Əyləncə məqsədilə təcili yardıma zəng vuranları hansı cəza GÖZLƏYİR?
20 may 2022 13:29 (UTC +04:00)

Əyləncə məqsədilə təcili yardıma zəng vuranları hansı cəza GÖZLƏYİR?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu təcili tibbi yardımın zəng mərkəzinə yalan məlumat verənlərlə bağlıdır.

Dəfələrlə sosial şəbəkələrdə xüsusən yeniyetmələrin təcili tibbi yardıma zəng vurub zarafat etməsi barədə məlumatlar dolaşıb. Bəziləri səhhətlərində heç bir problem olmadığı halda təəssüf ki, əyləncə məqsədilə bu xidmətə zəng vurur. Hətta bu gün də mövzu üzrə bir hadisə barədə mediada və sosial şəbəkələrdə xəbərlər yayıldı. Belə ki, gənclər təcili yardıma zəng edərək, “dostum siqareti ciyərinə çəkdiyi üçün ürəyi gedib yıxılıb” deyə, operatorla zarafat etmək istəyiblər. Bu zaman operator onlara irad tutub. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyicilərin qınağına səbəb olub.

Bəs görək, təcili tibbi yardıma zəng edib əylənmək istəyənləri hansı cəza gözləyir?

Rubrikamızın sualını Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, bilə-bilə yalan təcili yardım çağırışı verilməsi məsuliyyət yaradır:

“Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır. Bu olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz. Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. 

İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə tətbiq edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3732
avatar

Mehman Nəbiyev

Oxşar yazılar