Azərbaycanlılar Berlində aksiya keçirib
01 aprel 2013 16:29 (UTC +04:00)

Azərbaycanlılar Berlində aksiya keçirib

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniyanın paytaxtı Berlinin mərkəzində - Brandenburq darvazaları önündə Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası  birgə etiraz nümayişi keçirib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, aksiya iştirakçıları 31 Mart qırğınlarını əks etdirən vərəqələr paylayıb, çoxsaylı şüarlar səsləndirərək yerli əhalinin və turistlərin diqqətini bu qanlı hadisələrin tarixinə cəlb edib, Berlin sakinləri ilə şəxsi söhbətlərdə azərbaycanlıların soyqırımı haqqında məlumat veriblər.

 

Aksiyanın sonunda erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri pisləyən bəyanat oxunub.  Nümayişdən sonra Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi təşkil olunub. Tədbir iştirakçıları Azərbaycan tarixinin qanlı səhifələrini xatırlayıblar, həmçinin diaspor fəaliyyətində təbliğatın gücləndirilməsi yollarını müzakirə ediblər.

Almaniyada fəaliyyət göstərən digər Azərbaycan cəmiyyətləri də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif  aksiya və tədbirlərlə Almaniyanın bir çox əyalət və şəhərlərində  yad edib. 

Xatırladaq ki, mart ayında Avropa Azərbaycanlıları Konqresi “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ” ilə bağlı  Avropa Parlamentinin İnsan Hüquqları Departamentinin rəhbəri Barbara Loxbilerə, Almaniya Bundestaqının prezidenti Norbert Lammertə, eyni zamanda  Avropa ölkələri və Almaniyanın müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına müraciətlər göndərib.

# 575
avatar

Oxşar yazılar