Parlament seçkilərinə sayılı günlər qalmış “125-lər” Siyasi Klubunun sədr müavini, 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın seçki qərargahındayıq. 30-a yaxın könüllü çay süfrəsi ətrafında toplaşıb. Bu gün görəcəkləri işləri müzakirə edirlər. Müzakirəyə mane olmamaq üçün gözləyirik. Son təlimatları da alıb könüllülər Günel Səfərovanın adı yazılmış gödəkcələri də geyinib əraziyə çıxırlar.
Biz isə Günel xanımla söhbətləşirik. Deyir, onun təbliğat və təşviqat kampaniyasında 300-ə yaxın könüllü çalışır.
- Ərazimdə 305 bina var. Cavad xan, Hüseyn Seyidzadə küçəsində bir az zəif işləmişik. Ola bilər ki, bir məhəllədə altı bina var, biz onlardan dördünün qapısını döymüşük. Bayaq elə könüllülərlə onları müəyyənləşdirdik. Hazırda könüllülər həmin binalarda təbliğat aparmağa getdilər. Bizim könüllülər bukletləri qapıya qoyub getmirlər. Heç kəsin kampaniyasına qarışmaq niyyətim yoxdur. Amma bunu qeyd etmək istəyirəm ki, qapıya buklet qoymaq o qədər də effektli deyil. Bizim könüllülərimiz bəzi namizədlərin yerlərdə atılmış broşur və təqvimlərini toplayıb təkrar qapılara qoyublar. Biz istəyirik ki, döydüyümüz qapı üzümüzə açılsın. Qapı açıldısa, artıq içəri girmək şansımız var. Seçicinin fikrini dəyişmək mümkündür. İçəri girdinsə, seçici sənindir. Bukletin evə keçməyi namizədin evi keçməyi deməkdir. Ən azından bukletin arxasında yazılan namizəd haqqındakı qısa məlumatı oxuyacaqlar. Mənim haqqımda yazılanları oxuyan seçici yüz faiz mənə səs verəcək. Bizim könüllülər getdikləri evlərə mənim əlaqə nömrəmi verirlər. Bukletdə mənim telefon nömrəm yazılmayıb. Lakin biz əlavə kağızlar çap eləmişik. Orda mənim əlaqə nömrəm yazılıb. Onu təqvimlə birgə seçicilərə paylayırıq. Onlar birbaşa mənimlə əlaqə saxlaya bilirlər. Bu da seçicilərdə inam yaradır. Artıq çoxsaylı zənglər də gəlir. İnsan zəng edir, mənimlə danışır, maraqlanırlar. Millət vəkili özü elə vasitəçidir. Onunla seçiciləri arasında əlavə bir vasitəçinin olmamalıdır. Mən belə düşünürəm.
Söhbət edə-edə hazırlaşırıq. 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın “Kanal 13”-ə dəvət ediblər. 14:00-da kanalda olmalıdır. Bu görüşdə ona yoldaşlıq edirik.
Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanan verilişdə seçki ərəfəsində vəziyyətlə bağlı söhbət aparılır.
Yarım saatlıq verilişdən sonra Günel Səfərovanın seçicilərlə görüşü var. Hava yağışlı olduğundan seçicilər evdə toplaşmağı təklif edirlər. Burada da çay süfrəsi ətrafında 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova seçiciləriylə görüşür. Söhbət əsasən onlar problemi ilə başlayır. Ərazidə asfalt örtüyünün tamamən yararsız hala düşməsindən, binaların bloklarının qapısız və natəmiz olmasından, həyətdə uşaqlar üçün meydançanın olmamasından narazılıq etdilər. Əvvəlki deputatlar onlara çox vədlər versələr də, yerinə yetirmədiyindən millət vəkillərinə inamı qalmadığını deyirlər.
Günel Səfərova onlara millət vəkilinin seçicilər qarşısında öhdəliklərini sadalayır.
