Ağdamın Cümə məscidi
08 aprel 2021 17:45 (UTC +04:00)

Ağdamın Cümə məscidi

XARABALIQ İÇİNDƏ CƏNNƏT - Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! - REPORTAJ 

Vətənə döndüm

Bir ev təsəvvür edin, çox böyük, işıqlı, gözəl bir ev. Həyəti də çox böyükdür, bütün meyvə ağacları, bir-birindən gözəl gülləri var. Ən böyük ağac isə düz evin  qarşısındakı ərik ağacıdır. O ağac ki, həyatımda uşaqlığımı yaşaya bildiyim cəmi 5 il ərzində bacılarımla birgə ən böyük əyləncəmiz o ərik ağacının altında “evcik-evcik” oynamağımız idi. Bu gözəl ev, uşaqlığımız Ağdamın Seyidli kəndində keçmişdi. İndi isə nə o ev var, nə həyət, nə ağaclar, güllər, nə də uşaqlığımız...

Ağdamın işğalından 28 il ötməyəcək!

5 yaş hər şeyi xatırlamaq üçün elə də çox deyil, amma qradın dəhşətli səsindən çox qorxduğumuzu, buna görə bacımın burnunun damarının partladığını, unuda bilmirəm. Qradın səsi kəsilməyəndə valideynlərim bizi Ağdamın Çəmənli kəndinə aparırdı. Ağdamın işğalından qısa müddət əvvəl Bakıda yaşayan dayım hər şeyin dəyişəcəyini hiss etdiyi üçün rayona gələrək bizi özü ilə birgə paytaxta gətirdi. O evdə də heç vaxt unutmadığım bir mənzərə yadımda qalıb. Hava qaralmışdı, həyətə çıxanda anamın qohumlarımızla birgə televizora baxıb ağladığını gördüm. Nə baş verdiyini bilmirdim, anama yaxınlaşıb soruşanda ağlaya-ağlaya Ağdamın işğal olunduğunu dedi. Düzü işğalın nə demək olduğunu bilmirdim, amma qorxulu, ağrılı bir şey olduğunu təsəvvür etmişdim.  Böyüdükcə isə daha yaxşı dərk etdim... 

Həyətdə uşaqlarla oynayırdıq, məhləmizdə hamı məcburi köçkün uşağı idi, bəzən yaxınlıqdakı məhlə uşaqları ilə dalaşanda bizə söyüş kimi “qaçqın” deyirdilər. Elə bilirdim həqiqətən də söyüşdür. Ancaq doğrusu qaçqın olmaq söyüşdən də pisdir. Ən böyük məyusluğum isə yay tətili yaxınlaşan vaxt sinif yoldaşlarımın tətildə hansı rayona gedəcəklərini danışdığı vaxt olurdu. Çünki mənim gedəcək rayonum, kəndim qalmamışdı. Daha doğrusu var idi, bir addımlığımızda idi, amma ora getmək dünyanın ən uzun yolundan da uzaq idi. Hər il iyulun 23-də “Facebook” səhifəmdə böyük məyusluq hissi ilə Ağdamın işğalından neçə il ötdüyünü yazırdım. Qızım da iyul ayında doğulub, Ağdamın işğal tarixindən 2 gün sonra iyulun 25-də. İki il əvvəl, qızımın 5 yaşı olanda yazmışdım ki, qızım Ağdamdan çıxdığım yaşdadır. Nə yaxşı ki, artıq Ağdamın işğalından 28 il ötür yazmayacam. 

Vətənə qayıdış

2016-cı il aprel döyüşləri zamanı həyatımın ən həyəcanlı günlərindən biri idi. Düşünürdüm ki, Ağdam da işğaldan azad oluna bilər. Sonra döyüşlər dayandı, ümidim yenidən itdi. Ta ki, Vətən müharibəsi başlayana qədər. Keçirdiyim həyəcanı əhatəmdəki hər kəs bilirdi. Kaş ki, Ağdamın da adını eşidərdim deyə o qədər dualar edirdim ki. Bilirdim ki, Ağdamın işğaldan azad edilməsi asan məsələ deyil, hamı da təsəlli verirdi ki, ora sonda olacaq, narahat olma. Və oldu da, hərdən yuxu kimi görünsə də, inana bilməsəm də oldu. Təəssüf ki, Ağdamın işğaldan azad edildiyi gün koronavirusla mübarizə aparırdım, amma bu belə sevincimi azalda bilmirdi. Hamı zəng vurub təbrik edirdi, gözaydınlığı verirdi. Sonra işğaldan azad edilmiş torpaqlara səfərlər başladı. Ağdama gedənləri görən kimi düşünürdüm ki, kaş mən də gedərdim, kaş mən də görərdim. O gün nəhayət ki, gəldi. 7 aprel 2021-ci il, saat 05:58-də yola çıxdıq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə 27 il sonra Ağdama səfər etdim. Evdən çıxanda həyat yoldaşım soruşdu ki, həyəcanlısan, gözümlə təsdiq etdim ki, hə. Bir tərəfdə sevinc, bir tərəfdə həyəcan, bir tərəfdə görəcəyim mənzərədən məyusluq... 

