Fəxrəddin Təhməzov
18 aprel 2022 20:15 (UTC +04:00)

Fəxrəddin Təhməzov

Müəllim işlədi, nazir oldu, həbs edildi - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq Milli Təhlükəsizlik Nazirliyinin naziri Fəxrəddin Təhməzovdan bəhs edəcəyik. 

Fəxrəddin Ayət oğlu Təhməzov 10 yanvar 1951-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. O, 1968-ci ildə Əli-Bayramlı (indiki Şirvan şəhəri) orta məktəbini, 1973-cü ildə isə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirib. Daha sonra isə o, SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil alıb. 

Təhməz Fəxrəddinov Dövlət Təhlükəsizlik Komitəsinin mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində çalışıb. O, 1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər şöbəsinin rəis müavini, sonra isə MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışıb.

F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb.

Sabiq nazir 1993-cü ilin iyununda isə tutduğu vəzifədən azad edilib. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə, qısa müddətli həbs cəzası alıb.

Qeyd edək ki, Fəxrəddin Təhməzovun namizədliyi Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər tərəfindən irəli sürülüb. 

Təqaüddə olan MTN zabiti İlham İsmayıl Fəxrəddin Təhməzov haqqında yazır:

“MTN-ə nazir Fəxrəddin Təhməzov təyin edildi. Fəxrəddin müəllim bir neçə ay əvvəl MTN-in Gəncə şöbəsinin müavini vəzifəsindən çıxıb yenicə yaradılmış Bakı şəhər şöbəsinə müavin təyin edilmişdi. Gəncədə bir ildən artıq bir yerdə işləmişdik, xoşrəftar, yumşaq təbiətli bir şəxs idi. Gözlənilməz təyinat idi. Sonralar Yaqub Məmmədovla söhbət zamanı məlum oldu ki, Əbülfəz Elçibəy ilk olaraq MTN-ə Namiq Abbasovun namizədliyini irəli sürüb, Vəzirov dövründə haqsızlığa məruz qaldığını əsas amil kimi irəli sürüb. Müzakirədə iştirak edənlər N.Abbasovun Heydər Əliyevin kadrı olduğunu, daha çox ona bağlı olduğunu bildirib qəti etiraz edirlər. Belə olanda Elçibəy israr edib ki, Milli Təhlükəsizlik Nazirinin namizədliyini  müzakirələrə dəvət olunmuş Yaqub Məmmədov versin. İki namizədin də adı çəkilib, ümumi razılıq olmayıb, nəhayət Yaqub müəllim əvvəllər Tibb İnstitutunun kuratoru olmuş Fəxrəddin Təhməzovun namizədliyini verəndə  Elçibəy də, müzakirə iştirakçıları da razılaşıb”. 

Onun sözlərinə görə, bu yanaşma düzgün deyil:

“Yumşaq desək, bu yanaşma düzgün deyildi. Hakimiyyətə gələn şəxs ən azı komandasında kimin hansı vacib postları tutacağını çoxdan müəyyənləşdirməli idi. Xüsusi xidmət orqanı kimi  dövlətin bel sütunlarından olan bir quruma öz namizədin yoxsa, deməli, o təşkilatın mahiyyətini düzgün qiymətləndirə bilməmisən. Nazirin birinci müavini Sülhəddin Əkbər, müavin isə Murmanskdan qayıtmış Namiq Abbasov təyin olundu”.

Təhməzovla bağlı daha bir məqam isə arxivlərin açılmasına dair 1992-ci ilin oktyabrında Milli Məcisdə müzakirələr gedib. Həmin vaxt arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Fəxrəddin Təhməzov olub.

Ailəsi haqqında heç bir məlumat əldə edə bilmədik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12051
avatar

Aytəkin Cəlali

Oxşar yazılar