Daha iki şəhid ailəsi DANIŞDI:   "Bizdən də pul aldılar"
09 iyul 2021 14:07 (UTC +04:00)

Daha iki şəhid ailəsi DANIŞDI: "Bizdən də pul aldılar"

"Oğlumun adıçəkilən yerdə lazım olsa, dilənərəm də, amma ..."

"Bizdən 150 manat istədi, amma 15 manat benzin pulu verdik".

"Günümə 40 manat verəcəkdi, pulumu kəsdi".

Lent.az dünən yayımladığı Vətən Müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı özlərini “media təmsilçiləri” kimi təqdim edən bir qrup şəxsin şəhid ailələrindən ödəniş tələb etmələri ilə bağlı araşdırma aparmağa davam edir:

“Rübabə Vəliyeva mənim oğlumu da çəkmək üçün evimizə gəlib”.

Şəhid Adəm Heydərovun atası İkram Hacıyev deyir bu sözləri. O bildirir ki, bir gün tanımadığı nömrədən zəng gəlib:

Şəhid Adəm Heydərov

“Özünü təqdim etdi və dedi ki, artıq çəkiliş etmək üçün evimizdədir. Mən ona bu barədə heç müraciət etməmişdim. Hadisə təxminən 1 həftə - 10 gün qabaq olub. Evdə, qəbiristanlıqda çəkilişlər bitdikdən sonra dedi ki, çəkiliş 140 manat edir, amma 100 manat versəm kifayətdir. Uşağımın adıçəkilən yerdə başqa nəsə deyə bilmədim və 100 manat verdim. Adəmin adı olan yerdə lap dilənib 10 000 manat da verərəm.

Pulu ona verəndə evdə 30 nəfərə yaxın adam var idi və onlar da bunu gördülər. Sonradan düşündüm ki, torpaqların azad olunmasında iştirak edən, qanı tökülən balamın çəkilişi üçün axı niyə pul verdim? Yenə də deyirəm, onun üçün lap dilənib də pul taparam. Amma doğrudan da başa düşməmişdim olanları. Hərbi formada evimizə gələrək çəkiliş sonunda pul istəməsi heç uyğun gəlmədi. İndi onun bir videosuna baxdım ki, şəhid ailələrindən pul almasını inkar edir. Gəlib pul almadığını mənə desə, onun gözünü çıxardaram”.

“Çəkiliş üçün bizdən 150 manat istədi”.

Bu sözləri isə şəhid Əsəd Həsənovun anası Mələk xanım deyir. O bildirir ki, Rübabə Vəliyeva onların evində də çəkilişdə olub:

şəhid Əsəd Həsənov

“Məndən pul istədiyini eşidən qızım əsəbiləşdi ki, şəhid ailələrindən pul istəmək olmaz. Əslində 150 manat deyəndə, 100 vermək qərarına gəlmişdim. Sonradan ailəliklə qərara gəldik ki, pul verməyək. Çəkilişi isə istəsə versin, istəməsə yox. Bunu deyəndə Rübabə xanım dedi ki, heç olmasa benzin pulu 15 manat verin. Mən də 15 manat verdim.

Əslində bizim evimizdə də, məzarlıqda da çox çəkiliş etmişdi. Bir müddət sonra baxdıq ki, video verilməyib və bircə məzarından foto yayıblar. Çəkilişdən sonra eşitdik ki, onlar şəhid ailələrinin bir çoxundan pul alıblar, buna görə də heç maraqlanmadıq da”.

“Rübabə xanımı iki gün görmüşəm və birlikdə bir neçə kənddə çəkiliş etmişik”

Bu sözləri Qəbələ rayonundakı şəhid ailələrinin bir qismi ilə çəkilişlərdə iştirak edən operator Rüstəm Hacıyev deyir. O bildirir ki, çəkiliş üçün günə 40 manatla razılaşıblar:

“Məndən qabaq çəkilişdə olduqları operatorlar məşğul olduqları üçün mən getdim. Maşın məndən olmaqla bir gün üçün 40 manat pul verəcəyini dedi, amma pulumu kəsdi. Bir gün ara olmaqla iki gün onunla çəkiliş etdik. 80 manat pul verməli olsa da, mənə 50 manat verdi. Onun şəhid ailələrindən pul alması barədə məlumatım yox idi. Sonradan burada dedilər ki, ailələrdən çəkiliş üçün pul istəyib. Məni hamı tanıyır və bilir ki, şəhid ailələri ilə bağlı çəkdiyim videolardan heç kəsdən pul almamışam. Bunu edə bilməzdim də heç. Ancaq Rübabə xanım özünü dövlət kanalı kimi təqdim etdi, mən elə bildim ki, mənim pulumu kanal ona verib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12996
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar