Uşağın emosional dayanıqlı böyüməsi və gələcəkdə özünü xoşbəxt hiss etməsi üçün valideynlər nə edə bilər?
Xoşbəxtlik yalnız ötəri sevinc hissləri və ya həyatda baş verən parlaq hadisələr deyil. Müasir tədqiqatçılara görə, daxili rifah hissi, insanın gündəlik həyatdakı kiçik sevincləri görə bilməsi və dünyaya müsbət münasibət göstərmək bacarığı ilə sıx bağlıdır. Psixoloqlar vurğulayır ki, gələcək xoşbəxtliyin təməli uşaqlıqda qoyulur. Valideynlərin uşaqlarına nə öyrətdiyi isə bu təməli müəyyən edən əsas faktorlardan biridir.
Lent.az uşaqlara öyrədilməli olan 5 əsas bacarığı təqdim edir:
1. Çətinliklər içində yaxşı tərəfləri görə bilmək
Pozitiv psixologiyanın əsas prinsiplərindən biri - diqqəti həyatın işıqlı tərəfinə yönəltməkdir. Hər günü, hətta qüsurlu keçmiş bir günü belə, yaxşı cəhətləri ilə xatırlamağı öyrənən uşaq, dayanıqlı düşüncə tərzi formalaşdırır. Bu vərdiş, insanı çətinliklərə qarşı daha dözümlü edir, mənfi fikirlərə qapılmamaq və daxili enerjini qorumaq imkanı yaradır.
2. Başqasının xoşbəxtliyinə görə məsuliyyət daşımadığını anlamaq
Uşağa erkən yaşlardan izah etmək lazımdır ki, başqalarına qayğı göstərmək gözəldir, amma bu, özünə zərər verməklə olmamalıdır. İnsan başqalarının istək və emosiyalarını öz həyatından üstün tutduqda, nəticədə daxili tükənmə yaşaya bilər.
Emosional sərhədlər qoymağı bacarmaq, yetkin həyatın ən vacib şərtlərindən biridir. Uşaq anlamalıdır: başqalarına yardım etmək olar, amma bu, öz psixoloji tarazlığını pozmamalıdır.
3. Sahib olduqlarına görə səmimi minnətdarlıq hissi
Sadə şeylərə – yemək, sağlamlıq, ailə qayğısı, günəşli hava – görə şükranlıq hissi duymaq, insanın real həyatı qiymətləndirməsinə səbəb olur. Bu, beynin xoş anları tanımaq və yadda saxlamaq vərdişini inkişaf etdirir.
"Təşəkkür edirəm" deməyə alışdırılmış uşaqlar, böyüdükdə hətta çətin anlarda belə müsbətlik görməyi bacarırlar.
4. Mənalı və ilhamverici məşğuliyyətə can atmaq
Uşaq fərqli fəaliyyətlərə – rəsm çəkmək, qurmaq, heyvanlara qulluq etmək, kitab oxumaq – cəlb olunduqda, o özünü ifadə etmə yollarını tapır. Sevdiyi işlə məşğul olan uşağın narahatlığı azalır və həyatını daha dolğun hiss edir.
Çoxsaylı tədqiqatlar göstərir ki, sevdiyi işlə məşğul olan insan, həyatdan daha çox razı qalır və daxili tarazlıq əldə edir.
5. Problemlərdən qaçmamaq, onları həll etməyi öyrənmək
Erməni məsələləri təxirə salmaq vərdişi - xoşbəxtliyin düşmənidir. Hətta kiçik görünən, lakin həll olunmayan problemlər zamanla gərginlik yaradaraq daxili rahatlığı pozur.
Uşaqlar çətinliklərlə addım-addım və sakit şəkildə mübarizə aparmağı öyrənməlidirlər. Bu yanaşma stressi azaldır, özünə inamı artırır və həyat üzərində nəzarət hissi verir.
Nəticə
Xoşbəxt həyatın sirri maddi uğurlarda deyil, insanın özünə, dünyaya və gündəlik hadisələrə olan münasibətindədir. Uşaqlarına emosional dözümlülük, optimizm və minnətdarlıq hissini aşılaya bilən valideynlər, onlara bütün həyat boyu dayaq ola biləcək güclü əsaslar qazandırırlar.