44 günlük Vətən müharibəsində ölümsüzlük qazanan igidlərimizdən biri də “Naxçıvan Canavarı” ləqəbli şəhid leytenant Vəli Quliyevdir.
APA TV xəbər verir ki, o, 20 iyul 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində dünyaya gəlib.
2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsil almağa başlayıb, 2009-cu ildə Azər Tağıyev adına 17 nömrəli Naxçıvan şəhər məktəbində 7-ci sinifdən təhsilini davam etdirib. 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olub.
2018-ci ildə Akademiyanı bitirdikdən sonra sərhəd bölgəsində yerləşən “N” saylı hərbi hissədə əvvəllər taqım komandiri, son beş ayda isə bölük komandiri işləyib. Onu tanıyanlar deyir ki, sərhəd bölgəsini özü seçib. Hətta kirayə etdiyi mənzildən çıxıb postda qalır və deyirmiş ki, “evim buradır, sərhədçinin evi post olar”.
Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən - dostları onu belə xatırlayır. Deyirlər ki, dilində bir söz olub: “Ya Qarabağ, ya ölüm!” 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşub, irəli gedib. Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının alınması əməliyyatlarında iştirak edib. Oktyabrın 22-də isə Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Atası Kamal Quliyev onda olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi: “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. Vəlinin yoldaşları deyir ki, o yaralandı, dedi, mən vurdular. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.
Atasının sözlərinə görə, Vəli həmişə “vətən sağ olsun” deyib: “Vəli bizim torpaqların bütövlüyü uğrunda şəhid olub. Torpaq namus deməkdir, torpaq müqəddəs bir yerdir. Vəli bu uğurda canını verdi, özü öz qanı ilə tarix yazdı”.
Anası Həqiqət Quliyeva oğlunun onun daima yüksəklərə gedəcəyinə inanar, “sənin poqonlarına maman qurban olsun” deyə əzizləyərmiş: “Ən böyük addımı atdı, ən böyük zirvədədir. Mən oğlumu hər an qəhrəman görmüşəm. Vəli elə iz qoydu getdi, tarix yazdı, dillərə dastan oldu. Oğlum bütün millətin ürəyinə “vətən” kəlməsi yazdı getdi, qəhrəman Vəli Quliyev yazdı getdi. Mən Vəli ilə fəxr edirəm, qürur duyuram. O, mənim qəhrəman igidimdir. Nə qədər yaşayırıqsa, Vəli daim yaşayacaq. Məndən sonra da elim, millətim onu yaşadacaq”.
Ana lap əvvəldən əkiz oğullarına heç vaxt fərq qoymayıb. Deyir ki, onların hər bir şeyi eyni idi: “Mən fikirləşmirəm ki, Vəli yoxdur, indi elə hiss edirəm ki, Vəli burdadır, əli mənim çiynimdədir. Mən bilirdim ki, o, geri çəkilən oğul deyil. Ana kimi, valideyn kimi deyirdik ehtiyatlı ol, amma o, qorxmaz, çəkinməz oğuldur. Vəli mənim qeyrətli, qürurlu, şöhrətli qəhrəman balamdır”.
Şəhidin əkiz qardaşı Maqsud Quliyev onunla heç vaxt dalaşmadığını, böyük kimi hörmət gördüyünü bildirir. Deyir ki, hələ 3-cü sinifdə oxuyanda hərbçi olmağı qarşısına məqsəd qoymuşdu: “Vətən sevgisi uşaq yaşlarından yaranmağa başlamışdı. Biz qəbul eləmək istəmirdik, amma hiss eləmişdi ki, şəhid olacaq. Vətəninə elə bağlı insan idi ki, əkiz olduğumuz üçün ikimiz də 8-ci sinifdə hərbiyə sənəd vermək istədik. Sənədləri hazırladıq, mən bir az yaxşı oxuyurdum deyə, deyirdim mən qəbul olacağam. İmtahan günü gəldi, Vəli qəbul oldu. İlk gün Vəlini apardılar sənədlərini düzəltməyə, qayıtmadı. Atama dedik hardadır, dedi ki, artıq orda qalacaq. Həftədə bir dəfə gələcək”.
Qardaşı onu gülərüzlü, ətrafına gülüş, sevinc saçan biri kimi xatırlayır. Deyir ki, Vəli ilə sonuncu dəfə oktyabrın 20-də danışıb, ona “irəli gedirik, inanmıram şəbəkə ola, nigaran qalmayın” söyləyib: “Yoldaşları deyir ki, bu insanda qorxu deyilən bir şey yox idi, bizi irəli getməyə qoymurdu, ancaq özü qabaqda gedirdi. Bu adamın son sözü də “irəli get” oldu. Mən fəxr edirəm ki, şəhid qardaşıyam, başım dikdir. Bütün Azərbaycanın, bütün Naxçıvanın fəxridir. Camaatımız bizi tək qoymayıb, gəlib gediblər. Şəhidlərin hamısı mənim qardaşımdır”.
Qeyd edək ki, Vəli Quliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Aytən Yusifli