- Yol çəkmək, bina təmir etmək millət vəkilinin işi deyil. Əgər kimsə sizə belə bir vəd versə, bilin ki, yalan deyir. Ancaq şəxsi vəsaiti hesabına kimsə bunu edə bilər. Mən sizə yalan vədlər verməyəcəm. Mən sizin problemlərinizi lazımı instansiyalara çatdıracam. Sizə söz verirəm ki, seçilsəm növbəti beş il ərzində sizin yanınızda olacağam. Sizin problemlərinizi həll etmək üçün nə lazımdırsa, edəcəyəm. Bir dəfə yox, problem həll olana qədər arxasınca gedəcəyəm. Mən də sizlərdən biriyəm. Villada yaşamıram. Sizin kimi bina evində yaşayıram. Binalardakı problemlərdən, insanların sosial vəziyyətindən xəbərdaram.
Bəzi seçicilər görüşə iş arası qaçaraq gəldiyindən xanım namizədlə daha ətraflı söhbət eləmək üçün axşam işdən sonra qərargaha gələcəklərinə söz verib gedirlər.
G. Səfərova seçicilərlə bir qədər də söhbət etdikdən sonra qərargaha qayıdırıq. Burada onu könüllülər gözləyirdilər. Onlar növbəti əraziyə getməzdən əvvəl yeni təlimatlar alıb, ərazidə görüşdükləri seçicilərin Günel Səfərovaya etimadlarını yetirirlər. Qərargahda yarım saatlıq məşvərət etdikdən sonra könüllülər təkrar ərazilərə yollanırlar.
- Seçki öncəsi təbliğat-təşviqat kampaniyasının bitməyinə çox az qalıb. Daha nə etmək olar?
-2015-ci ilin seçkiləri qeyri-adi təbliğatla yadda qalan bir şey yoxdu. “Kanal 13”dəki veriliş imkan verdi ki, ən azından internet televiziyası vasitəsi ilə seçicilərə fikrimizi çatdıraq. Heyf ki, ənənəvi televiziya vasitəsindən istifadə etmək mümkün olmadı. Ödənişsiz efir vaxtı ayırmadılar. 2010-cu ildə parlament seçkilərində pulsuz efir vaxtındakı debatlar hələ də müzakirə olunur. O debatlarda həm hakim partiyanın namizədi olur, həm müxalifət, həm də bitərəflər. Düşünürəm ki, seçicinin aydın seçməsi üçün bu müzakirələr olduqca əhəmiyyətlidir. Mən ilk dəfə seçkilərə qatılıram. Hüquqşünasam. Kifayət qədər də ictimai sektorda tanınan biriyəm. 17 yaşımdan ictimai fəaliyyətdəyəm. Amma orta statistik azərbaycanlı üçün o qədər də tanınmış sima deyiləm. Çünki şou-biznesdən gəlmirəm, efir məkanından gəlmirəm, saysız-hesabsız verilişlərə çıxmamışam. 33 minlik seçicim var. Ancaq qapı-qapı gəzib buklet paylamaqla, görüşlər təşkil etməklə bütün seçicilərimi əhatə etməyə yetmir. Ödənişsiz efir vaxtının təmin olunsaydı çox yaxşı olardı. Ödənişli efir vaxtının da hədsiz baha olması, imkanları məhdudlaşdırdı. Ona xərclədiyim pula çox iş görmək olar.
- Seçicilərlə son görüşdən təəssüratınız necədi?
- O görüş mənim ən dar məkanda və ən az seçiciylə keçirdiyim görüş idi. Havanın yağışlı olması, üstəlik də iş saatı olduğundan adam az idi. Açıq havada olsaydıq, daha çox seçici toplaşacaqdı. Əsasən şənbə-bazar günü maksimum çalışırıq seçicilərlə görüşək və görüşmüşük də. Mənim yanaşmam bir az fərqlidi. Seçicilərimin ayağına mən gedirəm. Ona görə ki, onların səsi mənə lazımdır. Və mən beş ildə onlara onu sübut edəcəyəm ki, onlara məhz Günel Səfərova kimi millət vəkili lazımdır. Ondan sonra artıq özləri məni istəyəcəklər ki, gəl bir daha bizim ərazidən millət vəkili ol. Bundan əminəm! İndiki mərhələdə özümü tanıtmalıyam, nə iş bacardığımı göstərməliyəm. Görüşlərdə seçicilərin səsləndirdiyi fikirlər bu və ya digər formada oxşardır. Ərazidə çoxlu sosial, infrastruktur problemlər var. Bunlar həlli üçün insanlar ümid işığı axtarırlar. Ən sevindirici hal budur ki, seçkiyə heç bir inamı olmayan insan belə mənimlə yarım saatlıq söhbətdən sonra onların fikri tamamilə dəyişir və deyirlər, məhz sənə görə seçkidə iştirak edib sənə səs verəcəyik deyirlər. Əslində onlar inanmağa namizəd axtarırlar. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Heç bir partiyanın üzvi deyiləm. Olmaq fikrim də yoxdur. Ona görə yox ki, heç bir partiyanı bəyənmirəm. Partiyanın müəyyən prinsipləri, qaydaları var. Partiyadan öhdəlik götürmək, özümü məhdudlaşdırmaq istəmirəm. Seçicimin istədiyi müəyyən məsələni parlamentdə qaldırmaqda sərbəst olum. Bu da özbaşınalıq kimi başa düşülməsin. Sadəcə, özümü çərçivəyə salmaq istəmirəm. Ona görə də seçkilərə bitərəf namizəd kimi qatılmışam.
