“Sevgi evi”ndə İŞGƏNCƏ   - Nəzarət edənlər hara baxırlar?
02 iyun 2022 16:59 (UTC +04:00)

“Sevgi evi”ndə İŞGƏNCƏ - Nəzarət edənlər hara baxırlar?

Bu gün paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən uşaq sığınacağında bir neçə azyaşlıya qarşı şiddət göstərilməsi, işgəncələr verilərək döyülməsi barədə rəsmi məlumat yayıldı. Sonradan bu sığınacağın adının “Sevgi evi” olduğu üzə çıxdı. Təəssüf ki, sığınacaqda olanlar adı ilə tərs mütənasibdir. Təbii ki, sığınacağa cəmiyyətdə şiddət görən, sevgidən qayğıdan məhrum olan körpələr yerləşdirilir. Təsəvvür edin həmin körpələrə son ümid yeri kimi sığındıqları bu “sığınacaq”da da şiddət görmələri izahı mümkün olmayan əzablar verib.

Məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olaraq, hər kəsin kəskin qınağına səbəb oldu. Müzakirələrdə səslənən suallardan biri, sığınacaqları kimlərin yoxlamasıdır. Bu suala Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə cavab verib. O, Lent.az-a bildirib ki, Bakıdakı üç sığınacaq – biri özünün olan, biri Mehriban Zeynalovanın rəhbərlik etdiyi “Təmiz Dünya” və “Ümid yeri” sığınacaları daim yoxlanılır:

“Yoxlamaları Nazirlər Kabineti tərəfindən təyin olunan monitorinq heyəti həyata keçirir. Adını çəkdiyim bu üç sığınacaq akkreditasiyadan keçmişik”.

Təşkilat sədri həmçinin bugünkü üzə çıxan rüsvayçı faktla bağlı da bəyanat  yaydıqlarını qeyd edib:

“İyunun 2-də Baş Prokurorluq tərəfindən sığınacaqda azyaşlı uşaqlara fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanmasına dair yayımlanan rəsmi məlumat, cəmiyyətdə ciddi əks səda yaradıb. Belə ki, sığınacağın adının qeyd edilməməsi, digər sığınacaqların fəaliyyətini şübhə altına alıb və suallar yaradıb.

Biz, adı çəkilən sığınacaq rəhbərləri bəyan edirik ki, rəhbərlik etdiyimiz sığınacaqlar uzun müddət fəaliyyət göstərməklə yanaşı,  ölkə qanunvericiliyi, eləcə də beynəlxalq qanunvericilik və standartlara tam uyğunlaşdırılıb.
Adları qeyd edilən və edilməyən sığınacaqlar, ölkədə həssas qruplarla peşəkar iş səviyyəsində işini qurub və kifayət qədər həssas qruplara aid olan qadın və uşaqlara dəstək verib. Danılmaz faktdır ki, sığınacaqların olması  həssas qruplara dəstək üçün olduqca əhəmiyyətli resursdur və bu həm beynəlxalq sənədlərdə ölkəmizə verilən tövsiyələrdə, eləcə də bir sıra qanunvericilik aktlarımızda rəsmi əksini tapıb.

2022-ci ildə eynilə adı çəkilən sığınacaqlarda da Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş ixtisaslaşmış monitorinq qrupları, monitorinq səfəri etmiş və hər bir sığınacağın fəaliyyətinə dair lazımi tövsiyələr verib.

Bir daha bəyan edirik ki, qanunvericiliyin tələbinə uyğun aparılan monitorinqlərin əhəmiyyətini vurğulayırıq. Lakin bildiririk ki, hər hansı hadisənin bütün sığınacaqlara şamil edilməsini, onların fəaliyyətinə kölgə salınmasını pis hal kimi qiymətləndiririk.

İctimai iştirakçılıq və ictimai nəzarət qaydalarına uyğun olaraq, KİV, dövlət qurumları sığınacaqların fəaliyyətini monitorinq etməsini dəstəkləyir, lakin sığınacaqların fəaliyyətinə neqativ imic formalaşmasının qarşısının alınmasına çağırış edirik”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sığınacaqlarda polis tərəfindən yoxlama aparılmadığını qeyd etdi:

“Uşaq sığınacaqlarında polis əməkdaşları yoxlama monitorinqləri aparmır. Həmin yoxlamalar digər aidiyyatı qurumlarla birgə keçirilir. Ancaq sığınacaqlarla bağlı hansısa şikayət daxil olanda təbii ki, polis əməkdaşları dərhal hərəkətə keçərək, lazımi tədbirlər görür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4374
avatar

Mehman Nəbiyev

Oxşar yazılar