Şirin nar ağacı 

Ailəm və məni tanıyanların çoxu şirin narı çox sevdiyimi bilir, mənə Ağdamı xatırlatdığı üçün. Həmişə açıq çəhrayı qabıqlı, şirin nar görəndə anamın bizə həyətimizdəki şirin narı dərib verməyi gözümün qarşısına gəlir. Ağdama səfər edəndə yol boyunca bizimlə birgə səfər edən ağdamlı operator Cabbarın Ağdam ləhcəsi ilə şirin, məzəli söhbətləri əhvalımızı daha da açırdı. Deyirdi Vallah o yerlər yenə cənnət olacaq görərsiniz. Səfər zamanı Bərdədə Şəhidlər xiyabanını da ziyarət etdik. Vətən müharibəsində şirin səsi ilə, züm-zümə etdiyi “Vətən yaxşıdır” mahnısı ilə hamımızın yaddaşında iz qoyan şəhid Xudayar Yusifzadə də həmin xiyabanda dəfn olunub. Xudayar da ağdamlıdır, Ağdamı görməyən ağdamlı. Doğumu Ağdamın işğal dövrünə düşüb, şəhid olanda isə Ağdam hələ işğaldan azad edilməmişdi. Baş daşından gülər siması ilə bizə baxırdı, ürəyimdə düşündüm ki, yəqin onun ruhu da bizimlə birgə Ağdama səfər edəcək indi. Sonra isə posta çatdıq, 27 il əzablara məruz qalan, düşmənlə ən çox mübarizə aparan, ən çox şəhid verən, ən çox Milli Qəhrəmanı olan müqəddəs torpağa keçmək üçün olan post. Postu keçəndən sonra həyəcandan ürəyimin döyüntüsü artmağa başladı. 

Məyusluq

Elə ilk anlardan dəhşəti görməyə başladıq. Ağdam hər zaman çox gözəl yer olub, oranı görən, ağdamlı olmayanlar belə necə gözəl, böyük, işıqlı evlərin, binaların olduğunu təsdiqləyir. Həm də böyük ticarət məkanı olub, insanlar tapmaq istədiyi hər şeyi məhz Ağdamda tapıb ala bilirdi. İnsanları mehriban, gülərüz, işgüzar olan Ağdamdan indi geriyə ancaq xarabalıq qalıb. Bir zamanlar insanların xoşbəxt, isti yuvası olan evlərdən əsər-əlamət qalmayıb. Hər tərəf toz, vəhşicəsinə dağıdılmış, məhv edilmiş evlərin, binaların dağıntıları, düşmənin səngərləri, istehkamları. Jurnalist olduğum üçün terrorçuların məhv etdiyi şəhərlərin görüntüsünə çox baxmışam. Amma ən çox dağıdılan şəhərlər belə Ağdam qədər dağıdılmayıb, məhv edilməyib. Gördüyüm mənzərədən dəhşətə gəlib düşünürəm ki, adını eşidib qorxduğumuz terror qrupları belə ermənilər qədər qəddar, vəhşi olmağı bacarmaz, bacarmır da, erməni vəhşiliyini görənlər yəqin dərk edər ki, elə ən dəhşətli terrorçular da onlardır. Onlar təkcə yüzlərlə insanın həyatını yarıda kəsib, dünyanın ən dəhşətli, dözülməz əzablarını göstərməklə kifayətlənməyiblər, insanların evini, yuvasını, isti ocağını, xoşbəxtliyini, gələcəyini, ən əsası isə xəyallarını məhv ediblər. Doğmalarımın dilindən 27 ildir eşidib bildiyim yerlərin heç bir yerində deyildi, heç biri salamat qalmamışdı. Yol boyunca mina təmizləyənlər də çətin işlərinə davam edirdilər. Ancaq bir xətt boyunca yol gedirik, kənara çıxmaq olmaz, hər tərəfə mina xəbərdarlığı vurulub. Ani diqqətsizlik həyatın bahasına başa gələ bilər. Hətta Ağdama çatan kimi, telefonuma xəbərdarlıq mesajı da gəldi ki, təhlükəli ərazilərə daxil olmuşam, ehtiyatlı olum. Bu mesaj mənə çox qəribə gəldi. Ata yurdumda mənə Azercell ehtiyatlı olmağı tapşırırdı.  İlahi, nə qədər vaxt, il, insan, enerji lazımdır ki, bu əraziləri minalardan təmizləyə bilsin. Hər tərəf addım-addım yoxlanılır, bunca dəhşət, düşmənlik niyə edilib axı? Yəqin bunu başa düşmək üçün yalnız erməni olmalısan. Məni ən çox duyğulandıran mənzərələrdən biri bütün yol boyunca məhv edilmiş, yerindən çıxarılmış, kəsilmiş, cənnətin cəhənnəmə çevrildiyi yerlərdə təbiətin apardığı mübarizədir. Hər yerdən susuzluq şəraitində belə olsa nar, əncir ağacları çıxıb. Nar ağaclarının üstü narla doludur, amma susuzluqdan yanıb, qurumuş narlar. Bu həm də o deməkdir ki, təbiət öz lütfünü bizim torpaqdan tam üzməyib.  Düşünürəm ki, narı görəndə boş-boşuna Ağdamı xatırlamırmışam... Yol boyunca hər tərəfi lalələr bürüyüb, xarabalıq içində cənnət yaradıb. Amma o lalələrə yaxınlaşa bilmərik, çünki dörd tərəfi minalardır. 

