Sovet diktatoru İosif Stalin amansızlığı və repressiyaları ilə özünə qarşı bütöv siniflər, xalqları qaldırırdı. Amma bu kütləvi nifrətlə yanaşı, diktatorun siyasi məğlubiyyətini istəyən nüfuzlu şəxsi düşmənləri də var idi.
Lent.az Sovet diktatorunun 6 şəxsi düşmənini təqdim edir:
Lev Trotski (1879-1940)
Vaxtı ilə Trotski Stalindən bolşevik iyerarxiyasında qat-qat yüksək postlar tutan şəxs idi. O, 1917-ci ildə Oktyabr Çevrilişinin əsas təşkilatçılarından biri, Vətəndaş Müharibəsi zamanı böyük səlahiyyətlərə malik Hərbi İnqilab Şurasının başçısı idi.
Uzun müddət Lenin qeyri-rəsmi varisi kimi görülən Trotski yüksək natiqlik qabiliyyətinə malik olsa da, siyasi oyunlarda Stalin qədər məharət göstərə bilmir.
1924-cü ilin yanvarında Lenini ölümündən sonra Trotski SSRİ rəhbəri olmaq uğrunda mübarizədə partiyanın Baş katibi postunu tutan İosif Stalinin ambisiyalarını dəyərləndirə bilmir. Hələ 1918-ci ildə Vətəndaş Müharibəsinin gedişində aralarında şəxsi ixtilaf olan Trotski və Stalin bir-birinə qarşı antipatiya ilə yanaşırdılar.
Partiya aparatına öz tərəfdarlarını təyin edən və hakimiyyət uğrunda mübarizə aparan digər funksionerləri öz tərəfinə çəkən Stalin Trotskini sıxışdırmağa nail olur.
Nəticədə partiyadaşlarının ona qarşı çıxması nəticəsində Lenin əsas varisi 1925-ci ildə öncə Hərbi İnqilab Komitəsinin sədrliyindən çıxarılır, ardınca Hərbi və dəniz məsələləri üzrə xalq komissarı postunu itirir.
Növbəti 2 ildə Trotski öncə Siyasi Büroda, daha sonra isə partiyadakı vəzifəsini itirir. Eyni zamanda o, sui-qəsdə məruz qalır. Karyerasının kəskin enişinə rəğmən hələ də bolşeviklər arasında ideoloq kimi böyük nüfuza malik Trotski Stalinin göstərişi ilə zorla Alma-Atıya sürgün edilir, daha sonra isə 1929-cu ildə SSRİ ərazisindən çıxarılır.
Emiqrasiyada Trotski Stalini “inqilabı satan şəxs” və Leninin zəhərlənməsini təşkil edə biləcək şəxs adlandırırdı.
1940-cı ildə NKVD-nin Trotskiyə sui-qəsd cəhdi uğursuzluqla başa çatdı. Amma həmən il avqustun 20-də stalinçi Roman Merkader adlı ispan kommunistinin sui-qəsd cəhdi uğurlu alınır. “İnqilabın kabusu” adını almış Trotski şəxsi kabinetində buzqıranla başına endirilən zərbədən ölür. 3 gün sonra Stalin “Pravda” qəzetində əsas opponentinin ölümünü ironik tərzdə yazdığı “Trotskinin miskin ölümü” adlı nekroloqda onu nifrətlə xatırlanan əksinqilabçı, kapitalizmin qulu və agenti adlandırmışdı.
Lev Kamenev (1883-1936) və Qriqori Zinovyev (1883-1936)
Siyasi Bürosunun üzvü və SSRİ Mərkəzi Seçki Komissiyası Rəyasət Heyətinin sədri Lev Kamenev və Kominternin sədri Qriqori Zinovyev kifayət qədər ehtiyatlı və zirək siyasi oyunçular idi.
Onlar Stalinə Trotskidən xilas olmağa yardım etsələr də, tezliklə Stalin onlara qarşı çıxdı.
“Lenin qvardiyası”nın üzvləri və müxalifətin liderləri kimi SSRİ rəhbərliyi olmaq üçün yüksək şanslara rəğmən Kamenev və Zinovyev partiyadaxili mübarizəni Stalinə uduzdular.
