Şəki-Zaqatala yolunun bərbad vəziyyəti sürücüləri təngə gətirib.
Lent.az-a müraciət edən sürücülər bildiriblər ki, nahamar və istifadə müddəti artıq çoxdan bitən sözügedən yol avtomobilləri həm yararsız hala salır, həm də potensial qəza mənbəyi yaradır. Çünki sürücülər avtomobilini nahamar hissələrə salmaq istəmədikləri üçün təhlükəli yerə çatanda maşını sağa-sola çəkməli olurlar. Buda qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma üçün potensial şərait yaradır.
Həmin yoldan mütəmadi istifadə edən sürücülər bildirir ki, Bakıdan Şəkiyə 4 saata gəldikləri halda, Şəkidən 78 kilometrlik bu yolun sonuna 2 saatdan çox vaxt sərf edirlər.
Qeyd edək ki, Şəki-Zaqatala yolu 20-ci əsrin ortalarında salınıb və yolun, eləcə də oradakı körpülərin də artıq istifadə müddəti bitib. Həmçinin müxtəlif vaxtlarda Yevlax-Şəki-Zaqatala-Gürcüstan avtomobil yolunun bir hissəsi yenidən qurulsa da, Şəki-Zaqatala hissəsi təmirsiz və baxımsız qalıb.
Məsələ ilə bağlı Lent.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, magistralın Xaldan-Şəki və Zaqatala-Gürcüstan sərhədi hissə artıq əsaslı şəkildə yenidən qurulub: "Sözügedən hissənin də yenidən qurilması nəzərdə tutulur. Yolun dövlət proqramına daxil olunaraq əsaslı şəkildə yenidən qurulması üçün təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub".
Ümid edək ki, aidiyyəti üzrə təqdim olunan təkliflər nəticə verəcək və sürücülərin Şəki-Zaqatala sınağı birdəfəlik yox olacaq.