Binanın həyətinə girəndə göz önündə “Bizim Cəbiş müəllim” filmi canlandı. Filmdən gördüyümüz eyni həyət idi sanki. Dar pilləkənlər, köhnə fasadlar, nostalji ruh. Həyətdə bina sakinləri oturub çay içir. Yazın günəşi də öz yerində. Biz isə qonaq gəlmişik, Fikrət bəygilə. Daha doğrusu rəssam Fikrət İbrahimlinin emalatxanasına.
Budur, pəncərədən bizə baxır. 5-ci mərtəbədə gözləyir. Liftdən düşən kimi qapıdaca qarşılayır...
- Əvvəl emalatxanam Əhmədlidə idi. Sonra bura gəldim. Buranı da 1997-ci ildə Heydər Əliyev bizə sərəncamla bağışlayıb, 50 kvadratdır.
Fikrət bəy deyir ki, gününü çox vaxt tək keçir...
- Əvvəllər, qonaqlarım çox olurdu. İndi heç kim gəlmir. İndi siz gələndə “Şuşa” əsəri üzərində işləyirdim. Eskiz variantı hazırdır.
Deyir 67 yaşı olsa da, bircə dəfə də sərgisi keçirillməyib
- Yox, sərgim hələ də keçirilməyib. Əslində, 60 illik yubileyimdə sərgim keçiriləcəkdi, 60 şəkildən ibarət olacaqdı. İndi 67 yaşım var. Allah qoysa edəcəm nə vaxtsa.
Fikrət bəy dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovu yad edir...
- Mənim müəllimim Toğrul olub. Baxmayaraq ki, Toğrulla yaş fərqimiz çox idi, amma biz yaxın dost olmuşuq. 1976-cı ildə Əzimzadəyə getdim, oranı bitirdikdən sonra isə İncəsənət institutuna qəbul oldum. Və bəxtimə Toğrul kimi müəllim çıxdı. Orda oxuduğum zaman 3 fakültə var idi, hərəsində də 5 nəfər. Sonra 2 nəfər getdi, 13 nəfər qaldıq. Bizim qrupda da 5 nəfər var idi.
Uşaqlıqdan rəsm çəkməyə həvəsi olub. 9-cu sinifdə oxuyanda isə tam şəkildə çəkməyə başlayıb. İlk dəfə Nizaminin portretini çəkib
- Mənim atam dil-ədəbiyyat müəllimi olub. Adil Hacıyev, atamın dostu, bizə rəsmdən dərs keçirdi. Adil müəllim atama dedi ki, bu uşaqda bacarıq var. Çəkməyi bacarır, qoy dərnəyə gəlsin. Atam da dedi ki, əgər bu sənəti seçirsənsə, get. Dərsdən əlavə Adil müəllim məni çağırıb internatda da öyrədirdi.
Məni Bakıya da ilk dəfə öz oğlu ilə birlikdə o gətirdi. Bir il onun evində qaldıq, imtahanları verdik.
Fikrət İbrahimlinin atasının məzun albomu
Fikrət bəy iki dünya şöhrətli azərbaycanlı rəssamın münasibətlərindən danışır.
- Tahir Salahovla Toğrulun janrları başqadı. Onlar eyni vaxtda oxuyublar. Yaxın olmayıblar. Rasim Babayevdi, Toğruldu, Mircavaddı bunlar rəssamdılar. Toğrul gözəl rəssam idi, gözəl əl qabiliyyəti vardı. Tahir də gözəl rəssam idi, amma heyf ki, ideologiyaya xidmət etdi. Dünyada Azərbaycan rəssamlarının içərisində ən çox Toğrul qəbul olunur. Fransada rəhmətə gedib. Onun orda muzeyi də var. İndi Toğrulun qızı da Fransadadı.
Qəhrəmanımız rəsmlərinin realizmə əsaslandığını vurğulayır.
- Mənim çəkdiyim rəsmlər realizmə əsaslanır. Çəkilən rəsmlərdə mesajlar rənglə, simvolika ilə verilir.
Mən rəsm çəkmişdim: ortada 3 əsgərimiz, ruhlar yuxarıda. O əsər özü çox böyük əsərdi. Göy, qırmızı və yaşıl rənglər... Belə baxanda bilinmirdi. Amma diqqətlə baxanda görürsən ki, o tam bayraqdan ibarətdir. Yuxarıda ruhlarla bərabər mələklər və ordu gəlir. Sonda isə Şuşa alınır. Nəvəmi də çəkmişəm orda.
