Ödənişli avtomobil yollarının tikilməsi qanuniləşdi
14 may 2013 13:46 (UTC +04:00)

Ödənişli avtomobil yollarının tikilməsi qanuniləşdi

Milli Məclisin iclasında “Avtomobil yolları haqqında” qanuna əlavə və dəyişikliklər də müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

 

Layihəyə əsasən, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir.

Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

 

Dövlət mülkiyyətində olan respublika və ya yerli əhəmiyyətli avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla qəbul edilir. Razılaşdırma haqqında ərizəyə 30 gündən gec olmayaraq baxılır. Ödənişli avtomobil yolları belə yollarla yanaşı fəaliyyət göstərən və keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda, ödənişli avtomobil yolunun müasir keyfiyyət standartlarına uyğunluğu, o cümlədən yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin yüksək sürəti təmin edildikdə yaradıla bilər.

 

Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun sahibi tərəfindən KİV-də yayımlanmalıdır. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis, qəza-bərpa, kommunal, təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar. Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdirlər.

Ödənişli avtomobil yolundan istifadə alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə dayandırıla bilər. Ödənişli avtomobil yolundan istifadənin dayandırılması müddəti 6 aydan artıq olmamalıdır.

 

Yol kənarlarında yolkənarı xidmət obyektləri istisna olmaqla digər tikintilərin aparılması qadağan olunacaq. “Avtomobil yolları haqqında” qanunun 15-1 (Avtomobil yollarının qoruma zolaqları) maddəsinə ediləcək dəyişikliyə əsasən istifadədə olan avtomobil yollarının qoruma zolaqlarında yol tikintisi, saxlanması, təmiri, yenidən qurulması və yol hərəkətinə, sərnişin və yükdaşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədar olan tikili və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin yerləşdirilməsi qadağandır. Bu işlər aparılarkən mühafizə zolaqlarının hüdudlarında yerləşən giriş-çıxış və birləşmə yollarının, habelə digər obyektlərin tikintisi, təmiri. Saxlanması ilə bağlı bütün xərclər həmin obyektlərin sahibləri tərəfindən çəkiləcək

 

Millət vəkili Vahid Əhmədov avtomobil yolları ilə bağlı öncəki qanunun 14 il əvvəl qəbul edildiyini söyləyib. O, yeni nəqliyyat dəhlizlərinin tikintisi və bu yollara nəzarətlə bağlı yeni qanunun qəbuluna zərurət yarandığını söyləyib. Onun sözlərinə görə, qanun layihəsi şəhər yolları ilə bağlı məsələləri də əhatə edir: “Mövcud qanunvericiliyə görə yoldan 25 metr kənarda tikinti aparmağa icazə verilir. Ancaq mən komitənin iclasında da təklif etdim ki, beynəlxalq əhəmiyyətli yolların kənarında 50 metrə qədər məsafədə tikinti aparılmasına icazə verilməsin”.

 

Vahid Əhmədov ödənişli avtomobil yollarının çəkilməsinin qanun layihəsində əksini tapdığını qeyd edib: “Ödənişli yollar yalnız alternativ ödənişsiz yol olduğu halda çəkilə bilər. Digər tərəfdən, ödənişli yolların çəkilməsi barədə qərar yalnız Nazirlər Kabinetinin razılığı ilə ola bilər”.

 

Millət vəkili bildirib ki, qanun layihəsində çaylardakı körpüdən yalnız 1 km kənardan çınqıl götürmək mümkün olduğu da əskini tapıb: “Son vaxtlar Bakıda yolların tikintisi üçün çaylardan çınqıl daşınır. Ancaq çaylarda körpülərin axınlığından götürülən çınqıl sonradan o körpünün qəzalı vəziyyətə düşməsinə yol açır. Ona görə də qanun layihəsində bu məsələnin də əksini tapması vacib məqamdır. Qanun zamanın tələbinə cavab verir”.

