Ötən həftə mənim üçün çox ağır oldu. Bir yandan ağıl dişinin ağrısı, bir yandan da dünyada, xüsusən Məkkədə baş verənlər. Bir yandan müqəddəs torpaqda qaldırıcı kranın aşması və hacıların dünyasını dəyişməsi və bir yandan sağ qalan hacıların yıxılmış qaldırıcı kranla şəkil çəkdirməsi.
Az sonra isə sıxlıq nəticəsində yüzlərlə zəvvarın həlak olması xəbəri də bir yandan ovqatımı təlx elədi. Hələ kralın oğlunun günahı ucbatından 28 nəfərin edam ediləcəyi xəbərini demirəm. Hə, bir də Həcdə bir nəfər həmvətənimizin ürək tutmasından ölüm xəbəri.
Əlimi çənəmə dayayıb bütün bunları düşünərkən, yanımda əyləşən dindar dostumun “kaş məndə o ölənlərin içində olaydım” deməyi əllərimi o boyda ucalıqdan dizimin üstə saldı.
Soruşdum ki, niyə?
Deyir, onlar cənnətə gedəcəklər. Orda ölən çənnətə gedir. Deyirəm indi ora getməyənlərin içindən cənnətə düşən olmayacaq? Deyir olacaq, amma onlar bir addım bizdən qabaqda gedəcəklər.
Kədərlənirəm. Görəsən, ali təhsilli dostum niyə belə fikirləşir? Niyə müsəlmanlar indidən cənnət davası aparır? Bütün arzu və istəklərini ancaq cənnət üzərində qururlar?
Dostuma deyirəm, tutaq ki, sən gedib düşdün cənnətə, arvad, uşaq, nəvə hamısı burda, sən orda tək neyləycəksən?
O, kədərli gülümsünür, cavab verə bilmir. Pis oluram. Onun neçə illərdi Həccə getmək, müqəddəs torpağı ziyarət etmək niyyəti var axı. Gedə bilmir, belə deyir.
Bir yandan dostumun bu arzusu qoşulur ağıl dişimin ağrısına.
Dostumun dərdini düşünə-düşünə internet saytlarında oxuyuram ki, ölkəmizdən bir nəfər düz 27 dəfə həccə gedib. Amma mənim kədərli dostum... orda ölmək istəyir. Ona görə ki, imkanlı adamlar qorxusundan daha ora getməyə ehtiyat edəcək. Bəlkə, onda mənim dostum kimi ora getmək istəyənlərə növbə çata, imkan yarana.
Hər şeyin dərdi çəkiləcək, qəbul edirəm, hadisə olduqca ağırdır, öz yerində. Bəs hacıların gözü qabağında edam ediləcək o 28 nəfərin günahsızlığı hansı məntiqə sığır? Bəs o 28 nəfər hara gedəcək? Axı onların üstünə günah yıxılır.
Dostum suallarıma cavab vermək istəmir. Çünki onun Həccə gedib orda ölmək istəyi o qədər güclüdür ki, hətta məni kövrəldir. Onun üzünə, saqqalına batan günəşin şüası, dəvə karvanının həzin yerişi, qum dənəcikləri və uğuldayan küləyin səsi qonub. Mən onu necə uçurda bilərəm?
Bəli, kral oğlunun günahından 28 nəfər edam olunacaq. Dostum bu hadisənin fərqində deyilmiş kimi deyir: “Bir az pul düzəltmişəm, inşallah, gələn il gedəcəm. “İnşallah” deyirəm, allah orda həlak olan hacılara rəhmət eləsin. Çünki onlar ölümləri ilə kədərli dostuma az da olsa Həccə getmək üçün bir az şərait yaratdılar.
Mən Məkkə torpağına ayaq basan bütün hacılara dərin hörmət hissi ilə yanaşıram. Onlar sanki şəhid olmağa getmişdilər. Ağ paltarda, əllər göyə açılı, üzləri dostumun sifəti kimi kədərli və hüznlü. Onlar necə də safdılar.
Amma bu saflığın içərisində şeytana daş atan yaşlı bir müsəlmanı görəndə hiddətlənirəm. Kədərli dostum bu barədə də ciddi bir fikir bildirmir. Deyir, o da onun inamıdır. İstəyirəm kədərli dostumu bağrıma basam.