Rəsmi çəkməzdən əvvəl birinci kompozisiyanı beynində qurursan. Sonra çəkəndə ona müəyyən dəyişikliklər də edə bilirsən. Amma rəngi görürsən. Elə işlər var ki, konkretdir. Başlayırsan və bitirirsən. Eləsi də var ki, aylarla üzərində işləyirsən.
Bax, mən sənə karandaşla çəkməyi öyrədə bilərəm. Rəng isə içdən gələndir. Onu heç kimə öyrətmək olmaz. Deyə bilərsən hansı rəng hansı rənglə qohumdur. Onu da deyim ki, düşmən rəng yoxdur. Düşmən rəngləri birləşdirmək üçün ortasına bir dənə başqa bir rəng atırsan tamamlanır. Rəngi rəngə qarışdıranda adam həvəsə gəlir. Şəkil çəkmək istəməsən belə ruhlanırsan. Bu, hal məsələsidir.
Fikrət bəy gənclərin rəssamlardan gileyini gizlətmir…
- Kompüter uşaqları bədbəxt edib. İşləmirlər, eskiz etmirlər, fikirləşmirlər. İndi kompüterdə hazırlayırlar, orda da çap edirlər. Bu da düzgün deyil, rəssamlıq deyil. Tələbələrim var idi. Sonra mən xəstələndim, əməliyyat oldum. Ondan sonra tələbə götürmürəm. Arada gəlirlər. Deyirəm evdə işləyin, gətirin baxım.
Bəs görəsən rəsmlərini satırmı?
- Məndən ən çox iş alan şotlandlar olub. Onlarla çox işləmişəm. “Gülüstan” sarayında onların tədbiri üçün dekorasiya edirdim. Fransanın burda xanım səfiri var idi. Məndən iş alıb o da. Sonra İtaliya səfirinin xanımı məndən avtoportretimi aldı. Dedim ki, satmıram. İsrar etdi ki, bəs xoşum gələr alacam. 1000 dollara həmin avtoportreti aldı.
Həmin portret
Ən baha əsərimi 12 min dollara satmışam. Onu da deyim ki, xaricilər də alanda daha çox milli əsərlərə, natürmortlara üstünlük verirlər.
- Deyilənə görə, bir neçə il əvvəl əsərləriniz oğurlanmışdı. Həmin əsərlərin bəzilərini tapsanız da, üçünü tapmamışdınız…
- Emalatxanamda qapını sındırıb içəri girmişdilər. Əllərinə keçəni götürmüşdülər. Elə satdığım avtoportret də onun içərisində idi. Avtoportretə görə işlər tapıldı. Əsərlərimi araq almaq üçün mağazaya pul əvəzi vermişdilər. Mağaza sahibi də əsərimi asmışdı divara. Bir nəfər görüb mənə xəbər etmişdi ki, sənin portretini İçərişəhərdə mağazada asıblar. Hətta bir əcnəbi onu almaq üçün mağaza sahibini dilə tutmağa çalışıb. O biriləri kitab mağazasına vermişdilər. İkisini rəsm qalereyasına vermişdilər, oradan götürdüm. Üçü tapılmadı...
Əcnəbilərlə yanaşı yerli adamlardan sifariş alıb.
- Allahşükür Paşazadə məndən 6-7 dənə iş alıb səfirlərə hədiyyə etmək üçün. Hamısı İçərişəhər motivləri mövzusunda. Nazirlikdən mənə zəng gəldi ki, sən və Anar Hüseynzadə hərəniz 2 dənə iş götürün gedin Şeyxin yanına. Ora gedəndə də Anara dedim mənim işlərimi də sən götür qalx, mən qalxa bilmirəm. Sonra gəlib dedi ki, səni yuxarı çağırır, mənim işlərimi bəyənmədi. Qalxdım yuxarı, əsərlərimi aldı. Yaxşı da pul verdi. Dedi, əvvəllər Hacı Surxaygil qiyməti öldürürdülər? Dedim hə. Toğrulla dost idilər. Toğrulun adını eşidən kimi, dedi sənin üzünə baxanda həmin ruhu gördüm. Sonra mənə dedi ki, mənim üçün bir dənə də böyük İçərişəhər işlə, alacam. Amma sonra əlaqə kəsildi, zəng etmədi, mən də getmədim. Rəsmi də çəkmişəm hazırdı. 15 min də qiyməti var. Bunu çəkəndən sonra bütün enerjim getdi, xəstələndim.
Rəssamın Şeyx üçün çəkdiyi həmin əsər
- Bütün rəssamlar imza qoyur. Sizin fikrinizcə, əsər imzaya görə daha qiymətlidir, yoxsa işə…
- Əsas işdir. Məsələn, Pikassonun imzasının görəndə cızma-qarasına da pul verilir. Səttar Bəhlulzadə əsərlərinə imza qoymurdu. Üslubundan, tərzindən bilinir ki, bu Səttarındır.
