Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin İsveçrənin Cenevrə şəhərində yerləşən baş qərargahında baş tutub.
Tədbiri açan Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin rəhbəri səfir Teodor Vinkler Azərbaycanla əməkdaşlığa başlamaqdan məmnun olduqlarını qeyd edib. T. Vinkler istər Azərbaycanda, istərsə də İsveçrədə tolerantlıq, multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verildiyini bildirib. Təşkilat rəhbəri Azərbaycanın multikulturalizm və tolerantlıq mühitinin qorunması sahəsində zəngin təcrübəsini unikal adlandırmış və bu təcrübənin Avropa və dünya ictimaiyyətinə nümayiş etdirilməsi zərurətinin olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Uorner ilk dəfə ölkəmizə 1995-ci ildə səfər etdiyini qeyd edərək bildirib ki, müasir Azərbaycan iqtisadi və sosial sahədə olduqca böyük uğurlara nail olub. Bu gün imzalanan müqavilədə nəzərdə tutulan layihə vasitəsilə Azərbaycanın bir çox sahələr üzrə, o cümlədən tolerantlıq, dünyəvilik və multikulturalizmin qorunması yolunda əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyətə təqdim olunacaq və Azərbaycanın Avropa dəyərlərinə necə yaxın olması bir daha nümayiş etdiriləcək.
Tədbirdə çıxış edən şura sədri Azay Quliyev nümayəndə heyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumun belə bir nüfuzlu beynəlxalq təşkilata qrant vəsaiti ayırmasının önəmini qeyd edib. Layihənin uğurla həyata keçiriləcəyinə əminlik bildirən şura sədri həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki ölkə arasında əlaqələrin inkişafına layiqli töhfə verəcək, habelə ortaq dəyərlərin gücləndirilməsinə xidmət etmiş olacaq.
İmzalanma mərasimində Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov da iştirak edib.