 

 

 

Millət vəkili Əli Məsimli tikilən yolların tez sıradan çıxmasına səbəb yük maşınlarının 10-20 ton yüklə o yollarda hərəkət etməsidir: “Büdcədə kənd yollarının bərpa edilməsi üçün vəsaitin ayrılması da vacibdir. Digər tərəfdən, ABŞ, Avropa və digər ölkələrdə ödənişli yollardan istifadə edilir. Ən çox ödənişli yollar Xorvatiyadadır, bütün yolların 3,3 faizini ödənişli yollar əhatə edir. Türkiyədə ödənişli yollar 1000 km-dir. Beynəlxalq qurumların da vəsaitindən istifadə edərək ödənişli yolların tikintisini həyata keçirmək olar. Ödənişli yollar həm sürət, həm də keyfiyyət deməkdir. ABŞ-da ödənişli yolların istifadəsi yarım dollardan 15 dollara qədərdir. Azərbaycanda inkişafı səviyyəsi və əhalinin gəlirlərini nəzərə alsaq, bu qiymət daha da aşağı olmalıdır”.

 

Millət vəkili Elton Məmmədov mövcud qanunvericiliklə yerli, sahə və respublika əhəmiyyətli yollara bölündüyünü deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq əhəmiyyətli yollarımız var: “Beynəlxalq əhəmiyyətli yollar ifadəsinin qanun layihəsində əksini tapıb və bu, çox mühümdür. Mən respublika əhəmiyyətli yollar əvəzinə isə dövlət əhəmiyyətli  yollar ifadəsinin işlədilməsini təklif edirəm”.

 

Millət vəkili Fərəc Quliyev isə Azərbaycanda Cənubi Qafqaz ölkələri içərisində ən çox yeni yolların çəkildiyini bildirib: “Ancaq yeni yollar çəkilir, bir müddət sonra sökülür, kanalizasiya, digər infrastrukturlar qurulur. Bununla da büdcə vəsaiti israf olunur”.

Fərəc Quliyev ödənişli yollar məsələsinə də etiraz edib: “Dövlət yollarını çevirib ödənişli yollar edəcəklər”.

 

 

Vitse-spiker Valeh Ələsgərov isə qanun layihəsində dövlət yollarının ödənişli yollara çevrilməsi barədə bir kəlmə belə yazılmadığını vurğulayıb.

 

Millət vəkili Aslan Şahverdiyev Mil-Muğan bölgəsində çəkilən yollarda bəzən çökmə halları olduğunu söyləyib: “Bəzən ikiqat artıq yüklə maşınlar hərəkət edir, bu da yolun keyfiyyətinə təsir edir. Ancaq asfaltın keyfiyyəti də sonradan yolun keyfiyyətli olmasında mühüm rol oynayır. Azərbaycana gələn qonaqlar da ilk növbədə yolun keyfiyyətinə baxır”.

 

Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, yollar qonaqlar yox, ilk növbədə insanlarımız üçün tikilir: “Bunu mətbuatda da tez-tez yayırlar. Görürük ki, qonaqlar gəlir, gəzir, yeyib-içir, sonra çıxıb gedəndən sonra nələr danışırlar. Yollar, digər tikintilər ilk növbədə vətəndaşlarımızın rahatlığı üçündür”.

 

Millət vəkili Gövhər Baxşəliyeva bir zaman yol kənarında qanuni tikilmiş, indi yolun genişlənməsi ilə bağlı sökülməsinə zərurət yaranmış obyektlərə toxunub. O, bu obyektlər sökülərkən sahibkarların maraqlarının təmin edilməsini zəruri sayıb.  Gövhər Baxşəliyeva yolların kənarında tikilə biləcək obyektlərin siyahısının hazırlanmasını da təklif edib.

 

Qanun layihəsi qəbul edilib.

 

# 1464
avatar

Oxşar yazılar