Yaponiyaya səfər etmiş azərbaycanlı pedaqoqlardan biri maraqlı bir hadisə danışmışdı. Konfransdan sonra yapon müəllimlə şəhəri gəzməyə çıxırlar və o ölkənin adət-ənələrindən, təhsil sistemindən söhbət edirlər...
Bizim müəllim deyir ki, Azərbaycanda təhsil günü qeyd edilir, müəllimlərə xüsusi hörmət var. Yapon həmkarı bildirir ki, Yaponiyada müəllimlər bayramı yoxdur. Elə bu məqamda bir marketə daxil olurlar, yapon müəllim xüsusi izzət-ehtiramla qarşılanır.
O, sonra izah edir ki, müəllimlər xüsusi döş nişanına görə tanınırlar, mağaza sahibləri onların gəlişini özlərinə şərəf bilirlər. Müəllimlər üçün isə bütün mallara xüsusi endirimlər tətbiq olunur. Xüsusi ucuz dükanlar fəaliyyət göstərir. Bir sözlə, bu ölkədə müəllimlər üçün hər gün bayramdır.
Sozə sözün hər iki mənasında çox uzaqdan başladım, bilirəm. Lakin bunu qeyd etməsəydim, olmazdı. Azərbaycanda da müəllimlik həmişə şərəfli peşə sayılıb. Amma son illər bu sahə böhran dövrünü yaşayır. Müəllimlər bilmirlər, şagird yetişdirsinlər, yoxsa özlərini. Təhsil ilinin böyük hissəsi imtahan hazırlığı, attestasiya stressi ilə keçir. Hansı məntiqlə 50-60 yaşlı, illərin müəllimi özünü sübut eləmək üçün imtahan verir? Topladığı balların nəticəsinə əsasən, tutaq ki, zərdablı müəllimi Qubaya, qubalını Ağdaşa göndərmək hansı məntiqin nəticəsidir? Əli körpəli xanım müəllim nə üçün stajını, iş yerini itirməmək üçün hər həftə Bakıdan Ucara dərs deməyə getməlidir? Kor bölgü nərticəsində yalnz müəllimlərin deyil, Azərbaycan ailələrinin taleyini dəyişdiklərinin fərqində deyillərmi bu Təhsil Nazirliyindəkilər?
Təhsil Nazirliyi verdiyi diploma inanmırmı ki, müəllimi yenidən imtahanla işə götürür? Peyğəmbərimiz “Qəbr evinə qədər oxuyun” demişdi, imtahan verin deməmişdi, siz, deyəsən, bu tövsiyəni çox hərfi mənada anlamısınız axı.
Hər il məktəbli geyimlərinin dəyişdirilməsi hansı niyyətə xidmət edir? Nə üçün uşaqlar bu qədər repetitor yanına üz tutmalıdırlar? Məktəb yetərli qədər təhsil vermir ki, buna ehtiyac yaranır?
Nə üçün bizim şagirdlərimiz attestatla təhsil almaq üçün xaricə üz tutur, bu sistemi özümüzdə niyə tətbiq etmirik? Həm pulumuz ölkədən çıxmaz, həm tələbənin xərcləri azalar.
Yalan olmasın, Harvarda girmək bizim ali məktəblər girməkdən asandır. Bir ətək pul töküb ali təhsil alan məzunlara niyə heç bir qurumda güvən olmur, təcrübə tələb edirlər. Elə yetişdirin ki, nəticəni görək, inam olsun. Həkimin səhvi bir nəfərin həyatını məhv edir, müəllimlərin səhvi bir nəsli. Müəllimi bu qədər urvatsız eləməyin!
Təhsil nazirimiz Emin Əmrullayev özünü nazirdən çox, blogger kimi aparır. Bu ayrı məsələdir ki, dövlət məmurunun əlçatan olması, vətəndaşla iç-içə olması vacibdir, bu onların vəzifə borcudur (o qədər görməmişik ki, görəndə qəribsəyirik).
Emin Əmrullayev publika qarşısında çıxışları zamanı problemləri sadalamaqla xalq qazanmaqla məşğulduir. Cənab nazir, o problemləri biz də bilirik, siz həllini təqdim edin. Konkret addımlar atın. “Sistem dəyişdirilməlidir” deyirsiniz. Bu sistemdən siz də narazısınız, müəllimlər də. Sistemi kütlə gəlib inqilab eləyərək dəyişəsi deyil ki, bunun üçün siz vəzifələndirilmisiniz.
Dəyişin də. Biz dərdimizi sizə deyirik, siz kimə deyirsiniz?