“Elsəvər haqqında danışmaq olduqca çətindir. Biz atamızı erkən yaşlarımızda itirmişik. Elsevər bizə həm ata, həm də qardaş olub. Onu itirəndə elə bildim atamı yenidən itirmişəm”.
Şəhid mayor Elsevər Paşayev ailəsinin ilk oğul övladıdır. Hələ uşaq yaşlarımdan atasının arzusunun ardınca gedəcəyini deyərmiş. Bacısı Şəfa Xancanova deyir ki, kiçik yaşlarından vətənə olan sevgisini sətirlərə köçürər, şeirlər yazarmış: “Elsevər 1 iyul 1988-ci ildə Cəbrayıl rayonun Qovşudlu kəndində anadan olub. 5 yaşı olanda biz ordan məcburi köçkün düşmüşük. Müəllim övladı olduğumuzdan, ailədə vətənpərvər ruhda böyümüşük. Vətən sevgisi bizə lap kiçik yaşlarımızdan aşılanıb. Atam istəyirdi ki, Elsevər hərbçi olsun”.
Orta məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi fərqlənmə ilə bitirib. Təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. N saylı hərbi hissədə çalışdığı illərdə Elsevər Paşayev ingilis dilini mükəmməl bildiyindən, onu Bakıya gətiriblər. Bundan sonra qəhrəman döyüşçümüz Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyünün tərkibində müxtəlif ölkələrdə təlimlərdə iştirak edib və oradan fəxri diplomlarla qayıdıb: “Almaniya, İngiltərə, Çexiya, Bolqarıstan, Türkiyə və ən son Əfqanıstanda keçirilən təlimlərdə iştirak edib. 2019-cu ilin dekabrı idi, Elsevər Əfqanıstana getdi. O, getdikdən sonra anam uzun sürən xəstəlikdən vəfat etdi. Elsevər dəfnə belə qatıla bilmədi. Əfqanıstandan yenicə qayıtmışdı ki, bu il sentyabrın 27-də müharibə başladı və bizdən gizlin müharibəyə getdi. Sonradan öyrəndik ki, sən demə, Aprel döyüşlərində də iştirak edibmiş”.
Müharibəyə gedəcəyini yalnız həyat yoldaşına bildirir. Sentyabrın 27-dən sonra bacısının etdiyi mütəmadi zənglərə cavab vermir, yalnız bir dəfə zəng edir və deyir ki, hər şey yaxşıdır.
Vətəninin azadlığı uğrunda gedən döyüşlərə peşəkar snayper Elsevər Paşayev kapitan kimi qatılır: “Vətən Müharibəsində göstərdiyi şücaətə görə o, mayor rütbəsi ilə təltif olunur. Oktyabrın 10-da isə ailəsinə zəng edib qərargah rəisi təyin olunduğunu və tabor komandiri olduğunu bildirir. Döyüşçü yoldaşları deyir ki, döyüşlərə hamıdan əvvəl öndə gedərmiş. Bir neçə gün ondan xəbər ala bilməyəndə mənə hirsləndi ki, niyə axtarırsız məni? Mən əsgər deyiləm, mən komandirəm, mən “irəli” demirəm, mən “ardımca” deyirəm, məni axtarmayın!”
Şəfa xanım deyir ki, Elsevərin peşəsinə olan sevgisinin vurğunluğunun qarşısına heç bir sevgi keçə bilməzdi. Cəbrayıl rayonunun işğaldan azad olunmasında xüsusi xidmətləri ilə fərqlənən mayor bundan sonra Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərə qatılır. Bacısının sözlərinə görə, sonuncu döyüşlərdə yoldaşları ona “komandir, ərazi minalanıb, getmə!” desələr də, o, əsgərlərini irəli buraxmır. Beləliklə, Elsevər Paşayevin taboru Laçına girir, oktyabrın 20-də isə öndə gedən mayor Qubadlı uğrunda döyüşlərdə minaya düşür və ağır yaralanır. Qızğın döyüşlər getdiyindən, yaralı mayoru dərhal döyüş bölgəsindən uzaqlaşdırmaq mümkün olmur, nəticədə çoxlu qan itirir. Döyüşlər səngiyəndən sonra ərazidən uzaqlaşdırılır və Ağcabədidəki hərbi hospitala gətirilir. Dörd gün komada qalır, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur.
Şəhid mayor Elsevər Vaqif oğlu Paşayev Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Elsevərdən geriyə onun şücaəti və dünyalar qədər sevdiyi iki qız övladı qalıb. Şəhidin xanımı Xəyalə Paşayeva deyir ki, onunla sonuncu görüşünü belə xatırlayır: “Sevib ailə qurmuşduq, həm də qohumuq. Bir etiraf edim, mən Elsevərin əvvəlcə hərbi geyiminə vurulmuşdum. Sonra özünü sevdim. Olduqca diqqətcil, ürəyiyuxa adam idi. Sərtliyini evə gələndə unudardı. Vaxt tapan kimi övladları ilə oynayar, onları gəzməyə aparardı. Sentyabrın 26-da zəng edib dedi ki, mənim çantamı hazırla, gedirəm. Mən heç vaxt ondan soruşmamışam ki, hara gedirsən. Evə gəldi, qapıdan çıxanda dedi ki, müharibə başladı. Ordan da vaxt tapanda 3 dəfə zəng eləmişdi. Sonuncu dəfə dedi uşaqları qoru”.
Elsevər Paşayevin xalası Tahirə Yusifova onu öz övladı qədər sevib: “Çox diqqətli idi hamımıza. Hər ad günümdə zəng edərdi, təbrik edərdi. Deyirdi, xala, üstümdə haqqın çoxdur. Mən dedim, Elsevər general olanda çıxarsan. Bütün aldığı ordenlərlə, medallarla fəxr edirik. Kaş ki, sağ olub yaxasına taxıb gəlsəydi. Təltif olunduğu günü məzarı başında qeyd elədik”.
Cəsur döyüşçümüzün 6 yaşlı qızı Nəzrin isə atasının yazdığı şeirləri əzbər bilir.
Şəhid mayorun doğmalarının indi bir arzusu var: Elsevərin ayaq basdığı doğma yurdlarımızı qarış-qarış gəzmək...
Sevinc Vaqifqızı
Üzeyir Ağayev