''Sanki cəhənnəmi diri-diri yaşadıq"  - FHN əməkdaşı Türkiyədəki zəlzələni anlatdı
14 mart 2023 12:14 (UTC +04:00)

''Sanki cəhənnəmi diri-diri yaşadıq" - FHN əməkdaşı Türkiyədəki zəlzələni anlatdı

Hər kəs onu dəhşətli zəlzələyə məruz qalmış Qəhrəmanmaraşda yuxusuz gecələr nəticəsində yorğun düşüb yatan fotosu ilə tanıyır. Həmin fotodakı şəxs FHN-in əməkdaşı Bəhruz Nəsirlidir.

Bu günlərdə Bəhruz zəlzələ bölgəsində yaşananları və gördüklərini Musavat.com-a danışıb.

O, 12 ildir ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici işləyir. Bəhruz da digər yoldaşları kimi dövlət başçısının tapşırığı ilə qardaş ölkəyə köməyə göndərilənlərdən biridir.

Müsavat.com Bəhruz Nəsirli ilə müsahibəni təqdim edir:

- Qəhrəmanmaraşa çatanda ilk vəziyyəti təsvir edə bilərsiniz?

- Orada gördüyümüz mənzərədən şoka düşdük, sanki cəhənnəmi diri-diri yaşadıq. Çox acınacaqlı vəziyyət var idi. İnsanlar qorxu, təşviş içində idilər, kömək üçün yalvarırdılar. Onlar Azərbaycandan gələn xilasedicilərə güvənir, ümid edirdilər. Son günə qədər fasiləsiz olaraq uçmuş binaların altında axtarışlar apardıq. 7 mərtəbəli binalar var idi ki, indiki iki mərtəbəli binalar boyda olmuşdu. Biz o qat-qat mərtəbələrin altından təxminən 55-56 insanı canlı, amma təəssüf ki 800-dən artıq da cəsəd çıxardıq.

- Bu mənzərələr sizin işinizin mərkəzi sayılır və qayıtdığınız ərəfədə bəlli bir zaman keçmiş oldu. Bu müddətdə nələr baş verdi, nələr dəyişdi? İlk gəldiyiniz gün və yola düşdüyünüz son gün arasında nə kimi dəyişiklik var idi?

afbde9b0-cbc7-46a7-8581-fde9e9e8ee6e.jpg (130 KB)

- İlk gün gedəndə heyrət içində idik. Təcili yardım maşınlarının səsi, insanların yalvarışı dəhşətverici idi. Biz insanların ümidlərini puç etmədik, hətta gözlədiklərindən də artıq nəticə verdik. Türkiyəyə o ərəfədə dünyanın müxtəlif ölkələrindən gələn xilasedicilər arasında Türkiyədən sonra birinci nəticəni biz göstərdik. Türkiyə prezidenti şəxsən gəldi, bizə təşəkkür etdi. Hətta Türkiyənin rəhbər vəzifədə olan məmurları da təşəkkür etmək üçün bizi ziyarət etdilər.

- Qardaş Türkiyədəki zəlzələ nəticəsində nəinki ölkəmizdə, həm də dünya mediasında FHN-nin işi bir az da ön plana çıxdı deyə bilərikmi?

- Nədənsə, hələ də bizdə elə bilirlər ki fövqəladə təkcə yanğınsöndürənlərdən ibarətdir. Biz Xüsusi Riskli Xilasetmə olaraq istər ölkədə, istərsə də xarici ölkələrdə olan bədbəxt hadisələrdə iştirak edirdik və edəcəyik də.

- Ölkə daxilində və xarici ölkələrdə başqa hansı belə hadisələrdə iştirak etmisiniz?

- İkinci Vətən müharibəsi zamanı biz Murovdan, Kəlbəcərdən, Ağdərədən, Laçından tanınmaz halda olan şəhid qardaşlarımızın nəşlərini qar uçqunlarının altından çıxarıb ailələrinə təhvil verdik. Bundan əlavə Türkiyədə baş vermiş Van zəlzələsi, Türkiyədəki meşə yanğınlarında da iştirak etdik.

- Bəs bu faciələrin içərisində ən dəhşətlisi, sizcə, hansı idi?

- Türkiyədə fevralda baş verən zəlzələ yaddaşımdan bir an olsun silinməyəcək izlər buraxdı. Van zəlzələsində də dağıntılar var idi, amma bu qədər deyildi. Düşünməzdik ki, bu böyüklükdə fəlakət ola bilər. Vətən müharibəsində şəhidlərimizi xilas etdiyimiz ərəfədə deyərdim ki, bizim üçün olduqca ağır idi. Amma Qəhrəmanmarakı fəlakət dəhşətli idi. Təsəvvür edin ki, cəsəd qoxusundan dağılmış tikintilərə yaxınlaşmaq olmurdu. Elə olmuşdu ki artıq qoxudan harda cəsəd olduğunu müəyyən edə bilirdik. 4-5 gündən sonra cəsədlərin qoxusu bütün şəhəri bürümüşdü. Dözmək mümkün deyildi.

- Xilas etdikləriniz arasında dağıntılar altında ən uzun müddət sağ qalan oldumu?

- 6-7 gündən sonra 2 uşaq xilas etdik, uşağın birini xilasedicilərimizlə birgə təcili yardıma qoyanda balaca qıza sual verdim ki, neçə müddətdir burdasan. Necə ac-susuz sağ qaldın. Uşaq dedi ki, siz gələnə qədər ağ paltarlı qadın mənə yemək, su verirdi, üşüməyim deyə üstümə yorğan örtürdü. Sizi görən kimi o qadın məni sizə təhvil verib getdi. Hələ də danışdıqca tüklərim biz -biz olur. Bu söhbətdən sonra biz, uzun müddət özümüzə gələ bilmədik.

- Həmin qızın neçə yaşı olardı?

- 8 yaşı var idi

- Bəs ən kiçik xilas etdiyiniz uşağın neçə yaşı olub?

- Ümumi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilas etdiyi ən azyaşlı 5-6 aylıq idi. 2-3 gün sonra dağıntılar altından o körpəni xilas etdik. Amma xilas etdiyimiz ərəfədə o körpəni elə çıxardıq ki, elə bil kimsə əli ilə onu saxlamışdı, körpəyə heç nə olmamışdı. Ən yaşlı xilas etdiyimiz isə 65 yaşında qadın idi.

- Günlər sonra dağıntılardan sağ çıxarılan insanları görəndə nə hiss edirdiniz?

- O zəlzələdə gördüyüm hər səhnə, deyərdim ki, yaddaşıma ömürlük qalacaq. Biz çox faciə gördük, amma beləsi ilk dəfə idi. Dağıntı  böyük ərazini əhatə edirdi. 4 övladım var, ən böyüyün 8, ən kiçiyinin isə 2 yaşı var. Orda çıxardığım körpə cəsədlərin hər birini öz övladım kimi görürdüm, çünki təxminən eyni yaşlarda idilər. O qədər cəsəd çıxarmışdıq ki, canlı insan çıxaranda sevinirdik. Hətta bir yerdə ard-arda 3 canlı insan çıxardıq, sevincimdən  ağladım.

- Son olaraq, əlavə etmək istədiyiniz nəsə varmı?

- Demək istəyirəm ki, cənab prezident və cənab nazirimizə minnətdaram ki, belə məsuliyyətli işlərdə şəxsən iştirak edirik. Bu zəlzələdə gizirindən generalına qədər hər kəs əllərindən gəldiyi qədər dağıntıların altından insanları xilas etmədə çalışırdılar. Bu sahədə FHN-nin Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılovun, eləcə də FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik-leytenant Məmməd Xəlillinin də rolları danılmazdır. Onlar bizi bir an belə tək qoymadı, dəfələrlə dincəlmələri üçün xahişlər etdik amma onlar onlar dincəlmək yerinə daha çox insan xilas etsinlər deyə, daha çox işləməyə üstün tuturdular. İnanın, hətta xilasedicilər üçün həyatı riski daha yüksək olan dağıntılardan belə xeyli sayda insanı sağ çıxarmağa nail olduq. Son olaraq Azərbaycanla Türkiyə çətin günlərin sınağından üzüağ çıxmış iki dost və qardaş ölkədir. İkinci Qarabağ savaşı, Türkiyədə baş vermiş meşə yanğınları, Van zəlzələsi, elə Kahramanmaraş daxil olmaqla 10 şəhərdə baş verən zəlzələ də bunların əyani sübutudur. Allah bir də fəlakətlər yaşatmasın amma istənilən vəziyyətdə biz FHN əməkdaşları hər zaman hazırıq.

# 2223
avatar

Oxşar yazılar