Bakının mərkəzində sürücülərə divan tuturlar
02 avqust 2013 19:14 (UTC +04:00)

Bakının mərkəzində sürücülərə divan tuturlar

Bir neçə gündür ki, Bakının mərkəzi hissələrində evakuatorlar xeyli aktivləşib. Lent.az-ın məlumatına görə, evakuasiya xidməti Neftçilər, Azadlıq, Azərbaycan, Bülbül prospektlərində, Xəqani, Nizami, Ü.Hacıbəyov, Rəsul Rza, İstiqlaliyyət, Səməd Vurğun, 28 May, Puşkin, Zərifə Əliyeva küçələrində yolun hərəkət zolağında dayanmış avtomobilləri güzəşt etmədən cərimə meydançalarına aparır. Bu iş həm də qeyd olunan küçə və prospektlərə bitişik küçələrdə də davam etdirilir.

 

 

Avtomobillərin yol kənarlarından, əsasən də hərəkət zolağı təyin edilmiş hissələrdən aparılması sürücülərin narazılığına səbəb olub. Halbuki həqiqətən də, həmin hissələrdə maşını saxlamaq qadağandır. Bununla belə sürücülər bu işin qəflətən belə ciddiləşdirilməsindən narazıdır. Əsas narazılıq yaradan məsələ isə yeni yol nişanları qoyulması və dərhal həmin ərazidə evakuatorların “fəaliyyətə keçməsidir”. Redaksiyamıza müraciət edən sürücülərin əksəriyyəti də şəhərin mərkəzi hissələrində yol nişanlarının (saxlama, durma olmaz) yağışdan sonra göbələk kimi artmasından şikayətlənirlər.

 

Adil Rüstəmov adlı oxucumuz bildirir ki, bu gün ərzində onun avtomobili 2 dəfə yol polisinin iştirakı ilə evakuasiya edilib və cərimə meydançasına aparılıb: “Hər iki halda mən 40 manat cərimə olundum. Bu ümumilikdə 80 manat edir. Halbuki həmin məbləği qazanmaq üçün mən 4 gün dayanmadan işləməliyəm. Hər tərəfdə yeni yol nişanları quraşdırılıb. Amma əvvəllər orda nişan filan yox idi”.

 

 

Baş Dövlət Yol Polisi İdarəsi bir neçə gün əvvəl sürücülərə dayanacaqlardan istifadə və avtomobili yolun qadağan edilmiş hissələrində saxlamamaları ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi yeraltı duracaqların yerləşdiyi ərazilərdə, xüsusilə Azərbaycan, Azadlıq, Bülbül, Akademik Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xəqani, Səməd Vurğun, Rəşid Behbudov və paytaxtın digər mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrini yolun hərəkət hissəsində park edən, eləcə də avtomobilləri səkilərdə saxlamaqla piyadaların normal hərəkətini çətinləşdirən sürücüləri bu duracaqlardan istifadə etməyə çağırır. Dayanma, durma, parklanma qaydalarını pozmaqla nəqliyyat vasitələrinin, xüsusilə piyadaların rahat və fasiləsiz hərəkətinə mane olan avtomobillər təxliyə olunmaqla, sürücülər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.

 

 

Göründüyü kimi, BDYPİ-nin məlumatında yeni yol nişanlarının quraşdırılması ilə bağlı hər hansı qeyd yoxdur. Bu isə daha çox avtomobilin yaşadığı və ya işlədiyi binanın qarşısında saxlayan sakinlərin narazılığına səbəb olub. Belə sakinlərdən biri deyib: “Mən burada 40 ildən çoxdur yaşayıram, Atam və babam da bu küçədə yaşayıb. Bu gün evimin qapısından avtomobilimi evakuator aparıb. Başa düşə bilmirəm, şəxsi avtomobilimi evimin qarşısında saxlaya bilmərəm və ya hər dəfə saxlayanda evakuator aparıb məndən 70 manat cərimə alacaq”?

 

Bakıda yol nişanlarının qoyulması-götürülməsi, dəyişdirilməsi və digər işlərlə Baş Dövlət Yol Polisi məşğul olur. İdarənin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hər bir sürücü hərəkətdə olarkən və ya nəqliyyat vasitəsini saxlayarkən yol hərəkət nişanına fikir verməlidir: “Əlbəttə ki, yeni dayanacaqların istifadəyə verilməsi səbəbindən bəzi ərazilərdə yeni yol nişanlarının qoyulması, xətlərin çəkilməsi (sarı xətt) mümkündür. Yol polisi də qaydaya uyğun olaraq yol nişanının tələbini pozanlar barəsində tədbir görür”.

 

Bakının mərkəzi hissələrində yeni yol nişanlarının qoyulması ilə bağlı əhali ilə heç bir söhbət aparılmayıb. Bu barədə KİV-də də hər hansı müraciət edilməyib, maarifləndirmə tədbiri görülməyib. Bu da sürücülərin, eləcə də sakinlərin haqlı narazılığına səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar