Böyük Britaniyada yaşayan 58 yaşlı Saymon Protero nəhayət ki, illərlə axtardığı ailəsini tapıb. Lakin bu tapıntı ona gözlədiyi sevinc əvəzinə, sarsıdıcı bir gerçəklik gətirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, anası onunla görüşmək istəməyi bvə səbəbini izah etməyib.
Körpə ikən tərk edilib
Saymon Protero Uelsin Nit şəhərində uşaq evinin yaxınlığında tualetin yanında tapılıb. Körpə ikən kim tərəfindən və nə səbəbdən atıldığını bilmədən böyüyüb. Tezliklə onu mehriban bir ailə övladlığa götürüb və Saymon uşaq evindən cəmi 16 kilometr uzaqda yerləşən kənddə böyüyüb.
9 yaşında valideynləri ona ögey olduğunu və tapıldığını açıqlayıb. Saymon bildirir ki, uşaqlığı xoşbəxt keçib və valideynlərinə daim minnətdardır.
Arvadının arzusu ilə ailəsini axtarıb
Saymonun həyat yoldaşı, xərçəng xəstəliyindən vəfat etməmişdən əvvəl, ona itirilmiş ailə üzvlərini tapmaq üçün televiziyaya müraciət etməyi tövsiyə edib. Onun vəfatından sonra Saymon arvadının arzusunu reallaşdırmaq üçün genetik araşdırmalara başlayıb. Heç bir sənədi olmasa da, aparılan DNA testi nəticəsində onun bioloji anası müəyyən edilib.
Ana ilə ilk söhbət: qorxu və rədd
Artıq 80 yaşını keçmiş olan Saymonun anası, onu gənc, subay və ailəsiz olduğu dövrdə dünyaya gətirib. Onun ailədən, cəmiyyətdən dəstək almadığı məlum olub. Lakin ana bu qədər ildən sonra belə keçmişlə üzləşməyə hazır deyilmiş.
Saymonun düşündüyünün əksinə, anası Nit şəhərindən deyil, Şimali Uelsdəndir və körpəni oraya necə qoyduğunu xatırlamır.
İlk əlaqə zamanı qadının verdiyi sual dəhşətli dərəcədə təsirləndiricidir: “Mən bu işə görə cəzalandırılacağam? ”Komanda ona bunun mümkün olmadığını izah etsə də, o oğluyla görüşmək istəmədiyini bildirib.
İlk dəfə öz körpə şəklini görüb
DNA araşdırma qrupu eyni zamanda Saymona ilk dəfə körpə şəkilini təqdim edib. Uşaqlıq dövrünə dair heç bir vizual yaddaşı olmayan kişi, ilk dəfə özünü körpə kimi görməyin emosional təəssüratını yaşayıb.
Yeni tapdığı qohumlarla görüş
Saymon eyni zamanda bioloji qohumu olan Noel və onun ailəsi ilə tanış olub. Atası haqqında hələlik heç bir məlumat əldə etmək mümkün olmayıb. Buna baxmayaraq, Saymon ümidini itirmir:
“Hiss edirəm ki, bir gün anamla danışa biləcəyəm”, - deyir.