Elon Musk bildirib ki, onun "Neuralink" adlı startapı uğurlu şəkildə meymun beyninə çip inteqrasiya edib və həmin meymun öz fikir gücü sayəsində kompüter oyunları oyanaya bilir.
Lent.az "technote"a istinadən xəbər verir ki, Musk, "Clubhouse" adlı sosial şəbəkədə canlı yayım olub və istifadəçilər ondan "Neuralink" şirkətinin son nailiyyətləri barəsində soruşublar.
“Bizdə, kəllə sümüyündə kiçik implanta sahib meymun var və o, fikir gücü sayəsində kompüter oyunları oynaya bilir. Biz istəyirik ki, meymunlar öz aralarında intellektual pinq-ponq oynasınlar” - deyə Musk qeyd edib.
Onun sözlərinə əsasən, meymun çox xoşbəxtdir və o, meymunlar üçün ən yaxşı şəraitdə yaşayır. Bununla yanaşı o söz verib ki, kompüter oyunları oyanayan meymunun videosu yaxın zamanda təqdim olunacaq.
Qeyd edək ki, "Neuralink" şirkəti 2016-cı ildə yaradılıb. Yaradıldığı gündən bu günədək Musk ona ümumilikdə 158 milyon dollar vəsait yatırıb. Şirkətin əsas məqsədi insanlarda olan müxtəlif növ travmaları aradan qaldıracaq texnologiyanın hazırlanmasıdır. Bura həmçinin beyin ilə onurğa beyni travmalarının aradan qaldırılması və həmin travmalar nəticəsində itirilmiş bacarıqların bərpası da daxildir.