XVI-XIX əsrlər az dəniz quldurlarının “qızıl dövrü” kimi xatırlanır. Ticarət və gəmiçilik üçün ciddi təhdid yaradan bu hərəkatın əsas mərkəzi Karib dənizi və Aralıq dənizi sahilləri idi.
Xüsusilə, XVI-XIX əsrlərdə avropalıların Vəhşi sahil adlandırdıqları müasir Mərakeş, Əlcəzair və Tunis ərazilərində yerləşən dəniz quldurlarının basqınları uzun əsrlər boyu dənizdəki avropalıları qorxu içində saxlayırdı.
Lent.az Osmanlı İmperiyasının vassalı sayılan dəniz quldurlarının İslandiyaya uzanan və ada tarixində ağır iz buraxan yürüşü barədə materialı təqdim edir.
XVI əsrdən etibarən Aralıq dənizi Osmanlı İmperiyasının vassalları olan dəniz quldurları tərəfindən cəzasız terrora məruz qalmışdı.
Vəhşi sahildən olan dəniz quldurları təkcə yaxınlıq da yerləşən Avropa sahillərinə deyil, okeanları aşaraq İrlandiya, İngiltərə, Şotlandiya və Skandinaviyanın şimalına belə basqın edirdilər. Dəniz quldurları dəyərli ola biləcək hər şeyi talan edirdilər. Müasir hesablamalara görə, Osmanlı İmperiyasının vassalı olan Vəhşi sahilin dəniz quldurları 800 mindən 1,25 milyona qədər avropalını yürüşlər vaxtı qənimət kimi ələ keçirərək köləliyə satıb.
Dəniz quldurlarının basqınlarının ən uzaq nöqtələrindən biri nisbətən təcrid olunmuş İslandiya adası idi. Ən yaxın Avropa sahillərindən 800 kilometr uzaqlıqda yerləşən ada coğrafi mövqeyi sayəsində vikinqlərin işğalı dövründən bəri Avropa və Şimali Amerikada baş verən böyük hərbi münaqişələrdə iştirakdan qaça bilmişdi. Amma məsələnin mənfi tərəfi o idi ki, coğrafi mövqeyinin verdiyi rahatlığa görə, İslandiya xaricdən hücuma hazır deyildi və asan hədəf idi.
Nəhayət, 1627-ci ilin iyulunda Vəhşi sahillərdən yola çıxan dəniz quldurları İslandiyaya bir sıra hücumlar təşkil etdi. O zamanlar Danimarkanın bir hissəsi olan ada həm şərq, həm də cənubda səmtində yerləşən Vestmannaeyar adaları istiqamətində hücuma məruz qaldı.
İslandiya sakinləri dəniz quldurlarının hücumuna qarşı tam köməksiz durumda idi. Murad rəisin başçılıq etdiyi dəniz quldurları 1627-ci ilin iyul ayı boyunca İslandiyanın cənub və şərq sahillərini qarət etdilər. Amma adada balıq və xəz dəridən başqa dəyərli heç nə əldə edə bilmədikləri üçün 400-ə yaxın islandiyalını qul kimi oğurlayaraq Şimali Afrikadakı qul bazalarında satmağa apardılar.
Onlar arasında sonralar əsir və qul həyatı barədə xatirələr kitabı yazmış rahib Olaf Egilsson var idi. Oğurlanan islandiyalılar arasında daha bir tanınmış şəxs Qudrid Simonartoddir idi. O, dəniz quldurları tərəfindən Osmanlı sultanına hədiyyə olunmuş və onun hərəmxanasına aparılmışdı. Sonradan Danimarka kralı IV Kristian ödədiyi fidyə hesabına həmin qadını geri qaytara bilmişdi.
Ümumiyyətlə, qaçırılan 400 islandiyalıdan yalnız 27-si sonradan vətəninə qayıda bildi. Maraqlı məqamlardan biri, İslandiyaya basqın edən ekspedisiyanın rəhbəri Murad rəisin əslində dəniz quldurlarının Avropaya yürüşlərindən birində əsir götürülərək İslamı qəbul etməyə vadar edilmiş Niderland əsilli Yan Yanson olması idi.
Aralıq dənizində tez-tez rastlanan bu cür basqınlar zamanı dəniz quldurları on minlərlə mülki insanı ələ keçirə bilərdi, lakin seyrək məskunlaşmış və azsaylı əhalisi olan İslandiya üçün bu basqın əhəmiyyətli zərbə idi.
İslandiyalılar bu basqınları uzun müddət xatırladılar. Hətta, 1978-ci ilə qədər yerli qanunvericilik ada sakinlərinə türkləri və dəniz quldurlarını heç bir məsuliyyət daşımadan öldürməyə icazə verirdi.
Vəhşi sahil quldurlarının Avropadakı basqınlarına yerli tarixçilər “Türk basqınları” və ya “Türk qaçırmaları” adlandırırdı. Buna səbəb kimi, Vəhşi sahilin o dövrdə Osmanlı İmperiyasının tərkibində olması idi. Dəniz quldurlarının basqınlarının sonu birləşmiş Böyük Britaniya, Fransa, İspaniya, Hollandiya və ABŞ-ın müttəfiq donanmasının bölgəyə hücumu ilə başladı. Dəniz quldurluğuna son 1830-cu illərdə Fransanın Əlcəzairi işğal etməsi ilə başa çatdı.