Vətən Müharibəsinin 19 yaşlı qəhrəmanı Rameş Gülverdi oğlu Zəkiyev 2001-ci ildə Astara rayonunun Şahağacı kəndində dünyaya göz açıb. Uşaq yaşlarında atasını itirib.
Dayısı Azər Quliyevin sözlərinə görə, Rameş uşaqlıqdan idmanla məşğul olub, boks üzrə dərəcələr alıb: “Mərd idi, heç nədən qorxmurdu. Ona deyəndə ki, filan yerdə nəsə təhlükə var, ora getmək olmaz, əksinə, çalışardı ki, ora gedib bilsin orada nə var Rameşin komandirləri ilə, döyüş yoldaşları ilə danışmışam. Komandirləri onunla qürur duyur. Deyirlər ki, o, bizim əsgərimiz deyildi, döyüşdəki qardaşımız idi”.
Anası İlhamə Zəkiyeva deyir ki, gələcəklə bağlı çoxlu planları var idi: “Deyirdi, ana, gələrəm, hər şey yaxşı olar. Saxlayaram səni. Təkcə ümidim ona idi. 10 yaşı olanda atası rəhmətə gedib, atasız böyütmüşəm onu”.
Rameş yeniyetmə yaşlarından Kəminə Qədirova kimi müəllimlərinin və yoldaşlarının sevgisini qazanıb: “Rameşi hər zaman gülərüz və istiqanlı şagird kimi xatırlayıram. İçində qəribə bir şıltaqlıq olsa da, o şıltaqlığı ilə bizi incitmirdi. Əslində mən Rameş kimi şagirdlərdən qəhrəmanlıq gözləyirdim. Hər kəs bilirdi ki, Rameş uşaq yaşlarında atasını itirmişdi. O, vətənə borcunu yerinə yetirdikdən sonra anasının, bacısının yükünü öz çiyinlərinə götürəcək, ailənin qəhrəmanına çevriləcəkdi. Rameş nəinki ailənin, bütün Azərbaycanın qəhrəmanına çevrildi. Biz onunla qürur duyuruq”.
Rameş 2019-cu ildə hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Ağdam rayonunun Baharlı kəndində keçirib. Tərxis olunmasına 3 ay qalmış Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Dayısının sözlərinə görə, gənc əsgər bu əməliyyatlarda yaxından iştirak edib: “Döyüşə-döyüşə 19 gün irəli gediblər. Bizə sirr vermirdi. Soruşurduq, nə baş verir, haradasan? Deyirdi, dayı, bunlar hərbi sirdir. Narahat olmayın, hər şey yaxşıdır. Allaha şükür ki, irəli gedirik”.
Telefon danışıqlarında isə anasını arxayın etməyə çalışıb: “Həmişə danışıb mənimlə. Deyirdim, narahatam, tez-tez zəng edib xəbərdar elə məni. Deyirdi, ana, narahat olma. Döyüş barədə soruşanda isə deyirdi ki, o barədə soruşma. Heç bir sirri verən oğlan deyildi”.
Rameş Ağdamın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Oktyabrın 15-də isə rayonun Hacıməmmədli kəndində şəhid olub: “Minaatan idi. Şəhid olduğu gün səhər-səhər bir MAXE və bir əsgər yoldaşıyla birlikdə olublar. Minomyot mərmisi düz yanlarına düşüb. MAXE yoldaşı və özü şəhid olub, əsgər yoldaşı yaralanmışdı. Böyük yükdür, amma şükür Allahın böyüklüyünə, məqamı ucadır. Biz şükür edirik”.
Rameş Zəkiyev doğulub-böyüdüyü Astara rayonunda torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
İslam Qədirli
Tural Kərimov
Rövşən Əzimov
APA TV