Yeni qaydalarla verilmiş ünvanlar ilin sonunda qüvvəyə minəcək
15 may 2013 10:20 (UTC +04:00)

Yeni qaydalarla verilmiş ünvanlar ilin sonunda qüvvəyə minəcək

Koreyada hazırlanmış ünvan lövhələrinin ilk partiyası Azərbaycana gətirilib

 

 

Bu il yanvarın 1-dən etibarən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın şəhər və rayonları üzrə yeni qaydalara uyğun şəkildə binaların girişlərinə ünvan verilməsi prinsipi əsasında ünvanların müəyyən edilməsi işlərinə başlanılıb.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir.

 

Yeni qaydalar beynəlxalq təcrübəyə və Avropa şəhərlərində tətbiq edilən qaydalara uyğun hazırlanıb. Azərbaycanda tətbiq edilən bu yanaşma MDB regionunda ünvanla bağlı müasir tələblərə uyğun tətbiq edilən ilk təcrübədir. Yeni qaydalarla tətbiq edilən ünvan sistemi üç ardıcıl mərhələ üzrə həyata keçirilir. İlkin mərhələdə Əmlak Məsələləri Dövlət Komitəsi Norveç Kadastr Təşkilatının maliyyə dəstəyi ilə beynəlxalq məsləhətçilər və Koreyalı mütəxəssislərin köməkliyi ilə Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemini hazırlayıb.  İkinci mərhələ yeni qaydalara əsasən ünvanların verilməsi və hazırda mövcud ünvanların yeni qaydalara uyğunlaşdırılmasıdır. Sonuncu mərhələ isə müasir dizaynlı ünvan lövhələrinin istehsalı və binalarda quraşdırılmasından ibarətdir. Yeni ünvan sistemi ölkə üzrə ünvan məlumatlarının etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malikdir. Bununla əlaqədar ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilmişdir. Sistem həm də məkan məlumatları ilə, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək.

 

Komitə tərəfindən müasir dizaynlı yeni ünvan lövhələrinin istehsalına və quraşdırılmasına başlanılmışdır. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cənubi Koreyanın müvafiq şirkətini cəlb etməklə ünvan lövhələrinin dizaynı hazırlanıb. Artıq Koreyada istehsal olunmuş lövhələrin ilkin partiyası ölkəyə gətirilib. Paralel olaraq ünvan lövhələrinin Azərbaycanda istehsalının təşkili məqsədi ilə Cənubi Koreya şirkəti ilə komitə arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, yerli istehsal zavodunun qurulmasına dair texniki spesifikasiyalar, hüquqi və maliyyə məsələləri müzakirə edilir.

 

Qeyd edik ki, Bakı şəhəri üzrə 1500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılacaq. Yaxın zamanlarda bu lövhələrin Gəncə və Sumqayıt şəhərlərində vurulması işlərinə başlanacaq. Respublikanın digər şəhər və rayonlarında bu işlərin həyata keçirilməsi məqsədi ilə hazırlıq işləri aparılır. Binalara yeni  və  dəqiq  ünvanların  verilməsi,  vahid  ünvan  reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir.  Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək imkanı yaradacaq. Həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi problemi aradan qalxacaq.

 

Dövlət Komitəsi vətəndaşların və təşkilatların diqqətinə çatdırır ki, yeni qaydalara uyğun ünvanvermə işləri küçə və prospektlərdə mərhələlərlə başa çatdırıldıqdan və yeni məlumatlar Ünvan Reyestrinin İnformasiya Sisteminə daxil edildikdən sonra qüvvəyə minəcək. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət orqanlarına, mülkiyyətçilərə və ünvan istifadəçilərinə müvafiq qaydada məlumatlar çatdırılacaq. İlkin mərhələdə əhatə olunan ərazilər üzrə nəzərdə tutulan tədbirlərin və məlumatların verilməsinin 2013-cü ilin sonunadək başa çatdırılması planlaşdırılıb.  Həmin müddətədək vətəndaşlar, qurumlar, bələdiyyələr yeni ünvanlardan deyil, hazırda mövcud olan ünvan məlumatlarından istifadə edəcəklər.

# 1014
avatar

Oxşar yazılar