"Meta" yenidən qalmaqallı üz tanıma funksiyasının üzərində işləməyə başlayıb.
Lent.az xəbər verir ki, məxfilik səbəbiylə 2021-ci ildə bağlanan üz tanıma funksiyası "Meta" tərəfindən fırıldaqçılıqla mübarizə aparmaq üçün yenidən tətbiq edilir.
"Meta", məxfilik problemləri və təzyiqlər səbəbilə üç il əvvəl bağladığı üz tanıma funksiyasını yenidən təqdim edir.
Sistem məşhurların profil şəkillərini şübhəli reklamlarda istifadə edilən şəkillərlə müqayisə edərək fırıldaqları aşkarlamağı hədəfləyir.
Əgər uyğunluq tapılarsa və reklam saxtakarlığa bənzəyirsə, "Meta" məzmunu bloklayacaq. Sınaqda iştirak edən məşhurlara məlumat veriləcək və imtina etmək imkanı olacaq.
Dekabr ayında qlobal miqyasda başlaması planlaşdırılan sınaq "Meta"nın hələ tənzimləyici təsdiqi olmayan bölgələri əhatə etməyəcək.
Avropa Birliyi, Cənubi Koreya, Böyük Britaniya və Texas və İllinoys kimi ABŞ-ın bəzi ştatları sistemdən kənarda qalacaq.