Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvü İlkin Rüstəmzadənin cinayət işi üzrə məhkəmə davam etdirilib. Lent.az-ın məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, proses başlamamışdan əvvəl məhkəmə nəzarətçiləri ilə təqsirləndirilən şəxslərin yaxınları arasında qalmaqal baş verib. Buna səbəb məhkəmə zalında kənar insanların iştirak etməsidir. Kənar şəxslər məhkəmə zalından çıxarıldıqdan sonra proses başlayıb.
İlk öncə hakim Cavid Qurbanov vəkillərdən vəsatətlərinin olub-olmamağını soruşub. Vəkillər ötən prosesdə şahidlər siyahısının dəyişdirilməsi və digər baxılmayan vəsatətlərinə baxılmasını xahiş ediblər.
Bundan başqa vəkillər və təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz etməyiblər. Daha sonra hakim təqsirləndirilən şəxslərlə bağlı anket məlumatlarını dəqiqləşdirilib. Bunun ardınca dövlət ittihamçısı ittiham aktının nəticə hissəsini elan edib. Hakim ittiham aktının nəticə hissəsi ilə bağlı təqsirləndirilən şəxslərin özlərini təqsirkar hesab edib-etməməklərini soruşub. Təqsirləndirilən şəxslərdən heç biri özlərini təqsirli hesab etmədiklərini bildiriblər.
Təqsirləndirilən şəxslərdən Rəşadət Axundov bildirib ki, ittiham aktında onun konkret hansı cinayəti törədiyi göstərilməyib.
Daha sonra prokuror sübutların təsdiqi ilə bağlı çıxış edərək bildirib ki, məhkəmə prosesi təqsirləndirilən şəxslərin ifadələrin alınmasında sonra sübutların göstərilməsi ilə davam etsin. Bunun ardınca vəkil Elton Quliyev çıxış edərək, məhkəmədən xahiş edib ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hansı əməllərə görə ittiham olunduqlarına dair sübutları məhkəməyə təqdim etsin.
Hakimlər məhkəmə prosesini təxirə salıb. Növbəti proses dekabrın 5-i, 10:30-da olacaq. Növbəti həftədən etibarən, proses həftədə iki dəfə keçiriləcək.