Birinci Moskva Prosesi zamanı onlar əsas müttəhimlər idi. Kamenev və Zinovyev Trotski ilə ittifaqa girərək “Trotskiçi-zinovyevçi antisovet birliyi”nin yaradılmasında, Stalin və digər sovet rəhbərlərinə sui-qəsd planı hazırlamaqda və Sergey Kirovun qətlini təşkil etməkdə təqsirləndirilirdilər.
Ölüm hökmünə məhkum olunmuş Kamenev və Zinovyev 1936-cı il avqusutun 25-də Moskvada edam olunublar.
Məhkəmə prosesi zamanı onlar bir çox kommunist rəhbərlərinə, o cümlədən Stalinin daha bir rəqibi – Nikolay Buxarinə qarşı ifadə verirlər.
Nikolay Buxarin (1888-1938)
Nikolay Buxarin bolşeviklər arasında ən savadlı şəxslərdən biri idi. 3 xarici dil bilən, Moskvada Dövlət Universitetini bitirən və SSRİ Elmlər Akademiyasının akademiki adını alan Buxarin “Yeni İqtisadi Siyasət”in tərəfdarı və Stalinin başlatdığı kollektivləşdirməyə qarşı çıxır.
O, qolçomaqların sinif kimi ləğvinə qarşı çıxır, Stalini avantürist və kiçik şərq despotu adlandırırdı.
Stalin Buxarinin həmin sözlərini və partiyadakı populyarlığını həzm edə bilmirdi. Müəyyən müddət gözlədikdən sonra Stalin hücuma keçir. Əvvəlcə, Buxarini vaxtı ilə Trotski kimi əsas postlardan, o cümlədən Kominternin liderliyindən kənarlaşdırır, 1937-ci ildə isə Mərkəzi Komitədəki vəzifəsindən çıxarır.
Həmən il İkinci Moskva Prosesi zamanı Buxarinə ittihamlar irəli sürülür və 1938-ci il martın 13-də o, güllələnmə cəzası alır.
Adolf Hitler (1889-1945)
Sovet lideri Iosif Stalin və Almaniya füreri Adolf Hitler bir-birinin şəxsi düşməni idilər. Kommunizm və nasional-sosializmin öndərləri əks qütblərdə idi və 1941-ci ildə başlayan İkinci Dünya Müharibəsinin gedişində bir-birini məhv etməyə çalışırdılar.
Nəticədə, müharibəni uduzan Hitler 1945-ci il aprelin 30-da Berlində intihar edir.
Maraqlıdır ki, nə Hitler, nə də Stalin müharibə sırasında bir-birinə qarşı sui-qəsd etməyə çalışmırdı. Hər iki lider bu addımın dünyanın müharibəsonrası nüfuz bölgüsü üçün gözlənilməz nəticələr doğura biləcəyini düşünürdü.
İosif Broz Tito (1892 – 1980)
İosif Tito İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən, Yuqoslaviya dövlətinin rəhbəri olur. Avropa qitəsində ən böyük sovet dövləti olduğu üçün SSRİ Yuqovlasiyaya xüsusi önəm verirdi, Stalin bura siyasi dəstəklə yanaşı, hərbi və iqtisadi yardımlar da göstərirdi.
Amma dostluq çox çəkmədi.
Tito Balkan yarımadasında nüfuzunu möhkəmləndirməyə və öz nüfuzunu artırmağa çalışırdı. Tito Stalinə tabe olmaqdan boyun qaçırır və bu SSRİ-Yuqoslaviya münasibətlərinin pozulmasına, davamlı konfliktə yol açır.
Stalin keçmiş müttəfiqini “faşist tipli polis rejiminin başçısı” adlandırır və ona qarşı kampaniyaya başlayır. Bəzi fərziyyələrə görə, yalnız Stalinin 1953-cü ildəki ölümü Sovet xüsusi xidmət orqanlarının Titoya qarşı hazırlanan sui-qəsd planının icrasına mane olur.
Yuqoslaviya lideri Stalinin ölümündən sonra həyatda qalan azsaylı şəxsi düşmənlərindən biridir. Nikita Xruşşovun zamanında SSRİ və Yuqoslaviya arasında münasibətlər nizamlanır.