının Ağ evdəki o görüşdə Buş tərəfindən verildiyini etiraf edəndə istintaqın söykəndiyi dərinliklərə də işıq tutmuş olacaqdı. 2007-nin dekabrında AKP universitetlərdə hicabın sərbəst olmasıyla bağlı qanunu (MHP-nin də  dəstəyiylə) Məclisdən keçirdi, ancaq Konstitusiya məhkəməsi qanunu ləğv edincə ölkənin gündəmi bir anda “Ergenekon” adı verilən prosesin ikinci dalğasına indeksləndi: istefada olan general-mayor  Vəli Kiçik, Türk ortodoks kilsəsinin idarəçisi Sevgi Erenerol, Orhan Pamuk və Hrand Dinkin əleyhinə məhkəmə iddiaları qaldırılmasına nail olan vəkil Kemal Kerinçsiz və başqaları həbs edildilər.Xüsusi səlahiyyətli məhkəmələrin bu adamları qısa müddətdə sərbəst buraxacağına dair söhbətlərin hamısı fos çıxdı: 18 mart səhər saat 4.30-da qeyri-məhdud  səlahiyyətli  prokuror Zekeriya Öz “Cumhuriyet” qəzetinin 83 yaşlı baş yazarı İlhan Selçukun evində axtarış aparmaq qərarı verdi,bir neçə gün polis nəzarətində qalan Selçuk sərbəst buraxılsa da, “Terror təşkilatı qurmaq və idarə etmək” iddiasıyla  onun əleyhinə cinayət işi qaldırıldı: qanunda o cinayətin cəzası “ 2 dəfə ömürlük həbs və 500 il  həbs  cəzası” idi. Eyni günlərdə keçirilən gecə yarısı əməliyyatlarında İşçi partiyasının lideri Doğu Perinçek, partiyanın bir neçə idarəçisi, partiyaya yaxınlığıyla bilinən TV kanalı və jurnalın əməkdaşları həbs edildilər. Zekeriya Öz və xüsusi səlahiyyətli məhkəmələr ölkədə ən böyük gurultunu 1 iyul 2008-də qopardılar: 5 gün davam edən əməliyyatlarda təqaüddə olan iki ordu generalı-Şener Eryuğur və Hurşit Tolon- “Cuhmuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay,bir neçə tanınmış alim, siyasətçi, jurnalist,iş adamı  həbs edildilər.Türkiyə Cümhuriyyəti tarixində ordunun ən yüksək rütbəli generallarının bu şəkildə həbsə göndərilməsi görülməmişdi. 2500 səhifəlik prokurorluq ittihamnaməsi məhkəməyə göndərildi və 25 iyul 2008-də xüsusi səlahiyyətli məhkəmə “Birinci Ergenekon” ittihamnaməsi”ni qəbul etdi. Baş nazir Erdoğanın “prokurorluq və məhkəmələri yönləndirməsindən”  şikayətlənən ana müxalifət lideri Deniz Baykal Erdoğanı “Ergenekon prosesinin prokuroru” adlandirdi, Erdoğan “Bəli, mən bu prosesin prokuroruyam”- sözlərini tələffüz etməkdən çəkinməyərək,  Baykalı “Ergenekon prosesinin vəkili” olmaqda günahlandırdı.”Birinci Ergenekon ittihamnaməsi” Türkiyənin hüquq tarixinə öz qəribəlikləriylə keçdi; belə ki, nəinki proseslə, hətta hüquqla heç bir əlaqəsi olmayan şeylərin ittihamnaməyə doldurulması hüquqdan anlamayan insanların da sərt reaksiyasına səbəb oldu; məsələn, 2500 səhifəlik ittihamnəmin bir yerində idmanın faydaları barədə qəzetdən kəsilmiş 5 səhifəlik yazı vardı; sonradan məlum oldu ki, İzmirdəki Ege universitetinin 3-cü kurs tələbəsinin yazdığı 150 səhifəlik kurs işi də olduğu kimi ittihamnaməyə daxil edilib.O ilin sentyabrında  növbəti həbs dalğası  jurnalist və siyasəçiləri ağuşuna alaraq Beşiktaş-Silivri marşrutunda işləyən jandarma maşınına atdı (3.5 il  proqram yapdığımız Kanaltürk TV-nin sahibi Tuncay Özkan da o dalğadan nəsibini aldı).20 oktyabr 2008-də başlayan “Birinci Ergenekon məhkəməsi”ndən sonra o proses bitənə qədər həbslərin  yeni dalğasının gəlməyəcəyinə dair iddialar yayılsa da, prokurorluq hamını yanıltdı və 7 yanvar 2009-da “Ergenekon” prosesinin yeni axtarış və həbslər dalğasının startı verildi.

 Apreldəki növbəti dalğada Türkiyənin dünyada ən çox tanınan tibb adamlarından biri olan Ankaradakı Başkent universitetinin rektoru, professor Mehmet Haberal və daha əvvəl sərbəst buraxılmış “Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay həbs edildilər: Onlar “Terror təşkilatı qurmaq və idarə etmək, terror təşkilatına üzv olmaq, ölkədə xaos yaratmağa cəhd göstərmək”də ittiham olunaraq göz altına alındılar və növbəti gecə Silivriyə göndərildilər.

2009-un payızındakı  həbs dalğaları Türkiyədə dözülməz bir qorxu atmosferi yaratdı və “Ergenekon” adı verilən prosesin ittihamnamələri dalbadal düzülməklə  birlikdə səhifə sayları da şişdikcə şişdi. 2010-a girilər-girilməz əməliyyatların hədəfi keçmişdəki kimi adda-budda şəkildə yox, birbaşa ordu mənsubları oldu: Ordunun əleyhdarı kimi tanınan “Taraf” qəzeti İstanbuldakı Birinci orduda hazırlandığı iddia edilən “Balyoz” şifrəli “dövlət çevrilişi” planını manşetindən verdi və bununla da “Ergenekon” proseslərinin arxa plana keçəcəyinə və həbslərin səngiyəcəyinə dair fərziyyələr ortaya çıxdı. Düzdür, “Balyoz” prosesinin ölkə gündəminə bomba kimi düşməsindən sonra “Ergenekon” proseslərinə marağın həbsdəkilərin ən yaxınları səviyyəsinə endiyini  demək mümkündür, ancaq “Ergenekon” məhkəmələrinə paralel olaraq yeni əməliyyatlara paraqraflar açılmasının ardı-arası heç vaxt kəsilmədi və növbə içəridəkilərin övladlarına gəldi: Mehmet Perinçek (23 iyul 2005-də İsveçrənin Lozan şəhərində “Erməni soyqırımı beynəlxalq yalandır”-sözünə görə İsveçrə məhkəməsinin cəzalandırdığı Doğu Perinçekin oğlu) 2011-in iyununda Moskvadan 3 çamadan arxiv sənədiylə dönər-dönməz “Ergenekon terror təşkilatı”na üzv olmaq” iddiasıyla həbs edildi.12 iyun 2011-də keçirilən parlament seçkisində millət vəkili seçilən professor Mehmet Haberal və jurnalist Mustafa Balbay prezident Gül, Məclis sədri Çiçək, baş nazirin müavini Arınçın  dəfələrlə “Seçilmiş millət vəkillərinin yeri Məclisdir”-demələrinə baxmayaraq, məhkəmə seçilmiş millət vəkillərini sərbəst buraxmamaqda təkidə davam edir.