Əsər-əlamət qalmayan İmarət 

Nəhayət kəndləri keçib Ağdam şəhərinin özünə çatırıq. Yenə də dörd tərəfi dağıntılar olan şəhər, heç bir yeri tanımaq olmur. Yol gedəndə bir zamanlar Ağdamın simvollarından birinə çevrilən çörək muzeyinin dağıntılarını görürəm, həyəcanla avtobusda olan həmkarlarıma deyirəm ki, bura Çörək muzeyidir. İlk olaraq Ağdamın İmarət qəbiristanlığına və İmarət stadionuna gedirik. Qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. Ancaq işğal dövründə İbrahimxəlil xanın türbəsi, Natəvanın qəbirüstü abidəsi də düşmən tərəfindən dağıdılıb. Stadionun yerində isə nə oturacaq var, nə də top atılacaq qapı... 

Yanımda olan jurnalist Mirşahin Ağayev deyir ki, İmarətdə sonuncu oyun “Qarabağ”-la “Turan” klubları arasında olub və “Qarabağ” 1:0 qalib gəlib. İmarətdən çıxıb anama zəng vururam ki, nənəmgilin evi bura yaxındır? Deyir yox, məsciddən üzü aşağı düşən yolun üstündə. Düzü həm nənə-babamın, həm də bizim Seyidlidəki evimiz və həyət təxmini yadımda qalsa da, yolları xatırlamıram. Daha sonra Ağdamın Şəhidlər Xiyabanına gedirik. İşğaldan azad olunduqdan sonra burada bəzi qəbirlərin üstünə adlar yazılıb və fotolar qoyulub. Bu qəbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbridir. Həmişə düşünmüşəm ki, əgər Allahverdi Bağırov şəhid olmasaydı Ağdam işğal oluna bilməzdi. O, nəinki mənim, ağdamlıların, xocalıların, bütün azərbaycanlıların qəlbində özünə ölümsüz bir yer tutan qəhrəmandır. Mindən çox xocalının xilaskarıdır, əminəm ki, digər şəhidlərimiz kimi onun da ruhu artıq şaddır. Allahverdi Bağırovun məzarının yanında digər Milli Qəhrəmanımız Əliabbas İsgəndərovun, Xocalı soyqırımı zamanı qətlə yetirilən ailə üzvlərinin də məzarları var. 

Xocalı soyqırımının ən böyük şahidi – Ağdam Cümə məscidi

Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidinə gedirik. Məscidin yanında Ağdamın 1902-ci ildə tikilən Dram Teatrının fasad divarları qarşımıza çıxır. Bir zamanlar o yer ağdamlıların ən sevimli məkanlarından biri idi, indi isə dağıdılmış binadan geriyə yalnız fasadı qalıb (nə yaxşı ki, heç olmasa bu qalıb...). Məscidə doğru getdikcə həyəcanım artır. Bura atamın, anamın, doğmalarımın hər gün yanından keçib evlərinə getdiyi müqəddəs ziyarətgahdır. Bu məscid Xocalının ən dəhşətli mənzərəsinə şahidlik edib. Vəhşicəsinə qətlə yetirilən xocalıların meyitləri bura gətirilib, burada yuyulub, kəfənlənib. Ermənilər Cümə məscidini də xoş niyyətləri ilə saxlamayıblar, sadəcə ətrafa bura vasitəsilə nəzarət etdikləri üçün məscid salamat qalıb. (Buna da salamat demək mümkündürsə). 

