Dünən gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzilin eyvanına çıxaraq intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bunu görən vətəndaşlar “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 41 yaşlı M.Seyidova yaşadığı onikimərtəbəli binanın 4-cü mərtəbəsində eyvana çıxaraq intihara cəhd edib.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əvvəlcədən keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən M.Seyidova qurulmuş xilasetmə yastığı vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.