Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq baş nazir Rəhim Hüseynovdan bəhs edəcəyik.
Rəhim Əlihüseyn oğlu Hüseynov 1936-cı il aprelin 5-də Bakıda anadan olub. O, 1953-cü ildə orta məktəbi bitirib. Rəhim Hüseynov Moskva Polad İnstitutunun metallurq-mühəndis ixtisasına yiyələnib.
Hüseynov əvvəlcə Boru-Prokat zavodunda usta köməkçisi, usta, baş texnoloq, rəis vəzifələrində çalışıb.
Bundan başqa R.Hüseynov 1962-1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində işləyib.
Sabiq baş nazir Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində də çalışıb.
1989-1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olub.
Qeyd edək ki, 1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılıb və bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunub. A.Mütəllibov prezidentliyə qaytarılmış və təklif edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Həmin vaxt tanınmış iqtisadçısı kimi R.Hüseynovun namizədliyi verilib və 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi baş nazir vəzifəsində çalışıb. AXC hakimiyyəti dövründə isə o, könüllü olaraq baş nazir vəzifəsindən gedib.
Sabiq baş nazir yarandığı gündən Azərbaycan Alimlər və Mühəndislər Birliyinə sədrlik edir. 1994-cü ildə isə Beynəlxalq “Xəzər” fondu təşkil olunub. Təsis konfransında R.Hüseynov yekdilliklə fondun prezidenti seçilib və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir.
R.Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan Kommunist Partiyası qurultaylarının, Mərkəzi Komitə plenumlarının nümayəndəsi olub. O, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf” nişanı ordenləri və bir sıra medallarla təltif olunub.
Sabiq nazir müsahibələrinin birində deyib ki, 2 gün içərisində iki dəfə baş nazir seçilb:
“O zaman Dövlət Plan Komitəsinin sədri idim. Eyni zamanda Ali Sovetin deputatı idim. Hamıya məlum olduğu kimi, Ayaz Mütəllibovu Xocalı faciəsindən sonra vəzifəsindən azad etdilər. Sonra mayın 15-dəki iclasda qərar verildi ki, onun Xocalı faciəsinin baş verməsində günahı olmayıb, ona görə də təklif olundu ki, qayıtsın vəzifəsinə. Elə həmin iclasda da təklif olundu ki, baş nazir də seçilsin. Artıq Həsən Həsənov getmişdi. Mütəllibov da elə tribunadan dedi ki, “mən Rəhim Hüseynovu baş nazir təyin edirəm”. Dedi, tanınmış iqtisadçıdır, bir də dedi ki, “bu iki ayda məni bircə o axtarıb. Amma bu söhbət bir az başqa cür olmuşdu. Bu, əlbəttə, tələsik bir qərar idi. O sessiyada Araz Əlizadə çıxış elədi. Dedi ki, “Rəhim Hüseynoviçi bir həftə sonra da təsdiq etmək olar”. Amma Ayaz Mütəllibov israr etdi. Həmin sessiyadan çıxıb Dövlət Plan Komitəsinə öz iş yerimə getdim. Sonra da vəziyyət yenə qarışdı. Mütəllibov Moskvaya getdi.
Həmin gündən sonra gecə saat 3-ün yarısında bir də gördüm Yaqub Məmmədov dövlət telefonu ilə zəng vurdu ki, bəs, sizi yenidən təsdiq elədilər baş nazir kimi. Beləliklə, mən, iki gündə iki dəfə baş nazir təyin olundum”.