Ağdam işğalda olduğu dövrlərdə hər zaman “Google Map” vasitəsilə Ağdama baxırdım. Həmişə də ancaq məscidin minarəsi və qarşısındakı ağacı görüb pis olurdum. Elə məyus mənzərə idi ki, bunu ifadə etməyə söz belə tapmıram. O ağacı görəndə o qədər sevindim ki, hətta əhatəmdə çoxlu adamlar olmasaydı ağacı qucaqlayıb “biz gəldik” deyərdim. Məsciddə olduğum vaxt anam yenə zəng vurub harada olduğumu soruşur. Məsciddə olduğumu biləndə sevinclə deyir ki, bax oradan bir az üzü aşağı Mirzə Fətəli Axundov küçəsi var aa, nənəngilin evi orda idi. Amma getmə ora, mina olar. Dörd tərəfimə baxıram ki, nə küçə? Küçə qalıb ki? Amma bir tərəfdən də sevinirəm ki, nə yaxşı ki, ağdamlılar küçələri, evləri, Ağdamı bu illər ərzində unutmayıblar. Doğmalarımın söhbətinə qulaq asanda hər zaman sanki virtual olaraq Ağdamı gəzirdim, amma indi onların xatirəsindəki küçələr, evlər, ağaclar, heç bir qalmayıb. Məscidin həyətində yerdən torpaq yığıram, anama və ən doğmalarıma bu torpaqda gül əkib verəcəm ki, bəlkə bir az təsəlli olar. 

Böyük məyusluqla Cümə məscidindən ayrılıb Qiyaslı məscidinə gedirik. Amma nə mən, nə də digərləri burada məscidə aid heç bir iz görə bilirik. Heç bir müqəddəs dəyəri olmayan düşmən buradan tövlə kimi istifadə edib, məscidi məhv ediblər. Ağdamdan çıxmadan əvvəl xislətlərinə uyğun olaraq məscidin dörd tərəfinə mina basdırıblar. Bilirlər axı azərbaycanlılar üçün müqəddəs dəyərlər var, geri dönəndə ilk məscidlərə, qəbiristanlıqlara gedəcəklər. Mən də Qarağacı qəbiristanlığına getməyi çox arzulayıram, çünki hər iki Nadir babam bu qəbiristanlıqda dəfn edilib. Amma indi mina təhlükəsinə görə ora getməyə icazə verilmir, həm də ermənilər o qəbiristanlığı yerlə-yeksan ediblər, deyilənə görə bir qəbir belə qalmayıb, hətta bir zamanlar buranın qəribistanlıq olduğunu belə demək mümkün deyil. 

Qiyaslı məscidinin sadəcə giriş hissəsi minalardan təmizlənib, digər yerlər yenə də təhlükəlidir. Beləcə səfərimiz başa çatır və geriyə dönmək üçün yol alırıq. Yol boyunca yenə də məyusluqla dağıdılmış evlərə, yollara baxıram. Gözümün qarşısında bu yerlərin tikilib, bərpa edildikdən sonrakı görüntüsünü canlandırmağa çalışıram. Yol boyunca qarşılaşdığımız əsgərlərimiz bizə əl edir, sevinirik, ürəyimiz dağa dönür. Artıq bu müqəddəs torpaqda indi düşmən yox, öz əsgərlərimiz dayanır. Doğulduğum Seyidli kəndini görə bilmirəm, amma heç getsəm belə hansı dağıntının bizim bir zamanlar yuvamız olan evimiz olduğunu bilməyəcəm, amma tezliklə məhz Seyidlini görmək üçün geri dönəcəyimə də ümidim çoxdur. Seyidlini həm də həyatdan tez köçmüş atam üçün görməyi arzulayıram, ruhu şad olsun istəyirəm. Atam Ağdam deyə-deyə bu dünyadan köçdü. Tək təsəllim o oldu ki, onun məzarına səpmək üçün doğma Ağdam torpağı gətirmişəm. Postdan keçib işğalda olmayan yerlərə keçəndə sanki yuxudan ayılıram. Hər yer yaşıllıq, üstü çiçəkləmiş ağaclar, güllər, evlər, insanlar, bir sözlə həyat var. Bax elə düşmənlə də fərqimiz budur, onlar dağıtmağı, məhv etməyi bacarır. Biz isə qurmağı, yaratmağı, gözəlləşdirməyi bacarırıq. Bu xəyalla da geriyə dönürəm, çox çətin görünsə də, illər, böyük əmək lazım olsa da, azərbaycanlılar yenə də bu yerləri cənnətə çevirəcəklər. Avtobusda geri dönəndə yenə ağdamlı operator Cabbar telefonunda bir foto göstərir, gülə-gülə deyir ki, “deyilənə görə Ağdam şəhəri gələcəkdə belə düzələcək, Vallah düzələcək, yenə cənnət olacaq buralar”... Mənim beynimdə isə Qulu Ağsəsin şeiri keçir - Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!

Günay Elşadqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8691
avatar

Oxşar yazılar