Şuşa və Ağdamda yalnız bu yerlərə getmək olar, başqa yerə gedənləri...
24 fevral 2022 19:25 (UTC +04:00)

Şuşa və Ağdamda yalnız bu yerlərə getmək olar, başqa yerə gedənləri...

Artıq bu ilin əvvəlindən başlayaraq, işğaldan azad olunan Şuşa və Ağdam rayonlarına səfərlər başlayıb. Adı çəkilən rayonlara səfərlər avtobuslarla əvvəlcədən bilet alınması ilə həyata keçirilir. Burada vətəndaşları maraqlandıran suallar səfərlərin necə təşkil olunmasıdır. Belə ki, bəzi insanlar Şuşa və Ağdamda hansı ünvanların ziyarət olunacağını və səfərin nə cür təşkil edəcəyindən məlumatsızdırlar.

Mövzu ilə bağlı DANX mətbuat katibi Günay Zeynallı Lent.az-a bildirib ki, səfərlərdə təhlükəsizliyin qorunması üçün bir neçə qurumun nümayəndəsi də onları müşayiət edir. Qurum rəsmisi həmçinin ziyarət olunacaq yerlərin adlarını da açıqlayıb:

“Şuşa və Ağdam istiqamətində səfərlərin təşkili zamanı təhlükəsizlik üçün sərnişinləri Daxili İşlər Nazirliyinin nümayəndəsi, Regional İnkişaf İctimai Birliyi və Asan Xidmət Könüllüləri müşayiət edir. Təhlükəsizliyin qorunması məqsədilə əvvəlcədən qeyd olunan məntəqələri ziyarət etmək mümkündür. Başqa yerlərə sərnişinlərin səfər etməsinə, ziyarətinə icazə verilmir. Belə ki, Şuşada Cıdır düzü, Şuşa qalası, Bülbülün, Vaqifin muzeyləri, həmçinin icra hakimiyyətinin binası, güllələnmiş heykəllər, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Xurşudbanu Natəvanın evi, Xan qızı bulağı, Ağdamda isə Pənahəli xanın saray kompleksi, çörək muzeyi, şəhidlər xiyabanı, cümə məscidi, Qiyaslı məscidinə sərnişinlər ziyarət edə bilər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə məsələ ilə bağlı Lent.az-a danışarkən sərnişinlərin yalnız təyin olunmuş yerlərə getməsinə icazə verildiyini bildirib. Onun sözlərinə görə, səfər zamanı qanuna məhəl qoymadan öz istəyi ilə təyin edilməyən məntəqələri ziyarət edənlər aşkarlandığı halda, barəsində qanunauyğun tədbir görüləcək.

Qeyd edək ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə səfər təşkil edilir. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Mehman Nəbiyev

Oxşar yazılar