Dəmir Yolu Liseyinin 90 illik yubileyi keçirilib
30 mart 2013 16:10 (UTC +04:00)

Dəmir Yolu Liseyinin 90 illik yubileyi keçirilib

 

Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Dövlət Dəmir Yolu Liseyi 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, tədris ocağı 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb: “1969-cu ildən Dövlət Dəmir Yolu Liseyində şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb: “1969-cu ildən bu günə kimi liseydə “elektrovozun maşinist köməkçisi”, “teplovozun maşinist köməkçisi”, “dəmiryol stansiya növbətçisi”, “sərnişin vaqonlarının bələdçisi”, “bilet (yük) kassiri”, “yük və baqaj qəbul-təhvilçisi”, “metropoliten elektrik qatarlarının maşinist köməkçisi” ixtisasları üzrə 40 minə yaxın ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Ötən illər ərzində liseyin nəzdindəki orta məktəb uğurlu nəticələri ilə tanınıb. Hazırda tam orta məktəbdə 300-dən çox şagird təhsil alır. Hər il məzunların təxminən 50 faizi müxtəlif ali məktəblərə qəbul olunur. Liseyin tanınmış, adlı-sanlı məzunları da kifayət qədərdir”.

 

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, bu illər ərzində liseyin məzunları metro sahəsi üçün önəmli tələbə hazırlayıb. Onun sözlərinə görə, lisey müxtəlif dövrlərdə metropolitenin bazasından lazımi səviyyədə istifadə edərək işləri ilə lazımi köməkliklər göstərir. Azərbaycanda bu kimi liseylərin olması və onların sayının artırılması çox önəmlidir. Çünki respublikanın gələcəyi burada yetişən ixtisaslı tələbələrdən asılı olacaq. Bu gün Azərbaycandakı universitetlərdə olan bazadan daha çox bu lisey bizə böyük fayda verir”.

 

Liseyin məzunu olan nəqliyyat naziri Ziya Məmmədov və digər qonaqlar da liseylə bağlı fikirlərini və təbriklərini çatdırıblar.

 

# 638
avatar

Oxşar yazılar