İcra nümayəndəsi 14 yaşlı qızın ərə verilməsindən DANIŞDI  - YENİLƏNİB
04 noyabr 2022 17:02 (UTC +04:00)

İcra nümayəndəsi 14 yaşlı qızın ərə verilməsindən DANIŞDI - YENİLƏNİB

Bu gün Göyçay rayonunun Çərəkə kəndində 14 yaşlı yeniyetmə qızın ərə verilməsi ilə bağlı bir neçə məqam ortaya çıxıb.

Bu barədə məlumatı Lent.az-a kəndin icra nümayəndəsi Tehran Adıgözəlov deyib.

Belə ki, 2007-ci il təvəllüdlü Fidan Rəşid qızı Əzizovanın toyu yox, nişanı imiş:

"Bizə gələn məlumat əsasında həmin evə gedib yoxlama apardıq. Bu gün toy yox, nişan imiş. Ağsu rayonundan olan 26 yaşlı oğlanla ailələr arasında üzük taxacaqdılar. Toyu isə qızın 18 yaşı tamam olanda etməyi düşünürlər. Eyni zamanda, qız bu il yox, keçən il, yəni 9-cu sinifdə məktəbdən çıxarılıb. 

Hər iki valideyn polis şöbəsinə çağırılıb, söhbət aparılıb. Hazırda nişan ləğv olunub".

İcra nümayəndəsi onun barəsində yayılan məlumatlara da aydınlıq gətirib:

"Mən kirayə qab-qacaq verənə oxşayıram? Yayılan məlumatlar yalandı. Həqiqəti əks etdirmir. Mənim də məsələdən bu gün xəbərim olub".

***

14:30

Göyçayda 14 yaşlı qızlarını zorla ərə verən valideynlər polisə dəvət olunub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov məlumat verib. Onun sözlərinə görə, qızın valideynləri polis şöbəsinə çağırılıb. Hazırda onlar şöbədə dindirilir.

Araşdırma davam edir.

Əldə etdiyimiz məlumata görə isə yeniyetmə qız 9-cu sinifdən məktəbdən çıxarılıb.

***

13:49

Azərbaycanda 14 yaşlı qız məcburi ərə verilir. 

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Göyçay rayon Çərəkə kəndində 14 yaşlı qız ailəsi tərəfindən məcbur evləndirilir. Artıq toyun keçirilməsi üçün icra nümayəndəsi tərəfindən qab-qacaq da verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Lent.az-a açıqlamasında hadisədən məlumatlı olduqlarını bildirib:

“Göyçay rayon Polis Şöbəsi tərəfindən aidiyyatı qurumlara da məlumat verilib. Hazırda məsələ ilə bağlı lazımi tədbirlər görülür”.

Qeyd edək ki, qızın ad, soyadı şərti olaraq verilmir. 

# 8826
avatar

Fidan İlqar

Oxşar yazılar