”Ergenekon” prosesi öz zirvə nöqtəsinə 2012-ci il yanvarın 6-da çatdı: Türkiyə Cümhuriyyətinin təqaüddə olan 26-cı Baş qərargah rəisi İlker Başbuğ “Terror təşkilatı qurmaq və idarə etmək” iddiasıyla həbs edilərək Silivri həbsxanasına göndərildi. Məhkəmənin 2010-da  qəbul etdiyi qərarla 17 may 2006-cı ildə dövlət idarələrindəki işlərə  baxan məhkəmə binasına girərək 1 hakimi öldürüb bir neçə hakimi yaralayan və ömür boyu həbsə məhkum edilən Alparslan Arslanın işinə yenidən baxıldı və onun  məhkəməsi  də “Ergenekon prosesi”nə birləşdirildi. Nəticədə hakimi  öldürməyə görə ömür boyu həbs cəzası almış bir məhkumla keçmiş Baş qərargah rəisi eyni prosesin şübhəli şəxsləri olaraq müttəhimlər kürsüsündə oturdular. 21 fərqli ittihamnamənin vahid “Ergenekon” çatısı altında  birləşdirlməsi nəticəsində ortaya çıxmış mənzərə bundan ibarət idi: 17 min səhifəlik itthamnamə,120 milyon səhifə əlavə sənəd, 66-sı həbsdə olan 287 şübhəli şəxs, 31 gizli şahid...Onlardan ən məşhuru isə bir vaxtlar PKK terror təşkilatının ikinci adamı olmuş və 1999-da məhkəmə tərəfindən edama məhkum edilmiş, 2002-də edam ləğv ediləndən sonra cəzası “ömür boyu həbsə” çevrilmiş  Şemdin Sakıkdır.”Ergenekon” adı verilən məhkəmə prosesində dünya hüquq tarixinin müntəxəbatına daxil ola biləcək bir çox hadisə yaşandı ki, onlardan ən maraqlısı- daha əvvəl başqa suçlara  görə aldığı ağır cəzaları çəkən bir məhkumun “Ergenekon” prosesində həm gizli şahid, həm də şübhəli şəxs olmasıydı.Türk hüquq tarixi “gizli şahid”  fenomeniylə bu məhkəmədə tanış oldu.

 Prosesdə yaşanan ən ibrətamiz hadisələrdən biri də haqsızlığa etiraz edən vəkillərin iclaslardan çıxarılması və 15-20 iclasa buraxılmaması idi.İşçi Partiyasının sədri Doğu Perinçek isə “məhkəmədə özünü yaxşı aparmadığına görə”  24 il  cəza alıb; yəni, Perinçek,özü  haqqındakı o biri suçlamalardan bəraət alsa da, “məhkəmədə özünü yaxşı aparmadığına görə” 24 il həbsdə qalacaq.Silivri prokurorluğu məhkəmənin gedişatını tənqid etdiyinə və həbsxananı “əsir düşərgəsi” adlandırdığına görə, CHP lideri Kemal Kılıçdaroğlu barədə cinayət işi qaldırılması üçün hazırladığı sanksiyanı ədliyyə nazirliyinə göndərib, əgər Ədliyyə Nazirliyi sanksiyanı Məclisə göndərsə və Məclis Kılıçdaroğlunun toxunulmazlığının qaldırılması barədə qərar qəbul etsə,prokurorluq onun barəsində də cinayət işi qaldıracaq...

50 aylıq  prosesdə şübhəli şəxslərin önəmli qisminin həbsdən azad edilməsi üçün səs verən məhkəmə sədrləri və ya hakimlər ya vəzifədən çıxarılaraq aşağı vəzifələrə təyin edildilər, ya da təqaüdə çıxmaq məcburiyyətində qaldılar.

Məhkəmə prokurorun tələbiylə 27 noyabrda öz çıxışını hazırlamaq üçün dövlət ittihamçısına 15 gün müddət vermişdi. 50 aylıq prosesdə  məhkəmə hökmlərində ən önəmli rolu oynayan dəlillərin dəyərləndirilməsi mərhələsinə  gərək görülmədən prokurora öz çıxışını hazırlaması üçün 15 günlük müddət verilməsi Türkiyədə hüquqa qarşı üsyana səbəb oldu: bu üsyana  həm də hər bir şübhəli şəxsi müdafiə üçün vəkillərə 15 dəqiqə vaxt verilməsi də önəmli təsirini  göstərdi.. 13 dekabrda başda CHP olmaqla bəzi siyasi partiyalar, bir çox QHT və ölkənin tanınmış sənətkar, yazar  və ziyalıları kütləvi şəkildə Silivri məhkəməsinin önünə axın etdi.Vəziyyətin getdikcə qəlizləşdiyini görən məhkəmə sədri  prokurorun təkidinə baxmayaraq, şübhəli şəxslərə cəza istəməsi  üçün ona  söz vermədi...

Xüsusi səlahiyyətli məhkəmələrin  iyunda Məclisdən keçən qanunla ləğv edildiyini xatırlayanda insan istər-istəməz düşünür: əcəba, Silivri məhkəməsi başqa planetdədirmi?