İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq – Türk sultanın jesti
04 dekabr 2024 20:15 (UTC +04:00)

İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq – Türk sultanın jesti

XIX əsrin ortalarında İrlandiya sakinləri tarixlərinin ən dəətli hadisəsi – aclıqla üzləşdilər.  1 milyon insanın həyatına son qoyan, daha 1 milyon insanın isə ölkədən mühacirət etməsi ilə nəticələnə həmin humanitar faciə ada əhalisinin demək olar ki, 25% azalmasına səbəb oldu. 1845-1849-ci illəri əhatə edən aclıq tarixdə İrlandiya Kartof Aclığı kimi xatırlanır. Aclıq irlandların əsas qida rasionu olan kartofda patogen mikroorqanizmin (Phytophthora infestans)  kök salması və kartof toxumlarını kütləvi şəkildə məhv etməsi ilə bağlı idi. Bu ağır situasiyada irland xalqının yardımına Osmanlı İmperiyası gəldi.

Lent.az barəsində az söhbət edilən həmin humanitar jest barədə yazını təqdim edir.

Aclıq illəri sırasında irlandiyalılar üçün ən çətin il 1847-ci il hesab olunur, çünki vəba epidemiyası başlamış və həmin il çox az kartof əkilmişdi. Ancaq tarixdə “qara 1847” kimi düşən həmin tarixin özəl tərəfi də var idi. Osmanlı sultanı, 23 yaşlı Əbdül-Məcid İrlandiya xalqının əzab-əziyyətləri barədə xəbəri alır və o, ac insanlara kömək üçün 10.000 ingilis funt sterlinqi göndərmək qərarına gəlir. Müasir dillə desək, bu, 1 milyon ingilis funt sterlinqindən bir qədər çox idi. Amma sultanın xoşniyyətliliyi o zaman Irlandiyanı nəzarətdə saxlayan Britaniya İmperiyasının xoşuna gəlmir.

Belə ki, qıtlığın ilk ilində kraliça Viktoriya İrlandiya adasının sakinlərinə cəmi 2 000 funt sterlinq yardım ayırmışdı. Kraliçanın məsləhətçiləri Osmanlı Sultanının irlandlara vermək istədiyi məbləği öyrəndikdə həmin məbləğdə pulun göndərilməsinə icazə vermək istəmədilər. Axı, məbləğ monarxın köməyini üstələyirdi və bu, ingilislər üçün qəbuledilməz idi. Nəticədə I Əbdül-Məcidə cəmi 1000 funt sterlinq yardım etmək imkanı tanınır, lakin əlavə olaraq sultan üç gəmini qida və dərmanla təchiz edərək İrlandiyaya yola salır. İngilis hökuməti Osmanlı gəmilərinin gəlməsinin qarşısını almaq üçün hər cür cəhd etsələr də, lakin uzun danışıqlardan sonra onları buraxdılar. Amma bunu şərt qoyaraq etdilər. Osmanlı yardım gəmiləri İrlandiya paytaxtı Dublin şəhərinin limanına gəmilərin yanalmalarına qadağa qoyulub. Osmanlılar daha 50 kilometr şimalda Droqeda liman şəhərinə getməli oldular və burada yerli sakinlərə ərzaq payladılar. Droqeda sakinləri minnətdarlıq əlaməti olaraq yaşadıqları şəhərin gerbinə xilafət rəmzlərini - ulduz və aypara əlavə edirlər. Gerb bu gün də mövcuddur. Ancaq minnətdarlıq hekayəsi bununla bitmir. İrlandiya minnətdarlığı 1853-1856-cı illər Krım müharibəsi zamanı özünü göstərdi. Böyük Britaniya Rusiya İmperiyasına qarşı mübarizədə Osmanlı İmperiyasının müttəfiqinə çevrildi. Tarixçilər yazır ki, 30.000 nəfərdən ibarət irland əsgərlər korpusu “Sultan Əbdül Məcid üçün xüsusi şövqlə döyüşürdü, çünki irlandlar Osmanlı hökmdarının bir neçə il əvvəl göstərdiyi yardımı xatırlayırdılar”.

İrlandiya xalqı osmanlılara öz hörmətini Birinci Dünya Müharibəsi zamanı da göstərdi. Belə ki, irlandlar Böyük Britaniyanın tərəfində Osmanlı İmperiyasına qarşı vuruşduğu zaman britaniyalı zabitlər dəfələrlə irlandların “türklərlə döyüşməkdən çəkindiklərindən” yuxarılara şikayət edirdilər. İrlandiyalı yazıçı Ceyms Coys da əfsanəvi “Uliss” romanında Sultan Əbdül Məcidin ac irlandlara köməyindən bəhs edir. Romanın qəhrəmanlarından biri belə deyir: “Hətta böyük türk bizə öz piastrlarını (pul) göndərdi” və beləliklə, ingilisləri çətin anlarda İrlandiya xalqına kifayət qədər kömək etmədiklərinə işarə etdi. Kartof aclığından 170 il ötsə də, bu gün də İrlandiya dövləti sultan Əbdül-Məcidin etdiyi jesti minnətdarlıq duyğusu ilə xatırlayır, türk xalqına rəğbət bəsləyir.  

1995-ci ildə Droqeda şəhərinin mərkəzi binalarından birində üzərində bu hadisə ilə bağlı xatirə lövhəsi qoyulub. Hətta yerli futbol klubu da bu hadisəni öz loqotipində əbədiləşdirib. İrlandiyanın əsas liqasında çıxış edən “Droqeda Yunayted” komandasının loqosunda İslam simvolları - ulduz və aypara əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Vüqar İsmayılov

Oxşar yazılar