Rusiyanın Voronej şəhərində dekabrın 7-nə keçən gecə özünü yandıran gənc oğlan binanın 19-cu mərtəbəsinin eyvanından yıxılıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, həyətdə dayanmış maşının üstünə düşüb. Avtomobil yanıb.
Sosial şəbəkələrdə yerli sakinlər hadisə yerindən görüntülər yayıb və bildiriblər ki, qonşular vətəndaşı yanğınsöndürən balonla söndürüb. Ancaq avtomobili söndürməyə çalışsalar da, xilasediciləri çağırmalı olublar.
Baza Telegram kanalının məlumatına görə, sakinlər hətta onu yerə düşən pilotsuz təyyarə ilə səhv salıblar.
Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın xəbəri saat 01:23-də növbətçi məntəqəyə daxil olub. Yanğın zamanı iki avtomobilə ziyan dəyib. “Ford Focus” tamamilə yanıb. “Ford Transit”də arxa bamper və arxa sağ fara yanğın nəticəsində sıradan çıxıb. Yanğının söndürülməsinə 4 yanğından mühafizə bölməsi və 15 xilasedici və 4 texnika cəlb olunub. Yanğın saat 01:36-da söndürülüb.
Müstəntiqlər gəncin ölümünün səbəblərini müəyyənləşdirirlər.