- Bayaq qatıldığınız verilişdə də bu haqda danışdınız.
- Mən elə bir namizədəm ki, dəstəkləyənlərimin arasında həm iqtidarda olan seçicilərim olacaq, həm də müxalifətdə olan, həm də bitərəf insanlar var. Nəticədə hər birimizin istəyi daha yaxşı Azərbaycan, daha yaxşı dövlət qurmaqdı. Mən inanıram ki, Azərbaycanda uzlaşmış mədəniyyət formalaşdırmaq, demokratiyanı pillə-pillə əldə etmək lazımdır. Demokratiya savaş, qışqırmaq meydanı deyil. Mənə görə demokratiya gözəl qanunlar, bu qanunları icra edən yaxşı qurumlar və əhlinin rifahının artmasıdır. Demokratiya mədəniyyətdir! Bunu formalaşdırmaq üçün çalışıram. Bəlli bir yaşa çatandan sonra təlimçilik fəaliyyətim mənə imkan verib ki, öz ideyalarımı yayım. Yetişdirdiyim gənclər var. Onların əksəriyyəti indi yaxşı vəzifələrdə çalışırlar. Və hazırda əksəri mənim yanımdadı. Fiziki olaraq yanımda ola bilməyənlər də mənəvi dəstək olurlar. İnsan var ki, sosial şəbəkələrdə çıxışlarımı paylaşırlar, insan da var, səhərdən axşama kimi qərargahda könüllü olaraq çalışır. Hər ikisi dəstəkdir.
- Könüllülərinizin sayı nə qədərdi?
- Gündəlik əlliyə yaxın könüllü işləyir. Tərkib tez-tez dəyişir. Səhər növbəsi oxuyan var, günorta dərsə gedən var. Ümumilikdə 300-ə yaxın könüllü işləyir. Seçkilərdə müşahidəçilərin sayı 240 nəfərdir. Əlavə olaraq, Dairə Seçki Komissiyasından da 20-ə yaxın müşahidəçi olacaq. Əlbəttə ki, inanmayan insan vardı. Seçkilərlə bağlı neqativ fikirlər vardı. Bəziləri düşünürdülər ki, seçilən artıq seçilib. Mənimlə görüşdən sonra seçkiyə inamları artdı. Mən millət vəkili olum, ondan sonra namizədliyi irəli sürən gənclərə dəstək olacağam. Çünki mən özüm nə qədər çətinliklərlə rastlaşdım. Təcrübəmi onlarla bölüşəcəyəm. Məsələnin kökündə inam dayanır. Əminəm, inanıram və ümidim var ki, mən yaxşı millət vəkili olacağam! Bunu seçiciyə ötürəndə seçici də gəlib mənə səs verəcək. Əlbəttə ki, seçki saxtakarlığı istisna edilmir. 18 yaşımdan müxtəlif seçkilərdə beynəlxalq, yerli müşahidəçi olmuşam. Müəyyən saxtakarlıq faktlarını görmüşəm. Əlbəttə, mənim seçicim də sual verir ki, Günel xanım, biz gəlib sizə səs verəcəyik. Qutudan başqasının adı çıxsa, ondan sonra seçkilərə necə inanaq? Elə deyən insanların hamısını inandırıb seçkiyə gətirmək enerjimizi alsa da, bu bizim borcumuzdur. Elə etməliyik ki, seçki mühitini bir az canlandıraq. Bu ərazinin seçkidə aktivliyi aşağıdır. Seçkinin bu və ya başqa formada saxtalaşdırılması mənə yox, ümumi prosesə zərbə vuracaq.