- Axı, adi adamlar onu bilməz və aldadılırlar…
- Əlbəttə, poladəritmənin sahibi vardı, Paolo Pərviz. Ona Səttarın bir neçə rəsm əsərini “kopya” edib yüksək məbləğə satmışdılar. Sonra yoxlatdıranda bilmişdi ki, hamısı saxtadır. Geri qayıtmaq şansı da yoxdur.
- Rəssamlar İttifaqının üzvü olmaq məcburidir?
- Xeyr. Məsələn, mən SSRİ Rəssamlar İttifaqının üzvüyəm. Mən bu ittifaqa üzv olanda orada Azərbaycanda cəmi 100 nəfər vardı. O vaxt üzv olmaq üçün 3 dənə respublika, 1 dənə də beynəlxalq sərgin olmalı idi.
1982-ci ildə universiteti qurtardım, sənədlərimi verdim. 2-3 dənə respublika sərgisi olanı götürdülər, məni yox. Heç səbəbini də demirdilər. Axırda 1986-cı ildə ittifaqa qəbul etdilər.
Rəssam Səttar Bəhlulzadə və Maral Rəhmanzadənin sevgisindən də danışır…
- Səttar Marala olan sevgisinə görə, evlənməyib. Onlar bir yerdə oxuyublar. Biri-birilərini çox sevirdilər. Çox platonik sevgiydi.
Səttar başqa idi. 7-8 nəfər tələbə gedirdik evinə. Seçirdi 2-3 nəfəri deyirdi ki, siz sabah gələrsiz. O birilərini isə qoymurdu.
Yenə ustadı Toğrul Nərimanbəyovu xatırlayır.
- Toğrul müstəqillik vaxtı incidi getdi. Azərbaycanın yaxşı rəssamlarından biri idi. Məsələn, bizdə Mircavadın qardaşı Tofiq Cavadov gözəl rəssam olub. Rasim Babayevin də xalasıoğlu idi. Rasim Babayev özü böyük bir rəssam idi. Onun əsərlərinin yanından sakit keçmək olmur. Onun həm də güclü səsi var idi.
Toğrul əslən şuşalıydı. Anası fransız. Atası o vaxt cümhuriyyət vaxtında gedib Parisdə oxuyub. Orda evlənib. Sonra da qadını götürüb gəlib. Toğrulun uşaqlığı Səmərqənddə keçib.
O, insan kimi də başqa cür insan idi. Gecə saat üçədək işləyirdi. Deyirdi, dur gedək kofe içməyə. Gedirdik Dəniz vağzalına, konyak, kofe içirdik. Musiqiçiləri də çağırırdı.
Mən siqaret çəkirdim, o çəkmirdi. Deyirdi ki, sənə baxanda məndə çəkmək istəyirəm. Çəkməyəndə, soruşdu ki, nöşün çəkmirsən? Deyirdim qurtarıb. Gecə saat neçə idi gedirdik “Kubinka”ya, mənə blokla siqaret alırdı.
(Bir az fikrə gedir) “Kubinka”da liliput bacılar vardı, qutab, perojki bişirirdilər. Məni götürüb aparırdı onların yanına. Onlar da Toğrulu görən kimi qucaqlayıb öpürdülər. Ordan çaxır, qutab-zad götürürdü. 2 blok siqaret mənim, bir qutu da özü üçün alırdı. Deyirdim, sən niyə götürürsən? Var da məndə. Deyirdi, özüm çəkəcəm, tək-tək. Hər gün birini. Dəfnində iştirak edə bilmədim, heyf. Amma çox istəyərdim gedim qəbir üstünə.
Rəssam deyir ki, qiymətsiz, satmaq istəmədiyi əsərlərini evdə saxlayır. İndi isə Əlibəy Hüseynzadənin portretini işləmək istəyir.
- Hüseynzadənin tək portretini yox, fərqli nəsə etmək istəyirəm. Hələ ki onun haqda oxuyuram, baxıram.
Qapıdan çıxanda şair Əlisəmid Kürün portretini görürük.
- Mən Əlisəmidlə çox işləmişəm. Qabiliyyəti var, amma rəssam deyil. Rəssamlıq duyğusu var, rəngləri bilir. O vaxtı məsələn, tələbə vaxtı gedirdi tədbirlərdə Şaxta Baba çəkirdi (Gülür). Şəkil çəkmək başqadı, rəssamlıq başqa…
FOTO: Orxan Kərimov