Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsinə (ad hüququ) görə “hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır” (birinci hissə). “Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir” (ikinci hissə). Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər (üçüncü hissə).
Göründüyü kimi mülki qanunvericilik təxəllüsə “uydurma ad” kimi anlayış verir. Gəlin ilk olaraq, bu terminin izahına nəzər salaq. Bu söz ərəb sözü olub hərfi mənası “götürülmüş ad” anlamını verir.
Qondarma ad kimi də başa düşülən təxəllüsü adətən şairlərin, yazıçıların, rəssamların, musiqiçilərin, aktyorların və digər şəxslərin işlətdiklərinin dəfələrlə şahidi olmuşuq. Məsələn, Azərbaycan şairi və dramaturqu Səməd Vəkilov “Vurğun”, Azərbaycan şairləri Ələkbər Tahirzadə “Sabir”, Əhməd Axundzadə “Cavad”, Azərbaycan yazıçısı Sabit Mahmudov “Rəhman” təxəllüsü ilə yazıb yaratmışdır. Rus yazıçısı Maksim Qorkinin “Jehudiel Xlamida” təxəllüsündən istifadə etməklə əsərlər qələmə alması məlum faktdır. Yüzlərlə yazıçı, şair, rəssam, heykəltəraş adları çəkmək olar ki, onlar həyatları boyu özlərinə bir sıra təxəllüslər götürmüşdür. Bir şəxsin bir və ya birdən çox təxəllüsü ola bilər. Məsələn, Azərbaycan şairləri Cəfər Cabbarlı və Süleyman Rüstəmin hər ikisi yaradıcılıqlarında “İynə” təxəllüsündən istifadə etmişdir.
İndiki dövrdə internet məkanında (xüsusilə sosial şəbəkələrdə və “chat” səhifələrində) saysız-hesabsız təxəllüslərdən (ingiliscə “nickname”) istifadə edən insanlar vardır. Bu baxımdan “nikneym”i təxəllüsün müasir forması hesab etmək olar.
“Təxəllüs”ü “ləqəb” terminindən fərqləndirmək lazımdır. Belə ki, əgər “təxəllüs” əsasən ədəbiyyatda, incəsənətdə və ya digər yaradıcı sahələrdə istifadə olunan şəxsin özünün özünə verdiyi uydurma şərti addırsa, “ləqəb” bir şəxsin xarakterini, davranışını, peşəsini və ya fiziki xüsusiyyətlərini ifadə edən və həmin şəxsə başqa şəxslər tərəfindən verilən qeyri-rəsmi adlardır. Məsələn, Uzun Həsən, Makedoniyalı İsgəndər, “Şairlə şairi” (Nizami Gəncəvi barəsində) və s. Ləqəblərin müsbət və ya mənfi mənaları ola bilər. Eyni şəxsin müsbət və ya mənfi anlamı olan bir neçə ləqəbinin də olması mümkündür. Məsələn, Əmir Teymurun onun əzəmətini əks etdirən müsbət anlamda “Dünya fatehi”, onu alçaltmaq məqsədi daşıyan mənfi anlamda “Topal Teymur” ləqəblərinə malik olmuşdur.
Qanunvericiliyə görə təxəllüsün hər hansı dövlət orqanında qeydiyyata alınması tələb olunurmu?
Həqiqi adını gizlətmək məqsədi daşıyan təxəllüsdən istifadə edən müəllif sərbəst və müstəqil surətdə özünə etik tələblər nəzərə alınmaqla istədiyi təxəllüsü seçə bilər. Bəzi ölkələrdə təxəllüs ticarət nişanı (“trademark”) kimi qeydiyyata alınaraq hüquqi mühafizə altına alınır. Bu xüsusilə məşhur şəxsiyyətlər (alimlər, sənətçilər və s.) üçün zərurətdən qaynaqlana bilər. Çünki onlara münasibətdə təxəllüs kommersiya dəyərinə malikdir və onun qanuni müdafiəsi yarana bilir. Məsələn, ABŞ-da təxəllüs Patent və Əmtəə Nişanıları İdarəsi tərəfindən qeydiyyata alınaraq qorunur. Təxəllüsün rəsmi qeydiyyatı ilə bağlı analoji proses hazırda Kanada, Böyük Britaniya, Avstraliya, Çin, Yaponiya və Rusiyada da həyata keçirilməkdədir.
Ölkəmizə gəldikdə, qeyd edək ki, təxəllüsün hüquqi statusu və onun qeydiyyatı ilə bağlı hüquqi münasibətləri təfərrüatlı şəkildə tənzimləyən xüsusi qanunvericilik aktı mövcud olmasa da, onun hüquqi müdafiəsi ilə əlaqədar qanunvericilik mexanizmi vardır. Hesab edirik ki, şəxsin təxəllüsü, əgər müəyyən malların təqdim edilməsi və ya xidmətlərin göstərilməsi üçün istifadə olunarsa, o zaman “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları rəhbər tutulmaqla təxəllüs əmtəə nişanı kimi qeydiyyata alına bilər. Həmin qanuna görə əmtəə nişanı dedikdə, sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası) başa düşülür.
Qanunun 6-cə maddəsinin “c” bəndinə görə tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Bu müddəa təxəllüsün əmtəə nişanı kimi qeydiyyata alına bilməsininə dair fikrimizi bir daha təsdiq edir.
Şəxs iradəvi şəkildə təxəllüsdən istifadə edə bilsə də, elə sənədlər vardır ki, orada təxəllüsdən deyil, həqiqi addan istifadə edilməlidir. Buraya məsələn, iddia ərizəsini, etibarnaməni, məhkəmə qərarlarını, şəxsiyyət vəsiqəsini və digər sənədləri nümunə göstərmək olar. Lakin bu deyilənləri qeydiyyata alınan təxəllüslər üçün söyləmək olmaz.
Təxəllüslə dərc edilən əsərə müəllifliyin müəyyən edilməsi hansı qaydada həyata keçirilir?
İlk olaraq qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsindən aydın olur ki, əsərin müəllifinin müəyyən şəxsi (qeyri-əmlak) hüquqları vardır və hüquqlardan biri də əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququdur (ad hüququ).
Qeyd edək ki, müəllifin hansı səbəbə görə özünə məhz belə bir təxəllüsü seçməsini açıqlamaq öhdəliyi daşımır.
Təxəllüslə dərc edilən əsərə müəllifliyin müəyyən edilməsi barədə mübahisənin yaranması təcrübədə rast gəlinən hüquqi problemlərdən biridir. Məsələyə təxəllüsün şəxsiyyəti şübhə altına qoyub-qoymaması nöqteyi-nəzərdən yanaşdıqda bu problemin həllinə iki aspektdən yanaşmaq olar:
Birincisi, müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altına qoymadığı, başqa sözlə, əsərin onun müəllifliyinə şübhə yaratmadığı hallarda mövcud mübahisəni həll etmək demək olar ki, heç bir çətinlik yaratmır. Müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altına qoymaması isə o halı nəzərdə tutur ki, müəllif müntəzəm olaraq eyni bir təxəllüsdən istifadə etsin və həmin təxəllüslə çıxış etməsinin ona aid olması mübahisəsiz şəkildə qəbul edilsin.
Bu halda əksi sübut olunanadək təxəllüslə çap edilmiş əsərə müəlliflik hüququ şəxsiyyəti şübhə altına qoyulmayan şəxsə məxsus olur. Bu mövqe “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 3-cü bəndinin tələbidir. Analoji mövqe ölkəmizin 1998-ci ildə qoşulduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 15-ci maddəsinin 1-ci hissəsində belə əks olunmuşdur: “Bu Konvensiya ilə qorunan ədəbi və bədii əsərin müəllifi kimi baxılması üçün, əgər əksini sübut edən dəlillər yoxdursa və buna uyğun olaraq, İttifaq ölkələrində kontrafaktlara qarşı məhkəmə təqibinə yol verilirsə, müəllifin adının əsər üzərində adi şəkildə göstərilməsi kifayətdir. Bu bənd hətta həmin ad təxəllüs olduqda, müəllifin qəbul etdiyi təxəllüs onun şəxsiyyətini şübhə altında qoymursa, tətbiq olunur”.
İkinci hal müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altına qoyduğu haldır. Bu halda təxəllüslə çap edilən əsərin kimə məxsus olmasını müəyyən etməkdə çətinlik yaranır. Yuxarıda adı çəkilən qanunun 8-ci maddəsinin 3-cü bəndinə görə “Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır.
Təxəllüslə dərc olunan əsərə müəlliflik hüququ ilə bağlı mübahisə yaranarsa, problem necə araşdırılır? Belə hallarda sübutların təqdim olunması tələb edilir. Bu cür sübutlara isə əsərin əlyazmasını, şahid ifadələrini və digər dəlilləri nümunə göstərmək olar. Belə vəziyyətlərdə nəşriyyatla (naşirlə) müəllif arasında bağlanan müəllif müqaviləsinin təqdim edilməsi məsələni birmənalı şəkildə həll edə bilər. Çünki əsər təxəllüslə dərc edilsə də, müəllif sözü gedən müqavilədə müəllifin həqiqi (əsl) adı göstərilir.
Təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququnun müddəti qanunvericiliklə necə tənzimlənir?
Qanunun 26-cı maddəsinin 1-ci hissəsinə görə “Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır”.
Təxəllüsə dəyişiklik edilə bilərmi və ya ondan istifadə edənin kimliyi açıqlana bilərmi?
Qeyd edək ki, təxəllüs toxunulmazdır. Müəllifin razılığı olmadan ona heç bir dəyişiklik etmək olmaz. Onun təhrif edilməsi yolverilməzdir. Müəllifin razılığı olmadan təxəllüsdən istifadə edən şəxsin kimliyi də açıqlana bilməz. Təxəllüsdən istifadə edənin kimliyinin icazəsiz açıqlanması mülki hüquq pozuntusu hesab oluna bilər. Bu cür hallarda mülki iddia qaldırmaq yolu ilə pozulmuş hüquqların bərpası tələb edilməlidir. Belə hallarda rəsmi surətdə üzr istəmə, kompensasiya tələb edilməsi və digər müdafiə vasitələrindən istifadə etmək mümkündür. Amma hesab edirik ki, təxəllüsdən istifadə edənin kimliyinin onun razılığı olmadan açıqlanması yalnız məhkəmənin tələbi ilə mümkün ola bilər. Belə ki, hər hansı mətbuat orqanında (qəzet, jurnal, kitab və s.) müəyyən şəxs haqqında böhtan və ya təhqir xarakterli yazı dərc olunarsa, həmin məqalə ilə bağlı işə baxarkən məhkəmə təxəllüsün açıqlanmasını redaksiyadan tələb edə bilər. Belə hallarda isə redaksiya müəllifin razılığı olmadan təxəllüsdən istifadə edən müəllifin şəxsiyyətini açıqlamalıdır.
Bir təxəllüsdən bir neçə şəxs istifadə edə bilərmi?
Qeyd olunmalıdır ki, qanunvericilikdə bir təxəllüsdən eyni anda bir neçə şəxsin istifadə etməsini qadağan edən hər hansı bir müddəa yoxdur. Təcrübədə belə hallara çox rast gəlmək mümkündür. Əgər təxəllüslə dərc olunan yazının kimə məxsus olması mübahisəsi yaranarsa və belə halda həmin təxəllüsün iki şəxs tərəfindən də istifadə edildiyi müəyyən edilərsə, o zaman iddia edən şəxs öz tələbini sübut etməlidir. Yəni mübahisə qaldıran tərəflərin hər ikisi sübut etməyə borcludur ki, həmin əsər məhz onundur. Belə vəziyyətdə hansı şəxs sübut edərsə, o şəxsin də əsərə mülliflik hüququ qəbul edilmiş olar.
Təxəllüsün hüquqi statusu və ondan istifadə ilə bağlı Avropa Məhkəməsinin baxdığı işlər olubmu?
Təxəllüsün hüquqi statusu və ondan istifadəyə dair Avropa Məhkəməsinin birbaşa qərarları olmasa da, təxəllüslə bağlı dolayı qərarlar əsasən ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı və müəlliflik hüquqları kontekstində qəbul edilmişdir. Məsələyə adı çəkilən hüquqlar çərçivəsində yanaşsaq, ümumi şəkildə deyə bilərik ki, Avropa Məhkəməsi təxəllüsün yaradıcı şəxslər və ictimai xadimlər üçün nə dərəcədə mühüm bir məsələ olduğunu tanıyır və təxəllüsün hüquqi müdafiəsinə təminat verir. Məsələn, “Handiside Birləşmiş Krallığa qarşı” iş üzrə 7 dekabr 1976-cı il tarixli qərarında Avropa Məhkəməsi birbaşa təxəllüslə bağlı məsələyə toxunmasa da, həmin qərarda məhkəmə ifadə azadlığını qoruyaraq yaradıcı şəxslərin öz əsərlərində istifadə etdikləri ad və ya təxəllüsləri müdafiə etməyin əhəmiyyətini vurğulamışdır. Bu qərar dolayı da olsa, təxəllüsün də ifadə azadlığı hüququnun bir hissəsi kimi müdafiə oluna biləcəyini təsdiq edir.
“Khurshid Mustafa və Tarzibachi İsveçə qarşı” iş üzrə 16 dekabr 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi yenə də birbaşa təxəllüslə bağlı məsələyə toxunmasa da, fərdin öz şəxsi kimliyini və şəxsi toxunulmazlığını qorumaq hüququnun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, təxəllüs kimi şəxsi məlumatların istifadə olunduğu hallarda da fərdin şəxsi toxunulmazlığının nəzərə alınması tələb olunur.
“Gillberg İsveçə qarşı” iş üzrə 03 aprel 2012-ci il tarixli qərarında Avropa Məhkəməsi şəxslərin öz yaradıcılıq prosesində istifadə etdikləri ifadə vasitələrinin, o cümlədən təxəllüslərin hüquqi baxımdan qorunmalı olduğunu vurğulamışdır.
Avropa Məhkəməsinin təxəllüsə toxunan oxşar işlərinə həmçinin aşağıdakıları nümunə göstərmək olar: “Sürek və Özdemir Türkiyəyə qarşı” (1999-cu il), “Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı” (2008-ci il), “Eon Fransaya qarşı” (2013-cü il), “Bedat İsveçrəyə qarşı” (2016-cı il) işlər və s.
Göründüyü kimi Avropa Məhkəməsinin bu qərarları təxəllüsün hüquqi mübahisələrdə nəzərə alınmasının vacibliyini təsdiqləyir.
Beləliklə, sonda onu deyə bilərik ki, təxəllüs müəllifin mühüm şəxsi (qeyri-əmlak) hüquqlarından biri hesab edilir və ondan istifadə hüququ hüquqi dəyərə malikdir.