Bir sətir yazmayan "ən yaxşı yazarlara" - Replika
17 noyabr 2023 12:54 (UTC +04:00)

Bir sətir yazmayan "ən yaxşı yazarlara" - Replika

Bir dəfə bir məclisdə toylarda həm zurna, həm də qarmon çalan bir nəfərlə yanaşı oturmalı oldum. Jurnalist olduğumu biləndə dedi ki, mən də qələm əhliyəm, hətta mükafatlarım da var. Çıxarıb üzərinə press yazılmış kartını göstərdi.

Təəccüblənmədim. Alışmışdım dəfələrlə bərbərin, sünnət dəlləyinin, traktorçunun, taksi sürücülərinin, dumbul çalanın, dəf döyəcləyənin, hətta özünü cəmiyyət içinə soxuşdurub elit müştəri tutmağa çalışan qədim peşə sahiblərinin nə bilim daha kimlərin, kimlərin özünü media işçisi, müxtəlif mükafatların laureatları kimi təqdim etmələrinə. Təqdimatla qalmırlar vəsiqələri də olur.

Bir peşəkar jurnalist heç vaxt qalxıb mən həkiməm, psixoloqam, vəkiləm, hüquqşünasam deməz, amma  özünü cəmiyyətdə sübut etmək istəyən hər kəs rahatlıqla özünə yazıçı, jurnalist adı verə bilir. Hələ son zamanlar sosial şəbəkələrdə çıxıb üzündən çox kentavr arxasına bənzəyən yerlərini göstərək müştəri axtaranlar da özlərinə jurnalist, bloger adını verirlər. Özlərinə ad taxanlar əsl peşə, ad sahiblərinin adını batırmaqla məşğuldurlar. Saxta vəsiqə ilə rayon-rayon , tədbir-tədbir gəzib dilənçilik edən o qədər saxta həmkarımız var ki. Meydana çıxıb sinəsini gərib özünə illərin peşəkarı deyəndə tanımadığın üçün özün xəcalət çəkirsən, amma interneti, qəzetləri ələk- vələk edib bircə sətir yazısına rast gəlmirsən.

Halbuki belə meydangirlər hansısa işbilənin gərəksiz təşkilatının adından 20-30 manata satılan saxta diplomlarla ilin ən yaxşı jurnalisti, ən məhsuldar yazarı, ən ən ən ənləri hesab edilirlər. Evlərinin, ofislərinin rəfləri doludur qızıl qələm, qızıl kitab, qızıl məqalə, qızıl roman, qızıl hekayə, qızıl barmaq adlandırılmış zir-zibil diplomlarla.

Saf adamları aldatmaq üçün yaxşı maskadır. Bu sövdədə udan mükafatı satandır, alan nə qzanır? Olmasaydı sarsaqlar, ac qalardı...

Cəmiyyət doludur özünü yazar, alim, şair, publisist elan eləmiş saxta möhtəşəm və möhtərəmlərlə. Yerindən duran, bir az pulu olan kitab yazır nəşr etdirir.

Cəmiyyət olaraq Dədə Qorquddan gələn ənənəyə çox sadiqik. Ölürük ad verib, ad almaq üçün.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6240
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar