İki şəhər və bir rayonda icbari tibbi sığortanın tətbiqi başlayır
29 mart 2021 16:23 (UTC +04:00)

İki şəhər və bir rayonda icbari tibbi sığortanın tətbiqi başlayır

Aprelin 1-dən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər. Bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.  

İcbari Tibbi Sığortadan Lent.az-a verilən məlumata görə, beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək

 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması ilə əlaqədar İşçi Qrupunun üzvü, Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun sözlərinə görə, səhiyyənin maliyyə imkanlarının  artırılmasına xidmət edən icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tibb müəssisələrində təkmilləşdirilmə işləri aparılır:

“Bu məqsədlə xəstəxanaların stasionar şöbələrində ambulator-poliklinik xidmət göstərən heyətin poliklinikalara köçürülməsi işləri icra olunur. Bu əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”.

A.İsmayılov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.

İcbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir. Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2517
avatar

Nigar Adil

Oxşar yazılar