Yeni çağırışlara hazırıq...
06 aprel 2013 16:40 (UTC +04:00)

Yeni çağırışlara hazırıq...

Gənclər siyasətinin mahiyyətinin nə olduğunu anlamağa ümummilli liderimiz Heydər Əliyevin gənclər barəsində dediyi “Gənclər gələcəyimizdir!” ifadəsini yada salmaq kifayət edir. Çünki prinsipcə gələcəyi formalaşdıracaq, onu quracaq, idarə edəcək qüvvə məhz gənclərdir. Gənclər siyasətinin əsas prinsipləri müstəqil düşüncəyə, sağlam milli  şüur və təfəkkürə, pozitiv enerjiyə, mükəmməl istedada və professionallığa, sağlam əqidəyə sahib olan vətəndaşları yetişdirməkdən ibarətdir.

 

Əgər ötən illərə nəzər salsaq görərik ki, son illər ərzində Azərbaycan gənclərinin müasir dövrün elmi biliklərindən və nailiyyətlərindən bəhrələnməsi, xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilməsi, ixtisaslı kadrlar kimi yetişməsi üçün mühüm addımlar atılmışdır. Vətəndaş cəmiyyətinin inkişafında gənclər təşkilatlarının rolu nəzərə alınmış, onların öz proqram və layihələrini həyata keçirmələri üçün əlverişli mühit formalaşdırılmışdır. Gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin genişlənməsinə hər cür kömək göstərilir, mühüm beynəlxalq tədbirlərdə həmin təşkilatların nümayəndələrinin iştirakı mütəmadi xarakter alır.

 

Bu gün Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ümummilli məsələlərə prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar. Ölkəmizin sosial-iqtisadi, mənəvi-mədəni sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərlər əsasında inkişafına hərtərəfli dəstək verir, əldə olunan nəticələri yüksək qiymətləndirirlər. Bütün bunları Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab etmək olar.

 

Əldə edilən uğurları qorumaq, inkişaf etdirmək üçün müasir idarəçilik prinsiplərinə yaxından bələd olan gənc mütəxəssislərin yetişdirilməsi dövlətimizin əsas diqqətində  duran məsələlərdən biridir. Çünki Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyi bacaran, dövlətin mənafelərini qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir olan kadrlardan asılı olacaqdır. Belə kadrların yetişdirilməsi üçün ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, 5 min gəncin xarici ölkələrin nüfuzlu universitetlərində ölkəmiz üçün önəmli olan ixtisaslar üzrə ali təhsil almasını nəzərdə tutan proqramın icrası uğurla davam etdirilir.

 

Qloballaşma meyllərinin güclənməsi, sivilizasiyaların və mədəniyyətlərin yarışdığı müasir dövr, digər mühüm vəzifələrin də öhdəsindən gəlməyi gənclərdən tələb edir. İlk növbədə informasiya cəmiyyətinə keçidlə əlaqədar meydana çıxan yeni çağırışlara adekvat hazırlıq nümayiş etdirmək, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin lazımi səviyyəyə çatdırılması tələb olunur. Digər mühüm vəzifə milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və dilimizin qorunması, daha da inkişaf etdirilməsi ilə bağlıdır.

 

Sonda qeyd etmək istərdim ki, gənclərin üzərinə yetərincə ciddi vəzifələr və tapşırıqlar düşür. Dövlətin də gənclərə ciddi dəstəyi sayəsində hər zaman olduğu kimi, Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, onlara miras verilmiş Müstəqil Azərbaycanın daha qüdrətli olmasına çalışmalı, onun ərazi bütövlüyünün tam təmin olunması işində mübariz və dönməz olmalıdır. Qarşıda duran bu vacib məsələlərin həlli hər bir gəncdən maksimum məsuliyyət, bilik, bacarıq, fiziki sağlamlıq, mənəvi saflıq, həmçinin birlik və mütəşəkkillik tələb edir.

 

Nailə Məmmədova

 

Şərqi Avropada təhsil alan tələbələr və məzunlar ictimai birliyinin fəalı

 

# 594
avatar

Oxşar yazılar