- İndiyə qədər seçicilərinizlə neçə görüş keçirmisiniz?
- Yeddi böyük görüşüm olub. Bundan əlavə, iyirmiyə yaxın “Qapı-qapı” proqramı çərçivəsində məhəllə-məhəllə görüşlər etmişəm. Həmçinin, qərargahıma gələn seçicilərim də çox olur. Gündəlik otuzdan çox seçicini qəbul edirəm. Biri gedir gələn dəfə beşini gətirir, onunu gətirir. Növbəti görüş də bir azdan olacaq. Könüllülərim deyir ki, şəklimi görən seçicilər məni “facebook”dan tanıdıqlarını, ərazidə seçicilərlə görüşdə tanış olduqlarını deyirlər. Oktyabrın doqquzundan bu yana çoxlu uğur hekayələrim var. İçimdə bir əminlik var ki, seçkilərin qalibi olacağam. Öhdəmə düşün bütün işləri görmüşəm, seçicilərimlə işləmişəm, təbliğat aparmışam, seçicilərim “məni seçəcəklərini”, deyir. Düşünürəm ki, siyasi qərara bunlar təsir göstərəcək.
G. Səfərova gündəlik axşam 11-ə qədər qərargahda olur. Deyir, uşaqlarından bir aylıq icazə alıb.
- (Gülür) Amma onlara söz vermişəm ki, mən bu bir ayın əvəzini çıxacaq. Qızımın on iki, oğlumun yeddi yaşı var. Çalışıram ki, onlara da vaxt ayırım. Bu, müvəqqəti çətinlikdir. Həftə sonu bitəcək. Çox ağıllı uşaqlarım var. Qızımdan soruşanda ki, nəyə görə elə düşünürsən ki, anan millət vəkili olmalıdır? Dedi, sən çox yaxşı anasan, çox yaxşı bacısan, çox yaxşı övladsan, çox yaxşı dostsan. Məncə, sən çox yaxşı millət vəkili olacaqsan. Mənə ailəm də çox dəstək olur. Qərargahda mənimlə bərabər işləyən ailə üzvlərim də var, qohumlarım da, dostlarım da, əski iş yoldaşlarım da, tələbələrim də, sinif yoldaşım, qrup yoldaşım da, qonşularım da. Onlar mənə bələddirlər. Hər bir uğurumun arxasında zəhmət olduğunu bilirlər. Uğurlarım nə rüşvətə, nə korrupsiyaya dayanmayıb.
- Seçicilərinizlə görüşəndə onlara nə vəd verirsiniz?
- Onlara bir vəd verirəm: həmişə yanınızda olacaq millət vəkili görmək istəyirlərsə, məni seçsinlər! Həqiqətən hiss edəcəklər ki, yanlarında millət vəkili var, döyüləcək qapı var. Ən böyük rəqibim YAP-ın namizədidir. YAP-ın Nəsimi rayon üzrə rəhbəri olmaq böyük bir işdir. Onsuz da çox insana kömək edə biləcək. Düşünürəm ki, seçilməyim onlar üçün ikinci qapını açacaq. Bir qapıydı, iki qapı olacaq. Seçicilərin rifahı baxımından yanaşsaq, mənim seçilməyim çox yaxşı olacaq. Seçicilərim özü də mənə deyirlər ki, biz sizdə ümid işığı görürük: “Digər namizədlərdə bu işıq yoxdu. Ona görə də sizə səs verəcik”. 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizədlərin bəzilərini şəxsən tanımasam da, düşünürəm ki, dəyərli insanlardır ki, millət vəkilliyi namizəd ola biliblər. Hamı siyasət adı eşidən də qorxur. İnanmıram ki, onların düşüncələrinin kökündə şəxsi mənafe durur. Sadəcə onu düşünürəm ki, mən millət vəkili olarsam, seçicilər üçün daha çox iş görə bilərəm!
Söhbətin bu yerində qərargaha bir qrup seçici gəlir. Bundan sonra onun seçicilərlə daha bir neçə görüşü olacaq. Şənbə günü isə təbliğat və təşviqat kampaniyasının müddət bitir. Bazar günü – noyabrın 1-i artıq seçkidir.