Özlərini partlatmaq istəyən kəşfiyyatçılar necə xilas edildi? - REPORTAJ
12 dekabr 2020 11:00 (UTC +04:00)

Özlərini partlatmaq istəyən kəşfiyyatçılar necə xilas edildi? - REPORTAJ

Məmmədovlar ailəsi Ağdamın Zəngişalı kəndində yaşayır. Ailədə böyüyən 3 oğuldan 2-si Vətən Müharibəsinin iştirakçısıdır.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, evin ortancıl oğlu İlham Məmmədov Mehman oğlunun sonuncu döyüşü Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu yüksəkliyin ermənidən azad edilməsi uğrunda olub. Tapşırığa əsasən, İlhamın xidmət apardığı xüsusi kəşfiyyat dəstəsi yüksəkliyi almalı, qardaşı Zahirin xidmət etdiyi bölük isə o yüksəkliyi qoruyub saxlamalı idi.

İlham və döyüşçü yoldaşları ilə birlikdə cəbhəni yararaq hücuma keçir. Qısa müddət ərzində 100-dən artıq düşməni məhv edərək, 21 hərbi mövqeni ermənilərdən təmizləyirlər. Həmin döyüşdə İlham həmkəndlisi və 4 illik döyüş yoldaşı Orxanla birlikdə yaralanır. Bu döyüşdə yaralanan 10 nəfərədək döyüşçü bir araya toplanır. Kəşfiyyatçı dostlar bir tərəfdən döyüşün gedişatına mane olmamaq, yəni döyüşən hərbçilərə yük olmamaq, digər tərəfdənsə düşmən əlinə keçməmək üçün özlərini partlatmaq qərarına gəlirlər: “Mühasirədən bizi ehtiyat qruplarımız - bölük komandirimiz, baş leytenant Elman Əzizli, bir də kəşfiyyat rəisimiz mayor Riad Paşayev yaxşı şücaət göstərərək köməklik elədi. Yaralı idik, özümüzü partlatmaq istəyirdik, bizi kəşfiyyat rəisi qoymadı, dedi ki, mən sizi çıxardacam. Əsir düşməyək, ələ keçməyək deyə özümüzü partladırdıq. Düşmən o qədər yaxınlaşmışdı bizə. Demək olar ki, 10 nəfərin hamısı o qərara gəlmişdi. 38-ə yaxın qəlpə yarası almışdım qolumdan. Bir qolum üstə idim, dişimlə F-1-i çəkirdim ki, partladam. Rəis böyrümüzdə idi, özü də yaralanmışdı. Arxadan məni vurdu, F-1-i götürüb tulladı, partladı”.

Qazi Orxan Abdullayevin dediyinə görə, öndə və arxada vuruşan dəstələr birləşərək, Mübariz İbrahimovun şəhid olduğu postu azad edir, yaralıları isə döyüş meydanından çıxarırlar: “Eyni qrupda xidmət edirik, yəni döyüşə də eyni girdik, eyni tapşırıq aldıq. Eyni zamanda yaralandıq, eyni zamanda xəstəxanaya da eyni getdik, müalicəni eyni aldıq. VISPIŞKA: Orda hər kəs özünü partlatmaq istəyirdi. Əsir düşməkdənsə, partlatmaq yaxşı idi. Şükür bu günə, yaşayırıq. Yaralandıq, yaralarımız sağaldı. Təki Vətən sağ olsun!”

Qazinin atası Mehman Məmmədovun sözlərinə görə, İlhamın ağır yaralandığını görən qardaşı Zahir dəstəsi ilə döyüşə girərək, qardaşını və onun yaralı dostlarını xilas etməyə çalışır. Zahir qardaşının öldüyünü düşünərək, atasına xəbər göndərir ki, qardaşı İlham şəhid oldu. Əgər xəbər çıxmasa, onları Mübarizin şəhid olduğu ərazidə axtarsınlar: “Kiçik oğlumun şəhid xəbəri gəlmişdi, böyük oğlumun gözü qarşısında vurulmuşdu. Çox ağır xəbər idi o xəbəri eşitmək. VSPIŞKA Sonradan xəbər gəldi ki, şəhid olmayıb, yaralıdır, mühasirədə qalıblar, ordumuz çalışır onları mühasirədən çıxarmaq üçün. Əllərindən gələn qədər çalışıblar. Birinci Naftalan şəhərinə xəstəxanaya gətirilib, daha sonra Göyçay rayonuna göndərilib. 20 gün orada müalicəsini davam etdi. Və ermənilərin vurduğu qəlpədən hazırda ağciyərində bir dənəsi var. Bu gün Ali Baş Komandan İlham Əliyevlə qürur duyuram ki, o, 44 gün müddətinə Azərbaycan torpaqlarını azad etdi”.

İlham Məmmədovun anası oğlu ilə qürur duyduğunu bildirib: “Hər dəfə zəng vuranda deyirdim, İlham, döyüş necə gedir, deyirdi ki, ana, hər şey yaxşıdır. İlham yaralananda danışdım, o zaman dedi, ana, az qalıb, müharibə qurtaracaq, ermənilər ölür hamısı. Fəxr edirəm ki, 3 oğul böyütmüşəm Vətən üçün. İkisi döyüşlərdə iştirak etdi, biri isə çağırışçı idi. Biri yaralandı, biri isə bu dəqiqə də Ağdamda xidmət aparır”.

Ədalət Məmmədov bu hərbçi qardaşların üçünün də həm əmisi, həm də müəllimi olub: “Demək olar ki, sevincimin həddi-hüdudu yox idi. Ona görə ki, həm torpaqlarımız azad olunurdu, həm də mənim öz yetirmələrim həmin torpaqlarda döyüşüb ermənilərə qan uddururdular. Bir tərəfdən də kədərlənirdim ki, mənim öz yetirmələrim şəhid olurdu, yaralanırdı”.

Qeyd edək ki, Birinci Qarabağ döyüşləri zamanı, 1993-cü il iyununda dünyaya gələn ailənin böyük oğlu Zahir hazırda da Vətənə xidmətini davam etdirir.

# 7671
avatar

Oxşar yazılar