Tort əvəzi "ölü"  yemək?
29 iyun 2022 18:23 (UTC +04:00)

Tort əvəzi "ölü" yemək?

Sosial şəbəkələrdə qarşıma bir şəkil çıxdı. Kimsə öz ad günü üçün mərhum anasının məzarını əks etdirən tort sifariş etdirib. Tortun üstündə bəzək əvəzi qara rəngdə məzar və baş daşı “ucaldılıb”, bu da yetməyib məzar başında qara geyimdə diz çökmüş və dua edən qadın heykəli... Baş daşının üstündə mərhum ananın şəkli və ürəkdağlayan sözlər.

Tortu hazırlatdıranlar da yəqin onu muzeyə qoymağı düşünməmişdilər, yeyəcəkdilər. Anasının yoxluğuna hüznlənən övladlar bu ad günündə onun məzarını parçalayıb, ağızlarını şirin etməyi düşünmüşdülər?!

Azdırmı bu kimi hallar? 

Bir müddət öncə bundan daha betər bir ideya qarşıma çıxmışdı. Övlad sevinci yaşayan valideynlər tortun üstünə uşağın ilk “kakasını” həkk etdirmişdilər. Bunun necə bir görüntü olduğunu təsəvvür etməyən subay konditer də, eləmə tənbəllik, tortun üstündə böyük insan nəcisi şəklini çəkmişdi. İndi bu tort sahibi bəh-bəhlə qohum əqrəbaya balaca uşağın …nu yedizdirəcəkdi?

Hələ əziz-xələf balasına sünnət  toyu edənlərdən danışmıram. Sizcə tortun üstünə insanın hansı orqanının şəklini çəkdirmişdilər? Çox dərin düşünməyin, doğru tapmısınız.

Mən dəfələrlə şəhidlərimiz üçün təşkil edilmiş mərasimlərdə tortun üstünə şəhid şəklinin vurulduğunu, sonra da o tortun yeyildiyini görmüşəm. Sizcə bu nə dərəcədə  uğurlu ideyadır? Hələ imamların mövludunu ad günü kimi keçirib, tortun üstündə şam yandıranları, yas üçün qara tort bişirtdirənləri demirəm.

Dərdimiz torta bitsə yaxşıdır. İndi daha ölənləri sosial şəbəkələrdə ağlayır, baş sağlığı verir, bununla da qalmayıb, məzarın üstündə imarət tikir, hətta məzara internet də çəkdirirlər. Rəhməlik sanki son mənzilə yox, təzə mənzilə köçür. Nə ediriksə hamısı görüntü üçündür, özünü göstərmək üçündür. Yasımız da şou, toyumuz da şou, elə ömrümüzdə şou...

Yenilik, kreativlik, sevmək, anmaq, sevinmək və ya hüznlənmək bu idi? 

# 5091
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar