50 il tısbağa ilə dostluq edən idman ustası - HƏYAT HEKAYƏSİ  - VİDEO
09 iyun 2022 19:44 (UTC +04:00)

50 il tısbağa ilə dostluq edən idman ustası - HƏYAT HEKAYƏSİ - VİDEO

Sujetimizin qəhrəmanı Zaqatala rayon sakini Əsgər Rəsul oğlu Məmmədovdur. O, 1949-cu ildə Qazaxıstan Respublikasının Taldı-Kurqan vilayətində doğulub. Atası Rəsul kişi 1937-ci ildə Stalinin əmri ilə Naxçıvanın Ordubad rayonundan Taldı-Kurqan vilayətinə sürgün edilib.

Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, Məmmədovlar ailəsi 1961-ci ildə sürgünlük həyatı başa çatdıqdan sonra uzaq Qazaxıstan Respublikasından köç edərək Azərbaycanın Zaqatala şəhərini özlərinə yurd ediblər.

Əsgər Məmmədov gənc yaşlarında, 1973-cü ildə rayonun Muğanlı kənd inzibati ərazisində meşədən odun hazırlayıb evə qayıdarkən yol iki tısbağa balası görüb, onları özü ilə yaşadığı evə gətirir. Bir-neçə aydan sonra tısbağa balalarından biri Əsgər müəllimin yaşadığı evin həyətindən qaçsa da, digəri bu günə kimi Əsgər müəllimlə dostluq edir.

Qəhrəmanımız bildirib ki, tısbağa balasını gətirdiyi ilk gündən ona körpə uşaq kimi qulluq göstərib, sanki bir övlad kimi onu qoruyub saxlayıb. Onun sözlərinə görə, tısbağası ilin 5-6 ayını qış yuxusunda keçirir. Yaz və yay aylarında qış yuxusundan ayılan tısbağanı qidalandırmaq isə elə də çətin deyil. Tısbağanın qidalanması üçün kövrək otlar və şirəli meyvələr bəs edir. Tısbağanın ən çox sevdiyi meyvələrdən biri də alçadır.

Əsgər Məmmədov idmanın badminton və həndbol oyunları ilə məşğul olub. Bu oyunlar üzrə ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində Respublika birinciliklərində iştirak edib. İdmana olan marağı səbəbindən Əsgər Məmmədov 1968-73-cü illərdə Azərbaycan Bədən Tərbiyəsi institutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Əsgər müəllim Zaqatalaya qayıdaraq Zaqatala İdman Mərkəzində işləməyə başlayıb. O, peşə fəaliyyətindəki uğurlara görə əməkdar idman ustası adına layıq görülüb.

Qəhrəmanımız deyir ki, təbiətlə, canlılarla təmasda olmaq həyatı onun üçün daha da mənalı edir, gözəlləşdirir.

# 2715
avatar

Oxşar yazılar