“Övladı doğulandan 1 saat sonra onu dəfn etdik” - Mina qurbanının HƏYAT HEKAYƏSİ
04 aprel 2024 13:31 (UTC +04:00)

“Övladı doğulandan 1 saat sonra onu dəfn etdik” - Mina qurbanının HƏYAT HEKAYƏSİ

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. 

Lent.az Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə mina qurbanının ailəsindən hazırlanan reportajı təqdim edir:

Uzun illərdir ki, minalar və müharibənin partlayıcı qalıqları (MPQ) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində yaşayan insanların həyatına təhlükə törədir. 2020-ci ilin payız döyüşlərindən etibarən mülki əhali arasında mina qurbanlarının sayı artmaqdadır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 2020-ci ilin noyabr ayından 2024-cü ilin mart ayınadək təxminən 346 nəfər mina və MPQ ilə bağlı faciələrin qurbanı olub. Təəssüf ki, bu təhlükəli partlayıcılardan zərər çəkənlərin sayı dayanmadan artır.

İsrayil və Amid Həsənovlar 2023-cü il martın 15-də Ağdam rayonunun Yusifcanlı kəndində minaya düşərək həlak olublar.

İsrayilin atası danışır:

Bayram ərəfəsi axşamüstü idi, bizim uşaq əmisi oğlu ilə birlikdə kənddəki evimizə baxmağa getmişdilər. Elə oradaca minaya düşərək hər ikisi həyatını itirdi. Bu elə bir faciədir ki, dözülməz işdir

Amid və İsrayilin hekayəsi bu səssiz qatillərin davamlı təhlükə mənbəyi olduğunu faciəvi şəkildə xatırladır.

İsrayil və onun qohumu Amidin azad edilmiş doğma kəndlərinə səfəri sevincli hadisə olmalı idi, lakin, düşdükləri mina onların bu səfərini faciəyə çevirdi, bir göz qırpımında onların həyatına son qoydu. Dost-tanışı sarsıdan və kədərləndirən bu hadisə özündən sonra yeri doldurulmayacaq boşluq buraxdı.

İsrayilin həyat yoldaşı Fəridə kövrələrək belə belə deyir:

Yatmaq istəyirdim, lakin yuxuya gedə  bilmirdim. Üstümü açdım. Birdən qəribə bir hiss gəldi mənə. Sonra qayınanam gəldi dedi ki, İsrayilə zəng edirik, telefonu açmır”.

O gün baş verənlər dərin kədər və ümidsizlik hekayəsidir. İsrailin hamilə həyat yoldaşı Fəridə gözü yolda ərinin qayıtmasını gözləyirdi, amma ondan heç bir xəbər ala bilmirdi. Pis bir şeyin baş verdiyini hiss edirdi, qorxurdu. Saatlar keçdikcə və İsrayildən səs-soraq olmadıqca daha da təlaşlandı və nəhayət acı həqiqət ona aydın oldu. Partlayışdan sonra ANAMA əməkdaşları əraziyə daxil olaraq meyitləri çıxardı. İsrayilin doğulmamış övladını görmək ümidi puç oldu, kədərdən sarsılmış Fəridə isə üç uşaqla tək qaldı.

Həyat yoldaşı deyir ki, övladı doğulandan 1 saat sonra İsrayili torpağa tapşırdılar:

16-sı axşam tapıldı. Elə tabutun yanında ağrılarım başladı. 17-si səhər 10-da mənim uşağım dünyaya gəldi, 11-də də onu basdırdılar”.

Fəridənin danışdıqları münaqişənin, silahlarla çirklənmənin insanların həyatında necə dərin izlər buraxdığını göstərir. Həyatını itirmiş hər insandan geriyə yarımçıq ailə qalır. Xəsarət almış hər insan həyatını yenidən qurmağın və yenidən cəmiyyətdə öz yerini tapmağın əziyyətini çəkir.

Bunu ancaq yaşayanlar bilər. Qıraqdan baxan deyə bilər ki, “Heç nə olmaz, bu gün gedək qayıdacağıq”. Amma getmək var, qayıtmaq yoxdur. Getməyin o ərazilərə. Sevdiklərinizi gözünüzün qabağına alın,” - Fəridə çarəsizliklə deyir.

Minaların açdığı bağlanmayan yaralar insanları gözüxoflu və nabələd edir. İsrayil və Amid Həsənovların başına gələn faciə münaqişə bitdikdən xeyli sonra minaların yaratdığı təhlükənin əyani sübutudur. Bu gizli təhlükə insanların həyatını almağa və icmaları məhv etməyə, onları kədər və təhlükə dolu bir yerə çevirməyə davam edir. Belə faciələrin qarşısını mümkün qədər almaq üçün BQXK, Silahlarla çirklənmiş ərazilərlə bağlı iş proqramı çərçivəsində münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan insanlar arasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə minalar və MPQ-lərin yaratdığı təhlükələr barədə məlumatlılığın artırılması üçün fəaliyyətlər həyata keçirir. Belə ki, proramın başlanmasından etibarən 36,000-dən çox insana (2023-cü il ərzində 13,000 nəfərə) bu istiqamətdə həyat xilasdedici məlumatlar çatdırılmış, eyni zamanda daha təhlükəsiz davranış haqqında mesajlar ötürülmüşdür.

# 5823
avatar

Oxşar yazılar