91 ölkənin naziri Bakıya gələcək
26 sentyabr 2014 15:26 (UTC +04:00)

91 ölkənin naziri Bakıya gələcək

Oktyabrın 28-dən 30-dək Bakıda ilk dəfə keçiriləcək Gənclər siyasəti üzrə I Qlobal Foruma yüzə yaxın ölkənin naziri gələcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günə qədər foruma 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olub.

 

Layihənin önəmini qeyd edən bir sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.

 

Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri, professor Saleh A. Alnassar Forumun vacibliyindən danışarkən qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclər siyasəti sahəsi haqda qanunlar qəbul edilib, bu istiqamətdə işlər aparılmır: “Forumun önəmi gənclər siyasəti sahəsində yeniliklərin əldə olunması, dünyanın bir çox ölkələrinin təcrübələrindən yararlanma olacaq. Bir çətir altında dünyanın müxtəlif ölkələri ilə təcrübə mübadiləsinin aparılması  yeni bilik və ideyaların əldə olunması, gənclər siyasətində görülən işlərin qiymətləndirilməsi istiqamətində  önəmli məqam  olacaq.  Əminəm ki, forum gənclər siyasəti sahəsində çalışan hər kəs üçün yeni ilham mənbəyi və daha böyük layihələrə imza atılmasında ən uğurlu başlanğıc olacaq”.

 

 

Serbiyanın Gənclər və idman naziri Vanja Udovicic  gənclər siyasəti sahəsində digər ölkələr üçün maraqlı təcrübə ola biləcək işlər gördüyünü qeyd edib: “Ölkəmizin regional, Avropa və beynəlxalq səviyyədə böyük uğurlara imza atmasına baxmayaraq, təcrübə mübadiləsinin aparılması, yeni bilik və informasiyanın əldə edilməsi çox böyük önəm daşıyır. Tam əminliklə deyə bilərəm ki, oktyabr ayında Bakıda keçiriləcək forumda Serbiya müxtəlif - təhsil, səhiyyə, təhlükəsizlik və digər sahələrdə həyata keçirdiyi layihələri böyük məmnuniyyətlə digər ölkələrlə də bölüşəcək”.

 

 

Qeyd edək ki, Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi forumda iştirak üçün 174 ölkədən 4705 müraciət daxil olub. Forumda 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələri, digər 200 iştirakçı QHT nümayəndələri olacaq. Tədbirdə 100 ekspertin də iştirakı nəzərdə tutulub. Artıq forumun rəsmi www.youthpolicy.org  saytı da fəaliyyətə başlayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545

Oxşar yazılar