Məhərrəm və Siracın medalları ailələrinə  təqdim edildi
27 avqust 2025 14:04 (UTC +04:00)

Məhərrəm və Siracın medalları ailələrinə təqdim edildi

Azərbaycanın müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsində onların ailə üzvlərinə təqdim edilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bir qrup media mənsubunun da iştirak etdiyi tədbirdə nazirliyin şəxsi heyət baş idarəsinin rəisi general-mayor Müşfiq Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin bölgələrə ezam olunmuş, 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olan jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışov xalqımızın yaddaşında daim fədakarlıq nümunəsi kimi qalacaq.

Hər iki şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılmasında, hərbi-vətənpərvərliyin təbliğində və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqda fərqlənən bir qrup media nümayəndələri də tədbirdə təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar