Ehtiyacı olan çox insan sadəcə öz hüquqlarını bilmədiyi üçün sosial problemlərlə üzləşir
11 noyabr 2023 17:29 (UTC +04:00)

Ehtiyacı olan çox insan sadəcə öz hüquqlarını bilmədiyi üçün sosial problemlərlə üzləşir

Küçəmizdə bir qaçqın ailəsi yaşayır. Uzun illərdir dövlətin verdiyi təminatla və qoyun-quzu alış-verişi ilə dolanırdılar. Əlbəttə ki, çatışmazlıqlar var idi. Ailə başçısını itirdikdən sonra vəziyyət gərgin hala düşdü. İki qızı və bir azyaşlı oğlu ilə yaşayan Kəmalə xanım ailənin ayaqda dura bilməsi üçün çarələr axtarmağa başlamışdı. Dəfələrlə  mənimlə görüşüb məsləhətlər alır, hara  və necə müraciət edə biləcəyinə dair fikir öyrənirdi. Əslində ona qoşularaq araşdırmalar apararkən elə mən də aztəminatlı ailələr üçün hansı çıxış yolların olması, dövlətin və qeyri-hökumət təşkilatlarının yardım proqramları barədə xeyli məlumat əldə etdim. Təbii ki, bildiklərim barədə ona da məlumat verdim.

Bu günlərdə Kəmalə xanımla yenidən görüş məni sözün həqiqi mənasında təəccübləndirdi. “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” layihəsi çərçivəsində sənət öyrənməyə başlayıb, əlindən bir az dərzilik gəlirdi, onu təkmilləşdirmək üçün peşə məktəbinə yazılıb, layihə çərçivəsində dövlətdən dəstək alıb, həyətində kiçik bir atelye qurub. Tikiş maşınları və lazım olan digər avadanlıqları dövlət təmin edib və qadın indi öz işini qurub. Sosial şəbəkələr vasitəsilə öz reklamını apara-apara işini xeyli irəlilədib. Kəmalə xanımın 43 yaşı var. Bu yaşda peşə məktəbinə gedib diplom əldə etməyə səy göstərir. Onun kimi peşə məktəbinə gedib, sənət əldə etmək istəyən qadınların sayı çoxdur. Bu sevindirici haldır.

Azərbaycanda əslində əhalinin bütün təbəqələrindən olan insanların hüquqları təmin edilir. Problem bundadır ki, çoxları öz hüquqlarını bilmədikləri üçün yanlış ünvanlara müraciət edib, bir dəfə yox cavabı aldıqdan sonra ümidlərini üzüb köməksiz olduqlarını düşünür, yeni cəhdlər etmirlər.

Digər qəhrəmanımız  Lalə Ağamalıyevanın 54 yaşı var.  Qızı Çinarə Ağamalıyeva övladını dünyaya gətirdikdən sonra onurğasında yaranmış problemlər səbəbi ilə yatağa məhkum olunub. Ailəsi dağılıb. Aparılan tibbi araşdırmalar nəticəsində məlum olub ki, Çinarəyə ana olmaq olmazmış. Ömrünü bundan sonra ən yaxı halda əlil arabasında keçirəcək.  Lalə xanım işindən ayrılıb qızına və yeni doğulan körpəyə  baxmaq məcburiyyətində qalıb. Təbii ki, maddi sıxıntılarla üzləşib. Nəhayət çarə yolu tapıb. Qızının baxıcısı olaraq dövlətdən təminat almaq ideyası ağlına gəlib. Əslində bütün sivil ölkələrdə bu praktika geniş yayılıb. Ailədə olan əqli və fiziki məhdudiyyətli şəxlsələr baxan doğmaları dövlətdən maaş alırlar. Həm xəstə yad adama möhtaz qalmır, həm ona baxan ailə üzvü maddi təminatsız yaşamır.

Dövlət Sosial Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edən Lalə xanımın şikayətinə baxılıb və istəyi təmin olunub. 

Yenə qeyd edirəm, ölkədə əslində insan haqlarının təmini ilə bağlı işlək qanunlar var. Sadəcə bu qanunlar barədə xəbərsiz olan insanların maariflənməsinə də böyük ehtiyac duyulur. Bölgələrdə aztəminatlı ailələr, əlilliyi olan şəxslər, qadınlar və digər həssas vəziyyətdə olan şəxslərin sosial müdafiə proqramları ilə bağlı məlumatlara və hüquqi yardıma əl çatanlığın artırılması məqsədilə davamlı layihələr həyata keçirilməli, QHT-lərin fəallığı artırılmalıdır.  Tez –tez təlimlər təşkil olunmalı,  bölgə insanları insan hüquqları mexanizmlərindən istifadə imkanları  və şikayət prosedurları ilə tanış edilməlidirlər. 

Bu kimi tədbirlər müntəzəm xarakter daşımalı, həssas qruplardan olan insanların məlumatlandırılması üçün təlimlərə onların özlərinin, ailə üzvlərinin cəlb edilməsinə çalışılmalıdır. Bu sahə ilə məşğul olan QHT nümayəndələri bələdiyyələrlə iş qurub aztəminatlı və həssas ailələrlə xüsusi iş aparmalı, lazım gələrsə evlərinə qədər getməlidirlər. Axı çox zaman təlimlər belə insanlara yox,  buna ehtiyacı olmayan şəxslərə keçirilir və nəticələr də sadəcə kağız üzərində qalır. Bu mənada əl çatanlığın təmin edilməli, lazım gələrsə ev- ev gəzilməli, sorğu keçirilməlidir.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması, onların tək olmadığını anlamaları üçün iş aparılması sosial müdafiə siyasətinin əsas vəzifələrindən biridir. Bu uğurda yarışa girsək humanitar siyasətimizdə böyük uğurlara nail olacağıq.

 

“Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur.  Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.

# 1710
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar