Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 22 yaşlı şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.
***
10:51
Bakıda bir nəfər avtomobildən çıxaraq, əlindəki silahı ətrafa tuşlayıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Yolayrıcında "Ford Tranzit" markalı avtomobilin sərnişini qapıda dayanaraq, əlindəki silahı ətrafa tuşlayıb. Onun silahının həqiqi yaxud oyuncaq olması məlum deyil. Lakin bu hərəkət ətrafdakı insanlarda qorxu yaradıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır.