Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA
04 iyun 2025 14:12 (UTC +04:00)

Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

Təlim-tərbiyə müəssisələrində “tərbiyəsizlik”lər, uşaqlara humanizm öyrədiləcəyi yaşda şiddətin göstərilməsi, təkcə azyaşlıları yox, onların valideynini də nigaranlıq və qorxu içində qoyur.

Bəs doğru bağça seçimi necə edilməlidir? Özəl yaxud dövlət bağçası şiddətin 0-a enməsində rol oynayırmı?

Psixoloq Aydan Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, bağçada görülən şiddət uşaqların güvən duyğusuna böyük zərbə vurur:

“Bağçalarda uşaqlara qarşı şiddət təkcə uşağa yox, onun valideyninə və yoldaşlarına da psixoloji cəhətdən mənfi təsir edir. 

Uşaqların ilk sosial təcrübəsi bağça şəraitində olduğundan burada baş verən bütün davranışlar onların güvən duyğusuna, özünə və insanlara olan münasibətlərinə ciddi zərbələr vurur. 

Şiddətə məruz qalan uşaqda qorxulara, özgüvənsizliyə, assosiallığa, daxili aqressiyaya, özünə qapanmaya, gecə kabuslarına rast gəlmək olur.   

Bağçanın təhlükəsizliyi əsas prioritetdir

İstər bağçaya, istərsə də digər xidməti qurumlara müraciət zamanı ilk növbədə oranın təhlükəsizliyi araşdırılmalıdır. 

Bağça seçimi zamanı müəllimin peşəkarlığı, psixoloji vəziyyəti araşdırılmalıdır

Bağçada çalışan müəllimlər arasında pedaqogika üzrə təhsil alanlar var. Doğrudur, onlara da psixologiyaya aid fənlər tədris olunur, lakin bu dərsləri hər kəs dinləyirmi? Psixologiyanı hər kəs önəmsəyirmi? Məsələnin bu hissəsi önəmlidir. Fikrimcə, artıq pedaqoqlarla psixoloji hazırlıq aparılmalıdır. 

Bağça seçərkən onun digərlərindən fərqini bilmək lazımdır

Təhsil müəssisəsi seçimində onun digərlərindən hansı üstün cəhətinin olub-olmamasını araşdırmaq lazımdır. Sual verilməlidir ki, “Mən nəyə görə bu bağçanı seçirəm?, Bura övladıma nə qazandıracaq?”. Məktəbəqədər təhsil müəssisəsi seçimində orada övladı təlim-tərbiyə alan valideynlərin də bağça barədə təəssüratlarını öyrənmək lazımdır. 

Valideyn müəllimlərlə daimi əlaqədə olmalıdır

Ana və ata müəllimlərlə daim əlaqədə olmalı, onlar bir növ əməkdaş kimi danışmalıdırlar. Bu, şəffaflıq baxımından da faydalı addımdır.

Nəzarət kameraları ilə təchiz olunan bağçaları seçmək

Bəzi məktəbəqədər təhsil müəssisələrində nəzarət kameraları olmur. Halbuki kameraların olması oraya nəzarətin də güclü olduğuna işarədir. 

Uşaqlarla emosional ünsiyyəti qorumaq lazımdır

Bağça uşaqların ilk sosial təcrübə yeridir. Buna görə də bağçaya gedən uşaqla mütləq emosional ünsiyyət saxlanılmalıdır. 

Uşaq evə gələndə valideyn tərəfindən dinlənilməli, anlaşılmalıdır ki, hansısa narahatlığı, şikayəti olanda müəllimə deməkdən çəkinəsin. 

Müəllimə ikinci valideyn deyilməsinin səbəbi də məhz budur. 

Valideyn övladını diqqətlə müşahidə etməli, davranışlarında hər hansısa dəyişikliklər hiss etdiyi anda mütəxəssis yardımı almalıdır”,-deyə psixoloq fikrini yekunlaşdırıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar